Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşı Dr. Məhəmməd İmranın “Multiple Modalities of Teaching Civic Education Awareness among Students: A Pragmatic Approach-Based Case Study” (“Tələbələr arasında vətəndaşlıq təhsili haqqında məlumatlılığın çoxsaylı tədris modallıqları: Praqmatik yanaşmaya əsaslanan tədqiqat işi”) adlı məqaləsi Scopus Q2 və Web of Science-ESCI 1.6 impakt faktorlu "Cogent Education" jurnalının 12-ci cildinin 1-ci nömrəsində dərc edilib.
Məqalədə vətəndaşlıq təhsilinin gənclərin təfəkkürünə müsbət təsiri araşdırılır, onun mövcud təcrübəsindəki çətinliklər vurğulanır və gənclər arasında vətəndaşlıq haqqında məlumatlılığın artırılması üçün təhsil müəssisələri, dövlət və ictimaiyyət arasında birgə səylərin vacibliyinə diqqət yetirilir.
Məqaləyə keçid: https://www.tandfonline.com/doi/full/10.1080/2331186X.2025.2460967
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşı Dr. Məhəmməd İmranın “Trends and Gender Dynamics in Professional Certification Growth in Saudi Arabia” (“Səudiyyə Ərəbistanında peşəkar sertifikatlaşmanın inkişafında tendensiyalar və gender dinamikası”) adlı məqaləsi Scopus Q2 və Web of Science-ESCI 1.7 impakt faktorlu "Societies" jurnalının 15-ci cildinin 28-ci nömrəsində dərc edilib.
Məqalədə Səudiyyə Ərəbistanında dil təhsili və digər sahələrdə peşəkar sertifikatlaşmanın inkişafındakı tendensiyalar və gender dinamikası araşdırılır, onların əhatə dairəsi, əhəmiyyəti və karyera inkişafı və işçi qüvvəsinin inkişafına təsiri vurğulanır.
Məqaləyə keçid: https://www.mdpi.com/2075-4698/15/2/28
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşı Dr. Məhəmməd İmran`ın “Effect of CALL-based multimodal pedagogy on learner motivation and willingness to communicate in English: A Study from university students' perspective” (“CALL əsaslı multimodal pedaqogikanın tələbələrin ingilis dilində ünsiyyət qurmaq motivasiyasına və istəyinə təsiri: universitet tələbələrinin perspektivindən araşdırma”) başlıqlı məqaləsi “Contemporary Educational Technology” jurnalının 17(2) nömrəsində dərc edilib. Jurnal Scopus Q2 və Web of Science-ESCI Q1 indeksli olub, 2.40 impakt faktora malikdir.
Məqalədə CALL əsaslı multimodal pedaqogikanın universitet tələbələrinin ingilis dilində ünsiyyət qurmaq motivasiyasına və istəyinə necə təsir etdiyi, onların dərslərdə iştirakını və dil öyrənmə təcrübəsini necə formalaşdırdığı araşdırılır.
Məqaləyə keçid: https://doi.org/10.30935/cedtech/15961
2025-ci il yanvarın 27-28-də İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə “Xidmət öncəsi müəllim təlimi” (Pre-service Teacher Training) mövzusunda seminar keçirildi. Michael Collins`in təqdimatında baş tutan seminar Xəzər Universitetinin ingilis dili müəllimliyi ixtisasında təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdu.
Seminarın ilk günü sinfin idarə olunması, dərslər zamanı müəllim xarakterinin ortaya qoyulması, sinif müzakirələrinin uğurlu təşkili məsələlərinə toxunuldu. Digər gün isə dərsin düzgün planlaması, lüğətin təcrübi olaraq öyrədilməsi, təhsildə davamlılığın təmin edilməsi ilə bağlı söhbət aparıldı.
2025-ci il yanvarın 30-da İngjlis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə departamentin müəllimi Eynur Mehdiyevin təqdimatında "Advanced Teacher Training Sessions" mövzusunda vorkşop keçirildi. Vorkşopda İngilis dilinin tədrisi metodları və kommunikativ dilin öyrədilməsi, ikinci dilin mənimsənilməsi nəzəriyyələrinin təcrübədə tədbiqi mövzularına toxunuldu.
Təlimin sonunda müəllimlərə paylanan sorğu vərəqlərində vorkşopla bağlı müsbət rəy bildirildi.
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Dr. Məhəmməd İmran`ın “Transforming Education Through Blockchain: A Systematic Review of Applications, Projects, and Challenges" (“Təhsilin blokçeyn vasitəsilə transformasiyası: tətbiqlər, layihələr və çağırışların sistematik icmalı”) adlı məqaləsi 3.9 impakt faktorlu Scopus Q1 və Web of Science-SCI indeksli “IEEE ACCESS” jurnalının 13-cü cildində dərc edilmişdir.
Məqalədə blokçeynin dil təhsili sektorunda inqilab yaradan transformativ tətbiqləri, layihələri və çağırışları sistematik şəkildə təhlil edilir.
