2021-ci il iyulun 19-da Erasmus+ ECAR layihəsinin növbəti virtual görüşü keçirildi. Xəzər Universitetinin tərəfdaşı və Bakı Biznes Universitetinin koordinatoru olduğu bu layihənin görüşündə Azərbaycandan olan layihə tərəfdaşları ilə yanaşı, Avropa universitetlərindən olan tərəfdaşlar da daxil olmaqla 20 nəfərdən çox nümayəndə iştirak edirdi.
Litvanın Mykolas Romeris Universitetinin əməkdaşı Dr. Inga Juknytė-Petreikienė gündəlikdə duran məsələləri görüş iştirakçılarının diqqətinə çatdırdı və layihə çərçivəsində keçirilmiş sorğuların ilkin nəticələri haqqında qısa məlumat verdi. Yuxarı kurs bakalavr tələbələrinin sorğuya daha çox cəlb olunması üçün tərəfdaş universitetlərə yenidən vaxt verildi.
Litvanın Mykolas Romeris Universitetinin digər əməkdaşı Dr. Regina Valutytė isə Azərbaycanda Rektorlar Konfransının və strukturunun qurulması üçün apardıqları tədqiqatın nəticələrni təqdim etdi. Avropa ölkələrində olan rektorlar konfranslarının strukturlarından nümunələr göstərdi.
Görüşdə, həmçinin, Azərbaycandan olan tərəfdaş universitetlərin rektorları, prorektorları və Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri ilə keçiriləcək müsahibələrin vaxtı və formatı müzakirə edildi. Bundan əlavə, tərcümə qrupunun və məzmunanalizi qrupunun üzvləri müəyyənləşdirildi. Bütün qrupların verilmiş tapşırığı yerinə yetirərək, fəaliyyət qrupunun rəhbərinə və layihə koordinatoruna göndərilməsi tövsiyə edildi.
Xəzər Universitetini görüşdə Təlim və Tədris Mərkəzinin direktoru Ülkər Bayramova təmsil edirdi.