2019-cu il noyabrın 19-da Xəzər Universitetinin “Neftçilər” kampusunda MƏFAM-ın Mövlana Ədəbi Fəlsəfi Araşdırmalar Mərkəzinin (MƏFAM) açılış mərasimi keçirildi. MƏFAM-ın təşkilatçısı Xəzər Universiteti, himayəçisi NAB Holdinq-dir. Mərkəzin yaradılmasında əsas məqsəd Mövlana Cəlaləddin Ruminin Azərbaycan ictimaiyyətinə müvafiq şəkildə təqdim edilməsi, onun fəlsəfə, ədəbiyyat və digər fəaliyyət sahələri ilə bağlı araşdırmaların aparılması, ölkə daxilində və onun hüdudlarından kənarda yerləşən universitetlər, institutlar, kitabxanalar, təhsil mərkəzləri və ədəbi araşdırma mərkəzləri arasında əməkdaşlıq yaradılmasıdır.
Tədbirdə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova və əməkdaşları, NAB Holdinq-in vitse-prezidenti Şahram Oromi, tanınmış qonaqlar, şairlər, müğənnilər və musiqiçilər iştirak edirdilər.
Mərasimi geniş çıxışı ilə professor Hamlet İsaxanlı açaraq, sözü Şəhram Mohəqqeq Oromiyə verdi (çıxışlar jurnalın 22-25-ci səhifələrində dərc olunur).
Çıxışlardan sonra təşkilatçı Xəzər Universiteti ilə himayəçi NAB Holdinq arasında birgə fəaliyyət haqqında müqavilə imzalandı.
Tədbir musiqinin müşayiətində Mövlana şeirlərinin qiraəti ilə davam etdi.
Sonda MƏFAM-ın təqdim olunan loqotipləri nümayiş etdirildi və ilkin seçim aparıldı.