Məqaləyə keçid: https://ieeexplore.ieee.org/document/10804766/
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müəllimi Dr. Məhəmməd İmran`ın “Fine-Tuning QurSim on Monolingual and Multilingual Models for Semantic Search” (“Semantik axtarış üçün təkdilli və çoxdilli modellərdə QurSim-in dəqiq tənzimlənməsi”) adlı məqaləsi "Information" jurnalının 16 (84) nömrəli nəşrində dərc olunub. Bu jurnal Scopus Q2 və Web of Science-ESCI İndeksli jurnaldır.
Tədqiqatda autentik tərcümələrdən istifadə edilərək, çoxdilli QurSim məlumat bazası təqdim olunur və nəzərə çatdırılır ki, təkdilli modellər ərəb beyti təsnifatı və axtarış tapşırıqları üçün çoxdilli modellərə nisbətən daha yaxşı fəaliyyət göstərir.
Məqaləyə keçid: https://www.mdpi.com/2078-2489/16/2/84
2025-ci il yanvarın 21-22-də İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə “Müəllimlərin peşəkar inkişafı” (“Teacher Professional Development”) mövzusunda Michael Collins`in təqdimatında seminar keçirildi. Seminarın birinci günü sinfin idarə olunması, differensiasiya və sinifdaxili dialoqun qurulması kimi mühüm mövzulara toxunuldu. Növbəti gün isə doğru rəyin bildirilməsi, lüğətin öyrədilməsinin təcrübədə tətbiqi və əlavə tədris materialları ilə təmin olunma kimi vacib məsələlər müzakirə olundu.
Müəllimlər ingilis dilinin tədrisi sahəsində qarşılaşdıqları problemlərlə bağlı fikir mübadiləsi apardılar. 30 nəfərə yaxın müəllimin qatıldığı seminar xüsusi maraqla qarşılandı.
Təlimin hər iki günündə iştirak edən müəllimlərə ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təsdiqlənmiş sertifikatlar təqdim olundu.
2025-ci il yanvarın 13-də Landmark iş mərkəzinin “Cine club” kino zalında “Emiliya: azadlıq carçısı” adlı filmin nümayişi baş tutub. Film Sovet repressiyalarına məruz qalmış Litvada azadlıq uğrunda mübarizədən bəhs edən dramdır. Filmin baş qəhrəmanı Emiliya, 1972-ci ilin yazında gənclər Litva üçün azadlıq tələb etmək məqsədilə Kaunas küçələrinə axışarkən, etiraz edən kütlə ilə birlikdə arzuladığı həyata doğru yürüş edir.
Film Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin, eləcə də həmin departamentin müəllimi Elmira Cahangirlinin rəhbərliyi ilə tərcümə ixtisasında təhsil alan 4-cü kurs tələbələri Xaver Kekalova, Gülçin İbrahimova, Əli Qarazadə və Aysel Əhmədova, eləcə də ingilis dili müəllimliyi ixtisasının 2-ci kurs tələbəsi Adilə Abbasova tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir.
Filmin nümayişinə başlamazdan öncə Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkeleviçus göstərdiyi dəstəyə görə Universitetin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Milana Abbasovaya dərin minnətdarlığını bildirib. Sonra filmin Azərbaycan dilinə tərcüməsinə və subtitrlərdə əks olunmasına köməklik göstərən Xəzər Universiteti tələbələrinin mükafatlandırma mərasimi keçirilib.
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti bildirir ki, universitetin adyunkt professoru Dr. Muhammad İmran 2024-cü il dekabrın 30-da İordaniyanın Yərmuk Universitetinin İncəsənət fakültəsində məruzə edib.
Dr. İmran süni intellektin (Sİ) ingilis dilinin tədrisində və öyrənilməsində ən son nailiyyətlərini, eləcə də tətbiq edilməsini vurğulayıb, Xəzər Universitetində aparılan tədqiqat layihələri haqqında məlumat verib. Onun təqdimatı auditoriya tərəfindən maraqla qarşılanıb.
Dr. İmran Yərmuk Universitetinin vitse-prezidenti, İncəsənət fakültəsinin dekanı və İngilis dili və ədəbiyyatı departamentinin rəhbəri ilə səmərəli müzakirələr aparıb. Bu görüşlərdə akademik əlaqələrin gücləndirilməsi və gələcək əməkdaşlıq imkanlarının araşdırılması müzakirə olunub. Dr. İmran Yərmuk Universitetini 2025-ci ilin may ayında Xəzər Universitetinin Çinin Şanxay Beynəlxalq Araşdırmalar Universiteti ilə birgə ev sahibliyi edəcəyi Dil, Ədəbiyyat və Dilçilik Fəlsəfəsi üzrə 5-ci Beynəlxalq Konfransda (ICPL) iştiraka dəvət edib.
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşı Dr. Məhəmməd İmranın birinci və məsul müəllif olduğu titled “Classification of English Words into Grammatical Notations Using Deep Learning Technique" ("Dərindən öyrənmə texnikası ilə ingilisdilli sözlərin qrammatik notasiyalara təsnifatı") adlı məqaləsi "Information" jurnalının 15-ci cildinin 12-ci nömrəsində (Scopus Q2 və Web of Science-ESCI indeksli jurnal) dərc olunub.
