Xəzər Universitetinin İqtisadiyyat və menecment departamenti və Azərbaycan Respublikası Mərkəzi Bankının birgə təşkilatçılığı ilə 2026-cı il 13- 15 oktyabr aralığında “Maliyyə texnologiyaları və rəqəmsal transformasiya” mövzusunda praktiki təlim proqramı keçirilib.
Üç gün davam edən proqramda Xəzər Universitetinin İqtisadiyyat və menecment, eləcə də Təbiət elmləri və mühəndislik fakültələrini təmsil edən ümumilikdə 38 tələbə iştirak edib.
Təlim proqramı çərçivəsində Mərkəzi Bankın nümayəndələri tərəfindən “Rəqəmlərlə iqtisadiyyatın idarə edilməsi”, “Rəqəmsal maliyyə məhsulları”, “Ödəniş sistemləri və innovasiyalar”, “Məlumatların idarə edilməsi” və “Virtual aktivlərin tənzimlənməsi” mövzularında təqdimatlar keçirilib. İştirakçılara rəqəmsal maliyyə ekosistemində baş verən yeniliklər, müasir çağırışlar, innovativ həllər və bu sahədə tətbiq olunan yanaşmalar barədə nəzəri və praktiki biliklər təqdim olunub.
İnteraktiv formatda təşkil edilən sessiyalarda tələbələr mövzular ətrafında müzakirələr aparıb, suallarını ünvanlayıb və real nümunələr əsasında biliklərini genişləndirmək imkanı əldə ediblər. Proqramın praktiki hissəsində iştirakçılar komandalar şəklində layihələr üzərində çalışaraq, innovativ maliyyə məhsulları və rəqəmsal həll konsepsiyaları hazırlayıb, öz ideyalarını təqdim ediblər. Ən yüksək nəticə göstərən komandalar mükafatlandırılıb.
Təlim proqramının yekun tədbiri 30 oktyabr 2026-cı il oktyabrın 30- da Xəzər Universitetinin Mərmər zalında keçirilib. Bağlanış mərasimində proqramı uğurla tamamlayan tələbələrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən sertifikatlar təqdim olunub.
Bu təşəbbüs rəqəmsal maliyyə texnologiyaları sahəsində tələbələrin bilik və bacarıqlarının inkişafına, innovativ düşüncə tərzinin təşviqinə, eləcə də ali təhsil müəssisəsi ilə maliyyə sektoru arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.