2019-cu il aprelin 12-də Xəzər Universitetinin əməkdaşları rektor dosent İradə Xəlilova, İnkişaf Mərkəzinin direktoru Raziya İsayeva, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil edilən Erasmus+ NİZAMİ layihəsi haqqında məlumat sessiyasında iştirak etdilər. Məlumat sessiyasında Azərbaycanın ali təhsil müəssisələri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Montpellier Universiteti, Fransanın Azərbaycandakı səfirliyi və Milli Erasmus+ ofisinin nümayəndələri də iştirak edirdilər.
Məlumat gününün məqsədi Erasmus+ NİZAMİ layihəsinin nəticələrini bütün Azərbaycan ali təhsil müəssisələri ilə bölüşmək idi. İnformasiya sessiyasının əsas məruzəçiləri –Yaqub Priyev (Azərbaycan Respublikası Təhsil Nazirliyi), akademik Rasim Əliquliyev (AMEA), Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri Yohan Şitterer, Milli Erasmus+ Ofisinin rəhbəri Parviz Bağırov, NİZAMİ layihəsinin koordinatoru Veronique Montero və tərəfdaş universitetlərin təqdimatçıları idi.
Xəzər Universiteti adından təqdimatı Dr. Elmar Mustafayev iştirakçıların diqqətinə çatdırdı. Təqdimatda Dr. Elmar Mustafayev iştirakçıları NİZAMİ layihəsi çərçivəsində yaradılan Xəzər Universitetinin nəzdindəki doktorantura məktəbinin modeli ilə tanış etdi.