Bu məqalə süni intellekt əsaslı CNN modellərinin ingilis dilini öyrənənlərə (ingilis dili ana dili olmayanlar) sözləri yüksək dəqiqliklə qrammatik kateqoriyalara təsnif etməkdə necə kömək etdiyini və dilin öyrənilməsini necə təkmilləşdirdiyini araşdırır.
Məqaləyə keçid: https://doi.org/10.3390/info15120801
2024-cü il dekabrın 24-də Xəzər Universitetinin Mərmər salonunda İngilis dili və ədəbiyyatı departamentinin təşkilatçılığı ilə “Poetik səslər” (“Poetic Voices”) adlı dördüncü şeir qiraət müsabiqəsi keçirildi. Müsabiqədə 20-ə yaxın tələbə ingilis klassik ədəbiyyatından seçmə şeirlər ilə çıxış etdi.
İngilis dili və ədəbiyyatı departamentinin müdiri Milana Abbasovanın açılış nitqi ilə başlayan tədbirdə departamentin müəllimi, amerikalı mütəxəssis Michael Collins Xəzər Universitetinə, tələbələrə həsr etdiyi şeirlərini oxudu. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı çıxışında müsabiqənin əhəmiyyətini qeyd etdi və iştirakçılara uğur arzuladı.
Münsiflər heyəti baş müəllim Firəngiz Nəsirova, Nailə Qasımova (Xəzər Universiteti, İngilis dili və ədəbiyyatı departamenti), Michael Collins və Leyli Salayevadan ibarət (Azərbaycan Yazıçılar Birliyi və Britaniya Poeziya Cəmiyyətinin üzvü, şair,yazıçı ədəbi tərcüməçi) idi.
Münsiflər heyəti iştirakçıları əvvəlcədən müəyyən olunmuş meyarlar əsasında qiymətləndirdi. Humanitar, təhsil və sosial elmlər fakültəsinin ingilis dili müəllimliyi ixtisasında təhsil alan tələbələr müsabiqənin qalibləri oldular:
1-ci yer: Rəvan Şahmarlı - dördüncü kurs tələbəsi;
2-ci yer: Xədicə Əhmədzadə - üçüncü kurs tələbəsi; Nərmin Mülkümova - dördüncü kurs tələbəsi;
3-cü yer: Səkinə Ağayeva - üçüncü kurs tələbəsi; Fidan Novruzova – filologiya (ingilis dili və ədəbiyyatı) ixtisasının 3-cü kurs tələbəsi; Adilə Abbasova - 2-cü kurs tələbəsi.
Qaliblərə sertifikat və plaket təqdim edildi.
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentində Adyunkt Professor vəzifəsinə təyin olunmuşdur. O, eyni zamanda Bath Universitetində Tətbiqi Linqvistika üzrə tədqiqatçıdır.
Samantha Curle Oksford Universitetində fəlsəfə doktoru (Tətbiqi Linqvistika) dərəcəsini alıb və burada iki magistr dərəcəsini tamamlayıb. Onun araşdırmaları ikidilli təhsil və dil öyrənmə psixologiyasına aiddir. Bir çox məqalələri çap olunub. “The University of Bath’s Doctoral Recognition Award” (2023/24) və “The Recognising Excellence Award” (2021/22) daxil olmaqla bir çox mükafatlar almışdır. O, həm Ali Təhsil Akademiyasının, həm də Kral İncəsənət Cəmiyyətinin üzvüdür.
E-mail: samanthamcurle@gmail.com
İngilis dili və ədəbiyyatı departamentinin professoru Dr. Muhammad İmran birinci və məsul müəllifi olduğu "Education for a Sustainable Future: The Impact of Environmental Education on Shaping Sustainable Values and Attitudes among Students" ("Davamlı gələcək üçün təhsil: ətraf mühit təhsilinin tələbələr arasında davamlı dəyərlər və münasibətlərin formalaşmasına təsiri") adlı məqaləsi Scopus Q2 və ISI Q2 indeksli “International Journal of Engineering Pedagogy” jurnalında (2024, 14-cü cild, No. 6, səh. 155-171) dərc edilmişdir.
Məqalədə tələbələr arasında davamlı dəyərlər və biliklərin formalaşmasında təhsilin təxirəsalınmaz rolu, eləcə də təhsil müəssisələrində yaxşı strukturlaşdırılmış tədris proqramları, müəllim hazırlığı və ekoloji təşəbbüslərə olan vacib ehtiyac vurğulanır.
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin əməkdaşları Dr. Məhəmməd İmran və Dr. Milana Abbasovanın birinci və məsul müəllifləri olduqları “Artificial Intelligence in Higher Education: Enhancing Learning Systems and Transforming Educational Paradigms” ("Ali təhsildə süni intellekt: təhsil sistemlərinin təkmilləşdirilməsi və təhsil paradiqmalarının transformasiyası") adlı məqalə Scopus indeksli "International Journal of Interactive Mobile Technologies (iJIM)" jurnalında (2024, 18-ci cild, №18) dərc edilib.
Bu tədqiqat ali təhsil səviyyələrində süni intellektin dil təhsilinə inteqrasiyasını, xüsusilə təhsil sistemlərinin təkmilləşdirilməsi və təhsil paradiqmalarının transformasiyası aspektlərini araşdırır.
Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin professoru Məhəmməd İmran`ın məsul müəllifi və həmmüəllifi olduğu “Emerging E-learning trends: A study of faculty perceptions and impact of collaborative techniques using fuzzy interface system” ("Ortaya çıxan elektron tədris trendləri: fakültə qavrayışlarının və əməkdaşlıq texnikalarının təsirinin qeyri-səlis interfeys sistemi ilə tədqiqi") adlı məqalə Scopus Q1 kateqoriyalı "Social Sciences & Humanities Open" (2024, 10-cu cild) jurnalında dərc olunmuşdur.
Bu tədqiqat universitetlərdə elektron tədris trendlərini araşdırır, COVID-19 sonrası təhsildə süni intellekt, oyun halına gətirmə və mobil təlimin təsirlərinə diqqət yetirir.
İngilis dili və ədəbiyyatı departamentinin doktorantı və müəllimi Aynur Rzayeva Vişeqrad Qrupunda Polşanın sədrliyi ilə təşkil olunan "Gənclər Demokratiya üçün" V4 seminarında Xəzər Universitetini təmsil edib. Seminar oktyabrın 21-24-də Polşanın Varşava şəhərində keçirilib. Erasmus+ tərəfindən maliyyələşdirilən və SALTO (Dəstək, yüksək səviyyəli öyrənmə və təhsil imkanları) Şərqi Avropa və Qafqaz (SALTO Resurs Mərkəzi) tərəfindən Polşanın Təhsil Sisteminin İnkişafı Fondu (Milli agentlik) ilə birgə təşkil edilən proqram gənclərin iştirakını, demokratik fəallığını və beynəlxalq gənclər əməkdaşlığını inkişaf etdirməyi hədəfləyib.
Qeyd edək ki, tədbir Polşa, Çexiya, Slovakiya, Macarıstan və Şərq Tərəfdaşlığı ölkələrindən gənc liderləri bir araya gətirib. Tədbir proqramına Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı regionundakı təsir gücünə məxsus şəxslərlə seminarlar, panel müzakirələri, şəbəkələşmə sessiyaları və mədəni tədbirlər daxil olmuşdur.
2024-cü il oktyabrın 5-də Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentin tərcümə müəllimi və “Tərcümə Mərkəzi”nin koordinatoru Dr. Elvin Abbasbəyli Neftçala şəhərində keçirilmiş “AZLİNQ 2024 – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda “Şifahi tərcümənin dünəni, bugünü və sabahı: Azərbaycandakı vəziyyət” haqqında məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb. Konfrans zamanı 2023-cü ildə keçirilmiş konfransın məqalələr toplusunun təqdimatı keçirilib. Bu topluda Dr. Elvin Abbasbəylinin "Azərbaycan ədəbiyyatının fransız dilinə tərcüməsinin müasir vəziyyəti və qarşıya çıxan tərcümə problemləri" adlı məqaləsi çap edilib.
2024-cü il sentyabrın 25-də “Avropa Dillər Günü” (European Day of Languages) münasibətilə Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin tərcümə müəllimi və universitetin Tərcümə Mərkəzinin koordinatoru Dr. Elvin Abbasbəyli İctimai Televiziyanın (İTV) “Sabahın xeyir, Azərbaycan!” verilişinə müsahibə verib. Müsahibə zamanı aparıcıların yazılı və şifahi tərcüməçilik peşəsi, süni intellektin tərcüməçilik peşəsinin gələcəyinə təhlükə təşkil edib etməməsi və xarici dillər haqqında digər çoxsaylı suallarını cavablandırıb.
2024-cü il iyunun 20-21-də Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin Dilşünaslıq və Tərcümə ixtisas üzrə təhsil alan magistr tələbələrinin müdafiəsi baş tutub.Aygün Nəcəflinin “İngilis dilinin sosial variasiyaları”, Zeynəb Həsənovanın “Xüsusi isimlərin İngilis dilindən Azərbaycan dilinə tərcümə imkanları”,Nərmin Zamanlının “İngilis və Azərbaycan dillərində bədənlə əlaqəli idiomların kontrastiv təhlili, Nərgiz Novruzlunun “Kommersiya reklamlarının İngilis dilindən Azərbaycan dilinə tərcüməsi zamanı yaranan çətinliklər”, Şamxal Bədəlovun “Azərbaycanlı İngilis dilini öyrənənlərin kimliyinin ikinci dilin mənimsənilməsi zamanı yenidən formalaşması”, Abdullah Miftachul İrvanın “İndoneziya kontekstinda çoxdilliliyin Sosiolinqvistik Təhlili”, Fatimə Məmmədovanın “Qloballaşma dövründə alınma sözyaratma prosesi: İngilis dilindən Azərbaycan dilinə keçmiş alınmaların nümunəsində”, Afət Qəhrəmanovanın “Azərbaycan EFL (İXD) siniflərində kod dəyişdirmənin rolu”, Firuzə Dadaşovanın “Siyasi diskursda irqçiliyin reallaşmasının tədqiqi”,Leman Umarovanın “Amerika siyasi diskursunda evfemizm və disfemizmlərin tədqiqi”, Səbinə Əhmədovanın “ChatGPT-4 və insan tərərfindən elmi mətnlərin tərcüməsinin müqayisəli keyfiyyət qiymətləndirilməsi” mövzularında dissertasiya işlərinin müdafiəsi keçirilib. Müdafiə komissiyasının sədri filologiya elmləri doktoru, Prof. Azərbaycan Dillər Universiteti Ümumi dilçilik kafedrasının müdiri Azad Məmmədov, komissiya üzvləri isə Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Milana Abbasova, Azərbaycan Dillər Universitetinin müəllimi Dos. İrina Orucova , Xəzər Universitetinin müəllimi Dr. Prof. Hüseynağa Rzayev,Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan Universitetinin müəllimi Dr. İmran Məhəmməd olublar. Mövzular ətrafında təqdimatlar və müzakirələr keçirildikdən sonra işlər müsbət qiymətləndirilib.
