2019-cu il aprelin 9-da Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) dəvəti ilə, “Clarivate Analytics” bazasının Azərbaycanda təşkil etdiyi təlim proqramının rəsmi eksperti, “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq elmi jurnalın redaktor köməkçisi, sosial elmlər üzrə fəlsəfə doktoru Xəyalə Məmmədovanın təqdimatında “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda seminar təşkil olundu.
Aİİ rektoru Ceyhun Məmmədov seminar iştirakçılarını salamlayaraq, ali təhsil müəssisəsində institut əməkdaşlarının və tələbələrin elmi potensialının gücləndirilməsi, yerli, həmçinin, beynəlxalq jurnallarda məqalələrin nəşri və onların bu sahədə aktivliyinin təşviqi məqsədi ilə müxtəlif seminarlar, “dəyirmi masa”lar, treninqlər keçirildiyini bildirdi. Rektor ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycan elminə göstərdiyi diqqət və qayğısından bəhs etdi. Qeyd etdi ki, informasiya mühitini formalaşdıran rəqəmsal əsrdə davamlı elmi inkişafın təmin olunmasında əsas vəzifələrdən biri beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiyadır.
Xəyalə Məmmədova “Elmi məqalənin yazılması və beynəlxalq elmi nəşrlərin tələbləri” mövzusunda məruzə ilə çıxış etdi. X.Məmmədova bildirdi ki, seminarın məqsədi Azərbaycan alimlərinin əsərlərinin dünyanın nüfuzlu yüksək indeksli jurnallarında dərc edilməsi, bu sahədə əməkdaşlığın davamlı olması ilə bağlı maarifləndirmə işlərinin aparılması və digər məsələlərdir.
X.Məmmədova beynəlxalq tələblərə cavab verən elmi məqalələrin strukturunun formalaşdırılması, elmi məqalələrin jurnallarda çap olunması, elmi jurnalların araşdırılması və seçilmə qaydaları haqqında ətraflı məlumat verdi. Məruzəçi elmi məqalənin beynəlxalq jurnallara təqdim edilmə qaydaları; məqalənin çap olunması üçün müəyyən bacarıqların inkişaf etdirilməsi; redaktor və rəyçilərin cavablandırılması ilə bağlı mövzular haqqında da əhatəli danışdı.
Seminar mövzu ətrafında müzakirələrlə davam etdirildi.