Xəzər Universiteti Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsi və Neft mühəndisliyi departamentinin təşkilatçılığı ilə doktorant Əli Aslanlının 2026-cı il noyabrın 26-da “Qəbuledici funksiyalardan istifadə etməklə passiv seysmik təsvirləmə” mövzusunda seminarı olub.
Məruzəçi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında Fransa Respublikasının Monpelye Universitetində “Geo elmi” ixtisası üzrə doktorantura təhsili alır.
Seminarda təqdim olunan çıxışda zəlzələlərin Yer kürəsinin daxili quruluşunun öyrənilməsindəki əhəmiyyəti vurğulanmışdır. Belə ki, hər bir zəlzələ, hətta minlərlə kilometr uzaqlıqda baş versə belə, Yer kürəsinin dərinliklərində yerləşən və birbaşa müşahidəsi mümkün olmayan geoloji strukturlar haqqında mühüm məlumatlar daşıyır. Passiv seysmik görüntüləmə adlanan bu yanaşma süni enerji mənbələrindən istifadə etmədən, təbii seysmik dalğalar vasitəsilə Yerin daxili quruluşunu öyrənməyə imkan verir.
Bu yanaşmanın əsas üsullarından biri olan qəbuledici funksiya (Receiver Function) metodu müxtəlif elastik xüsusiyyətlərə malik geoloji layların sərhədlərində seysmik dalğaların fiziki davranışına əsaslanır. Uzununa seysmik dalğalar (P-dalğaları) bu sərhədlərə çatdıqda onların enerjisinin bir hissəsi eninə seysmik dalğalara (S-dalğalarına) çevrilir. Müasir siqnal emalı üsulları, xüsusilə seysmik qeydlərin müxtəlif komponentlərinin dekonvolyusiyası vasitəsilə tədqiqatçılar bu çevrilmiş dalğa fazalarını ayırır, onların çatma vaxtlarını, amplitudalarını və polyarlığını təhlil edərək, yeraltı strukturların dərinliyini, həndəsəsini və seysmik xüsusiyyətlərini müəyyənləşdirirlər.
Tibbi tomoqrafiya insan orqanizminin daxili quruluşunu görüntüləməyə imkan verdiyi kimi, qəbuledici funksiya metodu da Yer qabığının və üst mantiyanın daxili quruluşunu görüntüləməyə, Yer qabığının qalınlığını qiymətləndirməyə, əsas geoloji sərhədləri müəyyən etməyə və tektonik deformasiyaları araşdırmağa imkan verir. Əldə olunan nəticələr materiklərin formalaşması və təkamülü, dağəmələgəlmə prosesləri, eləcə də planetimizin geoloji quruluşunu formalaşdıran mürəkkəb dinamik proseslər haqqında mühüm elmi məlumatlar təqdim edir.