2019-cu il oktyabrın 15-də Xəzər Universiteti Tələbə Məclisinin təşkilatçılığı ilə universitetin Mərmər salonunda tələbələrarası “Bilik yarışı” keçirildi. Tələbə Məclisinin vitse-prezidenti, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dördüncü kurs tələbəsi Emil Ağayevin rəhbərliyi və tələbə Leyla Əfəndiyevanın aparıcılığı ilə keçən tədbirdə universitetin rəhbərliyi, tələbələr və media mənsubları iştirak edirdilər. Tələbələrdən ibarət könüllülər yarışın təşkilində və keçirilməsində yardım göstərirdilər.
Yarışa hərəsi dörd nəfərdən ibarət iyirmi komanda qatılmışdı. Münsiflər heyəti universitetin tələbələri - Əmir Mehrəliyev, Ağamehdi Dadaşov, Afeliya Qoca, Aysel Göyyusubova və Fatimə Babaxanovadan ibarət idi.
İştirakçı komandalar yarışın şərtləri ilə tanış edildikdən sonra başlanan ilk mərhələnin nəticələrinə görə üç komanda – “Mirvari”, “Stonks” və “Joker” komandaları finalda yarışmaq hüququ qazandılar. Gərgin keçən finalda münsiflər heyətinin qərarı ilə birinci yer “Mirvari”, ikinci yer “Stonks” və üçüncü yer “Joker” komandalarına verildi.
Qalib komandanın üzvləri – Humanitar, təhsil və sosial elmlər fakültəsinin üçüncü kurs tələbələri - Nicat Həmzəli, Lala Bağırova, Məhəmməd Rəhimli (regionşünaslıq ixtisası) və Aydan Camalzadə (dizayn ixtisası) sertifikatla təltif olundular. Komandaya üç yüz manat məbləğində pul mükafatı verildi.
Tədbir İctimai televiziyanın MAG verilişində yayımlandı. Verilişi bu link vasitəsilə izləmək olar: