Xəzər Universitetinin Təhsil departamentinin və Kitabxana- İnformasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin Təhsil menecmenti və Təhsil nəzəriyyəsi və tarixi ixtisasları üzrə təhsil alan 1-ci və 2-ci kurs tələbələri üçün Kitabxana sessiyaları təşkil olunub. Sessiyalar 2026-cı il 29 oktyabrda və 23 noyabrda iki mərhələdə keçirilib.
Sessiyaların məqsədi tələbələri kitabxananın imkanları ilə tanış etmək, akademik informasiya resurslarından səmərəli istifadə bacarıqlarını artırmaq və onların tədqiqat fəaliyyətinə dəstək göstərmək olub.
Tədbirlərdə Xəzər Universiteti Kitabxana- İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli və İnformasiya xidmətləri bölməsinin müdiri Samirə Orucova çıxış ediblər. Onlar tələbələrə Kitabxana -İnformasiya Mərkəzinin fəaliyyəti, təqdim etdiyi xidmətlər, kitab fondu və istifadə qaydaları barədə ətraflı məlumat veriblər.
Sessiyalarda xüsusi diqqət elektron resurslara və elmi məlumat bazalarına yönəlib. Tələbələrə Xəzər Universitetinin abunəçisi olduğu databazalar təqdim olunub. Bu resurslarda axtarış aparmaq, mövzuya uyğun elmi məqalə və mənbələri tapmaq, onlardan tədris və tədqiqat işlərində istifadə etmək qaydaları praktiki nümunələrlə göstərilib.
Sessiyaların sonunda tələbələr onları maraqlandıran sualları ünvanlayıb və ətraflı cavablar alıblar.
Qeyd edək ki, bu cür sessiyalar tələbələrin informasiya savadlılığının artırılmasına, müstəqil öyrənmə və tədqiqat bacarıqlarının inkişafına xidmət edir.