2024 -cü il iyunun 14-də Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departementinin təşkilatçılığı ilə BƏƏ-nin Şahzadə Sultan Universitetinin Təhsil tədqiqatı laboratoriyasının tədqiqatçısı Muhamməd İmranın təqdimatında “Süni İntellekt və Yazı: Humanitar sahədə tədqiqatın aparılması və dərc olunmasındakı çətinliklər” adlı seminar baş tutub. Seminar iki hissədən ibarət olub. İlk hissə süni intellekt və onun tədris prosesində istifadəsindən bəhs edib. İkinci hissədə isə süni intellektin tədqiqat prosesində tədqiqatçılara necə yardımçı ola biləcəyi ilə bağlı interaktiv sessiya baş tutub. Seminarın sonunda departamentin müəllimlərinin və Muhamməd İmranın mövzular ətrafında müzakirələri baş tutub.
2024-cü il mayın 30-31-də də Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin şifahi tərcümə dərsləri müəllimi və universitetdə fəaliyyət göstərən “Tərcümə mərkəzi”nin koordinatoru Dr. Elvin Abbasbəyli Özbəkistanın Xiva şəhərində yerləşən Məmun Universitetində keçirilən “Xarici dillərin tədrisinin müasir metodları, dilçilik, ədəbiyyatşünaslıq və tərcüməşünaslığın problemləri” (Modern methods of teaching foreign languages, problems of linguistics, literary studies and translation studies) adlı beynəlxalq elmi kondransda iştirak edib. O,konfransda“Beynəlxalq təşkilatlarda konfrans tərcüməçilik və diplomatik tərcümə fəaliyyətləri” (Conference Interpreting and Diplomatic Interpretation Activities in International Organizations) mövzusunda məruzə ilə çıxışıb edib. Tədbirdə Özbəkistandan, Rusiyadan və ABŞ-dan olan tədqiqatçılar da öz araşdırma sahələri ilə bağlı məruzələr təqdim ediblər. Bir gün sonra isə Məmun Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Bahrom Yuldaşev “Tərcümə mərkəzi”nin koordinatoru Elvin Abbasbəyli ilə görüş keçirib.Görüşdə o, azərbaycanlı alimlə şifahi tərcümə sahəsində gələn tədris ilindən Məmun Universitetinin ingilis dili fakültəsinin seçilmiş müəllimləri üçün mütəmadi olaraq ustad dərslərinin (master classes) təşkil edilməsi layihəsi haqqında müzakirələr aparıb və Xəzər Universiteti ilə əməkdaşlıq etmək üçün memorandumun imzalanması arzusunda olduqlarını vurğulayıb.
22 may 2024-cü il mayın 22-də Xəzər Universitetinin Mərkəz Kampusunda Fikrət Əmirov Konfrans - Konsert Mərkəzində İngilis dili və ədəbiyyatı departamenti Vilyam Şekspirin 460 illik yubileyinə həsr olunmuş tədbir keçirdi.
İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Milana Abbasova açılış nitqi ilə çıxış etdi. Baş müəllim Firəngiz Nəsirova çıxışında Şekspirin məşhur sitatlarından nümunələr səsləndirmişdir.
Xəzər Universitetinin məzunu Kamran Nəsirov Şekspirin faciəsini necə yenidən dərk etməsindən danışdı və Şekspirin “Hamlet” faciəsindən dünyaca məşhur monoloqu təqdim etdi.
İştirakçılar - Xəzər Universiteti və Azərbaycan Dillər Universitetinin tələbələri "Otello" operasından bir sıra sonet və monoloq fraqmentlər və R. L. Stevinsonun Şeksprirdən ilhamlanaraq yazdığı şeirini təqdim etdilər. F.Nəsirovanın rəhbərlik etdiyi tələbə xorunun ifa etdiyi “Romeo və Cülyetta”nın 1968-ci ildə ekranlaşdırılmış versiyasında səsləndirilən mahnı tamaşaçılar tərəfindən bəyənildi.
2-ci kurs tələbələri Şayeste Mələkan və Ramalə Həsənovanın rəhbərlik etdiyi Xəzər Universiteti İncəsənət Klubunun tələbə aktyorları tərəfindən Şekspirin “Maqbet” faciəsi səhnələşdirildi. Onların bu ifası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı.
