Musiqi platformaları, film və serial servisləri, bulud yaddaşı, mobil tətbiqlər və süni intellekt alətlərinə olan abunəliklər ayrı-ayrılıqda kiçik məbləğlər təşkil etsə də, onların ümumi xərci il ərzində ciddi maliyyə yükünə çevrilə bilər. Xüsusilə, avtomatik yenilənən ödənişlər istifadəçilərin xərcləri nəzərdən qaçırmasına səbəb olur.
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev Demokrat.az-a açıqlamasında bildirib ki, istifadəçilərin bir neçə aktiv abunəliyi olduqda aylıq və illik xərclər əhəmiyyətli dərəcədə arta bilər. Azərbaycanda 5 abunəliyin aylıq ümumi dəyəri təxminən 50–75 manat, 8–10 abunəliyin isə illik xərci 1200–2000 manata çata bilər.
Mütəxəssis qeyd edib ki, avtomatik yenilənmə, pulsuz sınaq müddətinin bitməsi, qiymət artımlarının diqqətdən kənarda qalması və ödənişlərin bank çıxarışlarında ümumi platforma adı ilə göstərilməsi abunəlik xərclərinin unudulmasına şərait yaradır. Xarici xidmətlər üzrə dollarla hesablaşmalar zamanı bank konversiya komissiyaları da əlavə xərc yarada bilər.
Fərid Musayev abunəliklərə nəzarət üçün son 3–6 ayın bank çıxarışlarının yoxlanılmasını, Apple ID və Google Play hesablarında aktiv abunəliklərin nəzərdən keçirilməsini, həmçinin, təkrarlanan ödənişlərin izlənilməsini tövsiyə edib. O, gözlənilməz tutulmaların qarşısını almaq üçün virtual kartlardan və aylıq limitlərdən istifadə etməyin faydalı olduğunu vurğulayıb.
Mütəxəssis əlavə edib ki, pulsuz sınaq müddətindən istifadə edən şəxslər qeydiyyatdan dərhal sonra avtomatik yenilənməni ləğv etməli, abunəliklərin yenilənmə tarixindən 2–3 gün əvvəl xatırlatma yaratmalıdırlar. Bu sadə tədbirlər istifadə olunmayan xidmətlərə görə əlavə ödənişlərin qarşısını almağa və şəxsi büdcəyə daha effektiv nəzarət etməyə imkan verir.
Mənbə: Demokrat.az