2026-cı il iyulun 12-də Yaşıl Teatrda Xəzər Universitetinin 55-ci məzunluq mərasimi keçirildi. Tədbirdə universitetin rəhbərliyi, Elmi Şuranın üzvləri, fakültə dekanları, departament müdirləri, müəllimlər, tələbələr, valideynlər, məzunlar və çoxsaylı qonaqlar iştirak edirdilər. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
Builki məzunluq mərasimi Xəzər Universitetinin yaranmasının 35 illik yubileyi ilə əlamətdar oldu. Tədbirdə qeyd edildi ki, 1991-ci ildə Azərbaycanın ilk ingilisdilli özəl ali təhsil müəssisəsi kimi fəaliyyətə başlayan Xəzər Universiteti cəmi 19 tələbə ilə təhsil həyatına qədəm qoysa da, bu gün 6 fakültədə 5000-dən çox tələbənin təhsil aldığı nüfuzlu ali təhsil ocağına çevrilib. Bu il universiteti 945 tələbə bitirərək, məzun adını qazanıb.
Çıxışlarda vurğulandı ki, “Xəzər” akademik azadlıq, institusional müstəqillik və beynəlxalq əməkdaşlıq prinsiplərinə əsaslanan inkişaf strategiyası ilə dünyanın aparıcı ali təhsil müəssisələri sırasında mövqeyini daha da möhkəmləndirir. Bildirildi ki, 2025-2026-cı tədris ilində universitet Times Higher Education Impact Rankings reytinqində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsinə görə, dünya universitetləri arasında 301- 400, QS World University Rankings 2026 reytinqində isə 801–850 aralığında qərarlaşıb.
Tədbirdə Xəzər Universitetinin rektoru, universitetin məzunu Dr. Raziyə İsayeva məzunları təbrik etdi, onlara gələcək həyat və peşə fəaliyyətlərində uğurlar arzuladı. 35 illik yubiley münasibətilə universitetin ilk məzun buraxılışlarının – 1996 və 2001-ci il məzunlarının nümayəndələri səhnəyə dəvət olundular. Onların adından çıxış edən məzunlar “Xəzər”in həyat və peşə yollarındakı rolundan danışaraq, yeni məzunlara uğurlar arzuladılar.
Sonra bakalavr, magistr və doktorantlara diplomların təqdim olunmasına başlanıldı. Təbiət elmləri və mühəndislik, İqtisadiyyat və menecment, Humanitar, təhsil və sosial elmlər, Hasvet Baytarlıq Təbabəti, Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil, İqtisadiyyat və biznes yüksək təhsil fakültələrinin məzunları səhnəyə çıxdılar. Diplomları universitet rəhbərliyi, fakültə dekanları, departament müdirləri, müəllimlər və əməkdaşlar təqdim etdilər.
Mərasimdə fakültələr üzrə ən yüksək akademik nəticə göstərən məzunlara sertifikatlar təqdim olundu. Sertifikatları Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva, “Dünya” məktəbinin və Nailəxanım Fondunun direktoru Aygün İsayeva-Gardiner təqdim etdilər. Bu ilin məzunları adından Təbiət elmləri və mühəndislik fakültəsinin Mexanika mühəndisliyi ixtisasının məzunu Hüseyn Musayev çıxış edərək, müəllimlərə, valideynlərə və universitet kollektivinə təşəkkürünü bildirdi. Ənənəyə uyğun olaraq, məzunlar Xəzər Universitetində qazandıqları bilik və bacarıqları ailələrinin, xalqın və Azərbaycanın rifahı naminə istifadə edəcəklərinə, universitetin adını və şərəfini daim uca tutacaqlarına dair məzun andını içdilər. And mətnini Jalə Məmmədova və Dünyamin Məmmədzadə səsləndirdilər.
Mərasimdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı çıxış edərək, universitetin 35 illik inkişaf yolundan, əldə olunan uğurlardan və gələcək hədəflərdən danışdı, məzunlara dəyərli tövsiyələrini verdi.
Tədbir boyu Xəzər Universitetinin Nailəxanım Kamera Orkestri, "Forte Strings" ansamblı və tələbə rəqs kollektivlərinin ifaları mərasimə xüsusi bayram ovqatı qatdı.