Tədbirin sonunda Prof. Akad. Hamlet İsaxanlı çıxış etdi və istedadlı iştirakçı tələbələrin canlı ifalarını yüksək qiymətləndirdi və onların bədii ruhunun, istedadlarının yeni məkanlarda daha böyük tamaşaçı kütləsinə çatacağına ümid etdiyini bildirdi.
Azərbaycan Dillər Universitetinin baş müəllimi Təranə Həsənova proqram və tələbələrin çıxışları haqqında fikirlərini bölüşdü və universitetlər arasında əməkdaşlığın vacibliyini vurğuladı.
2023-cü il mayın 15-də Xəzər Universitetinin Mərmər zalında İngilis dili və ədəbiyyatı departamentinin təşkil etdiyi “2-ci Milli Ardıcıl Tərcümə Müsabiqəsi”nin final mərhələsi keçirildi. Müsabiqədə respublikanın 4 universitetindən tərcümə ixtisası üzrə təhsil alan 8 finalçı iştirak etdi. Qeyd edək ki, finalçılar üç mərhələli seçim əsasında müəyyən olunmuşdu.
Tədbir Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İsaxanlı və universitetin rektoru Dos. İradə Xəlilovanın açılış nitqləri ilə başladı. Sonra iştirakçılar ingilis, Azərbaycan və rus dillərində olan canlı çıxışları tərcümə etdilər. Qonaq məruzəçilər Vahid Əsgəri, Gülafət Şəfiyeva və Qriqorii Penkov idi. Vahid Əsgəri (fil.ü.f.d., Beynəlxalq Biznes Məsləhətçisi və İngilis dilinin tədrisi üzrə mütəxəssis) “Ardıcıl tərcümənin əhəmiyyəti və bacarıqları” mövzusunda məruzə etdi. Xəzər Universitetinin müəllimləri olan ikinci məruzəçi Gülafət Şəfiyeva və üçüncü məruzəçi Qriqorii Penkovun çıxışlarını COP 29-a həsr olundu. Qeyd edək ki, “2024-cü il Bakı İqlim Dəyişikliyi Konfransı” və ya COP 29 BMT-nin təşkilatçılığı ilə 2024-cü il noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtı Bakıda keçirilməsi planlaşdırılan beynəlxalq konfransdır.
Müsabiqənin münsiflər heyəti yeddi nəfərdən ibarət idi: Elvin Abbasbəyli ( Xəzər Universitetinin müəllimi, Tərcümə mərkəzinin koordinatoru), Fialə Abdullayeva (ADU-nun Tərcümə departamentinin müdiri), Lidiya Həmidova (Xəzər Universitetinin müəllimi), İrina Orucova (ADU,Tərcümə departamentinin müəllimi) , İsrafil Xakiyev (“RAGİ MMC” Tərcümə Mərkəzinin direktoru), Nəsimi Həsənov (“Şəms” Tərcümə Mərkəzinin direktoru) və Zamirə Qurbanova (Xəzər Universitetinin müəllimi).
Münsiflər heyəti əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında iştirakçıları qiymətləndirdi. Müsabiqənin qalibləri aşağıdakılardır:
1-ci yer: Xəzər Universitetinin Tərcümə (ingilis dili) ixtisasının IV kurs bakalavr tələbəsi Gülsün Həmidova.
2-ci yer: Azərbaycan Dillər Universitetinin Tərcümə (ingilis dili) ixtisasının II kurs magistr tələbəsi Zəhra Əhədova.
3-cü yer: Bakı Slavyan Universitetinin Tərcümə (ingilis dili) ixtisasının IV kurs bakalavr tələbəsi Cavid Novruzov.
3-cü yer: Xəzər Universitetinin Tərcümə (ingilis dili) ixtisasının IV kurs bakalavr tələbəsi Xəyalə Məmmədova.
Münsiflər heyəti tərəfindən fərqlənən tələbələr də qeyd olundu: Ləman Qurbanzadə (Bakı Slavyan Universiteti), Xəyyam Əsədov (Azərbaycan Universiteti), Elbrus İsmayılov (Bakı Slavyan Univeersiteti), Asif Məmmədov (Xəzər Universiteti).
Qaliblərə kristal plaketlər, fərqlənənlərə sertifikatlar təqdim olundu.
2024-cü il mayın 9-11- də Xəzər Universiteti və Türkiyənin Manisa Celal Bayar Universitetinin (MCBU) İngilis dili və ədəbiyyatı departanentlərinin birgə təşkilatçılığı ilə “Dil, Ədəbiyyat və Dilçilik Fəlsəfəsi üzrə Dördüncü Beynəlxalq Konfrans (ICPL 2024)” hibrid formatda keçirilib. Konfransa məqalələr Azərbaycan, Avstraliya, Bolqarıstan, Fransa, Gürcüstan, İndoneziya, İran, İtaliya, Hindistan, Qazaxıstan, Litva, Malayziya, Niderland, Oman, Pakistan, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Tayvan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Özbəkistandan olan tədqiqatçıları tərəfindən göndərilmişdi.
Konfransın açılış mərasimi MCBU-nun prorektoru Prof. Kurt Ay, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Prof. Məryəm Ayan və Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr.Milana Abbasovanın salamlama nitqləri ilə başladı. Sonra MCBU-nun musiqi qrupunun ifasında milli musiqilər təqdim olundu.
