2019-cu il martın 7-də Xəzər Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi keçirildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşlar və qonaqlar - professor Hamlet İsaxanlının dəvəti ilə Böyük Britaniyadan Bakıya gəlib, “Elm və Sənət” məclisinin iki məşğələsində məruzə edən, çoxbilginlik (Polymath) üzrə mütəxəssis, Xəlili Kolleksiyasının bədii rəhbəri, FIRST yurnalının diplomatik müxbiri Waqās Ahmed öz həyat yoldaşı ilə iştirak edirdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı qadın əməkdaşları təbrik edərək, kollektivin həyatında onların uğurlu fəaliyyətindən danışdı, gələcək işlərində və şəxsi həyatlarında onlara müvəffəqiyyətlər arzuladı, öz şeirlərini oxudu.
Universitetin Tədris işləri üzrə prorektoru professor Məhəmməd Nuriyev, İdarəetmə və tələbə işləri üzrə prorektor dosent İsaxan İsaxanlı, İngilis dili və ədəbiyyatı departamentinin müdiri Bahman Amani, həmin departamentin baş müəllimi Firəngiz Nəsirova, universitetin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli, universitetin əcnəbi doktorantı Fariba Farhangi də çıxış edərək, kollektivin qadın üzvləinin ünvanına xoş sözlər söylədilər, onlara uğurlar arzuladılar.
Universitetin Psixologiya departamentinni koordinatoru, “Xəzər” Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova qadın-kişi münasibətlərinə aid əyləncəli test təqdim etdi.
Bayram şənliyində universitetin Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı təqdim olundu. İştirakçılar rəqs edib əyləndilər, mahnılar oxudular. Tədbir xoş əhval-ruhiyyə ilə başa çatdı.