Daha sonra Dr. Alan Libert (Xəzər Universitetinin köməkçi professoru / Nyukasl Universitetinin professoru, Avstraliya), Dr. Davud Kuhi (Xəzər Universitetinin köməkçi professoru /Azad İslam Universitetinin professoru, İran) və Prof. Toril Moi (Dyuk Universitetinin professoru, İngiltərə) – əsas məruzələrlə çıxış etdilər.
Açılış mərasimindən sonra müxtəlif universitetlərdən olan tədqiqatçıların hər biri beş panel olmaqla iki sessiyada çıxışları oldu.
Konfransın birinci günü canlı çıxışlar dinlənildi, ikinci gün isə onlayn qoşulan iştirakçılar məruzələrini təqdim etdilər. Konfransın sonuncu günü iştirakçıların yeni mədəniyyətlər və yeni münasibətlərlə tanış olmaları üçün görməli yerlərə tur təşkil edildi
2024-cü il aprelin 15-də İngilis dili və ədəbiyyatı departamentinin professoru Hüseynağa Rzayev “Silk Road Research Academy” ilə birgə təşkil olunmuş 4-cü Beynəlxalq CLIL (Məzmun və Dil İnteqrasiyalı Tədrisin Əsasları) Konfransında əsas məruzəçi kimi iştirak etmişdir. Konfrans Özbəkistanın Daşkənd şəhərindəki Dəqiq və Sosial Elmlər Universitetində baş tutub.
Hüseynağa Rzayev “Fənlərarası əlaqə vasitəsilə İngilis dilinin xarici dil kimi tədrisinin gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edib. Konfransda dil və məzmun öyrənmənin inteqrasiyası, CLIL kontekstlərində qiymətləndirmə, CLIL siniflərində çoxdillilik və multikulturalizm, CLIL və inklüziv təhsil və s. kimi mövzular müzakirə olunub.
2024-cü il aprelin 3-də İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Milana Abbasova Hindistanın SRM Elm və Texnologiya İnstitutunun İngilis dili və xarici dillər fakültəsi və Lavanda Ədəbiyyat Klubunun birgə təşkil etdiyi “Elmi jurnallarda tədqiqat məqalələrinin yazılması və nəşri” mövzusunda üç günlük Beynəlxalq Virtual Seminarda qonaq mühazirəçi kimi “Düzgün tədqiqat mövzusunun seçilməsi” mövzusunda məruzə etdi.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 18 mart 2024-cü il tarixli qərarı ilə Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin doktorantı Əminə Ənvər qızı Səfərzadənin 5708.01 – German dilləri ixtisası üzrə «Корреляция порядка слов и фразового ударения в современном английском языке» (“Müasir ingilis dilində söz sırası və cümlə vurğusunun korrelyasiyası”) mövzusunda müdafiə etdiyi dissertasiya işi filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb və ona 5 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə doktoru diplomu təqdim edilib.
2024-cü il martın 1-dən 7-dək Rusiyanın Soçi şəhərində Ümumdünya Gənclər Festivalı keçirilib. Festivalın məqsədi planetin gələcəyi üçün narahat olan mütərəqqi gəncləri bir araya gətirmək, silsilə elmi və maarifləndirici tədbirlər, eləcə də açıq müzakirələr keçirmək idi.
Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin müəllimi doktorant Aynur Rzayeva festivalda Xəzər Universitetini təmsil etmişdir. Tədbirdə Azərbaycandan müxtəlif təşkilatlar da iştirak etmişlər. Festivalda gənclərin gələcək inkişafına kollektiv baxışın formalaşmasına səy göstərilmişdir.
Qeyd edək ki, tədbir 180-dən çox ölkədən beynəlxalq əlaqələr, sahibkarlıq, elm, mədəniyyət, idman, media, xeyriyyəçilik və könüllülük kimi sahələri təmsil edən gənc liderləri və mütəxəssisləri bir araya toplayıb. Ümumilikdə tədbirdə təxminən iyirmi min nəfər iştirak edib ki, onlardan on mini Rusiyadan, qalanları isə xarici ölkələrdən qatılanlar olub.
2024-cü il martın 1-dən 7-dək Rusiyanın Soçi şəhərində Ümumdünya Gənclər Festivalı keçirilib. Tədbir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2023-cü il aprelin 5-də imzaladığı Sərəncama əsasən təşkil olunub. Festivalın məqsədi planetin gələcəyi üçün narahat olan mütərəqqi gəncləri bir araya gətirmək, silsilə elmi və maarifləndirici tədbirlər, eləcə də açıq müzakirələr keçirmək idi.
Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin müəllimi doktorant Aynur Rzayeva festivalda Xəzər Universitetini təmsil etmişdir. Tədbirdə Azərbaycandan müxtəlif təşkilatlar da iştirak etmişlər. Festivalda gənclərin gələcək inkişafına kollektiv baxışın formalaşmasına səy göstərilmişdir.
Qeyd edək ki, tədbir 180-dən çox ölkədən beynəlxalq əlaqələr, sahibkarlıq, elm, mədəniyyət, idman, media, xeyriyyəçilik və könüllülük kimi sahələri təmsil edən gənc liderləri və mütəxəssisləri bir araya toplayıb. Ümumilikdə tədbirdə təxminən iyirmi min nəfər iştirak edib ki, onlardan on mini Rusiyadan, qalanları isə xarici ölkələrdən qatılanlar olub.
2024-cü il fevralın 13-də Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamentinin şifahi tərcümə dərsləri müəllimi və universitetdə fəaliyyət göstərən “Tərcümə mərkəzi”nin koordinatoru Dr. Elvin Abbasbəyli Özbəkistanın Ürgənc şəhərində yerləşən Məmun Universitetində keçirilmiş “Dillərarası və mədəni davamlılıq: çağırışlar və yeni istiqamətlər” (Cross-linguistic and cultural sustainability: challenges and new avenues) adlı elmi-praktik konfransda “Şifahi tərcümənin dünəni, bu günü və sabahı” (Interpreting : past, present and future) adlı məruzə ilə çıxış edib.
Konfransda Özbəkistandan, Qazaxıstandan və ABŞ-dan olan tədqiqatçıların da öz araşdırma sahələri ilə bağlı məruzələri dinlənilib.
Konfransdan bir gün öncə Məmun Universitetinin rektoru Arslonbek Nurjonov və Beynəlxalq əlaqələr üzrə prorektor Bahrom Yuldaşev “Tərcümə mərkəzi”nin koordinatoru Elvin Abbasbəyli ilə görüş keçirərək, şifahi tərcümə sahəsində gələcəkdə Məmun Universitetinin tərcümə fakültəsinin tələbələri üçün ustad dərslərinin (master classes) təşkil edilməsi imkanları haqqında müzakirələr aparıblar.
9 yanvar 2024-cü il tarixində İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Milana Abbasova “Dil tədrisində gələcək tendensiyalar: 21-ci əsr tələbələrinə süni intellektin təsiri” adlı Beş Günlük Fakültə İnkişaf Proqramında ekspert qismində mühazirəçi kimi çıxış etdi. Tədbir Hindistanın Yeni Dehli şəhərinin Madanapalle Texnologiya və Elm İnstitutu tərəfindən təşkil olunub.
9-10 yanvar 2024-cü il tarixlərində İngilis dili və ədəbiyyatı departamentinin müdiri Dr. Milana Abbasova Hindistanın Çennai şəhərində, Etiraj Qadınlar Kolleci tərəfindən təşkil edilən Multidissiplinar Tədqiqatlar və İnnovasiyalar üzrə Beynəlxalq Konfransda qonaq məruzəçi kimi çıxış etmişdir.
2020-ci il iyunun 30-da İngilis dili və ədəbiyyatı departamentinin doktorant və dissertantlarının elmi işinin mövzusunun “Zoom” platforması vasitəsilə onlayn şəkildə müzakirəsi keçirildi.
Gözəl Məmmədovanın “Ceyms Coysun yaradıçılığı əsasında jurnalistikadan ədəbi realizmə gedən yolun tədqiqi”.(The study of the journey from journalism to literary realism based on the works of James Joyce); Aygün Hüseynovanın “J.Çanqın “Vəhşi qu quşları” əsərində stabil və dəyişən dəyərlər (qadın və cəmiyyət nümunəsində)/(Stable and changing values in J.Chang’s Wild Swans (in the example of women and society)” mövzuları təqdim olundu.
PhD tələbələrin təqdimatlarından sonra iclasın iştirakçıları tərəfindən müzakirə aparıldı. Müzakirələrdə departament müdiri Dr.Bahman Amani, Magistratura, doktorantura və elmi işlər bölməsinin koordinatoru Səidə Şərifova, departamentin Tədqiqat işləri üzrə koordinatoru Milana Abbasova, Fil.e.d., prof. Rəhilə Qeybullayeva və Fil.e.d., prof. Nigar İsgəndərova iştirak etdilər. Mövzuların universitetin Elmi Şurasına çıxarılması tövsiyə olundu.
2020-ci il iyunun 29-da Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departamentinin dilşünaslıq ixtisasını bitirən magistr tələbələrinin “Microsoft Teams” platforması vasitəsilə dissertasiya işlərinin onlayn şəkildə müdafiəsi keçirildi. Röya Kərimli “A Comparative Study of Second Language Teaching Techniques at Public, Private and International Schools in Azerbaijan”; Cəmilə Məmmədova “Types and Functions of Code Switching Used by Foundation Students at Khazar University” adlı mövzulardakı dissertasiyalarını təqdim etdilər.
Müdafidə Şurasının üzvləri departament müdiri Dr.Bahman Amani, Magistratura, doktorantura və elmi işlər bölməsinin koordinatoru Səidə Şərifova, departamentin Tədqiqat işləri üzrə koordinatoru Milana Abbasova, departamentin müəllimləri –İrina Orujova, İlham Tağıyev və Nailya Qasımova idilər. Mövzular ətrafında müzakirə keçirildikdən sonra işlər qiymətləndirildi və yekunda iddiaçılara magistr dərəcəsi verilməsi qərara alındı.