2019-cu il martın 5-də Xəzər Universitetinin mərkəz kampusunda (B.Səfəroğlu küç. 122) “Elm və Sənət Məclisi”nin 69-cu məşğələsində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının dəvəti ilə Xəlili Kolleksiyasının bədii rəhbəri Waqās Ahmed 2018-ci ildə Böyük Britaniyada nəşr olunmuş The Polymath. Unlocking the Power of Human Versatility (“Çoxbilgin. İnsan çoxyönlülüyünü üzə çıxarmaq”) kitabını təqdim etdi və kitabda qoyulmuş mövzu ətrafında müzakirələr apardı. Kitab çoxbilginlik fenomeninə həsr olunmuşdur. Çoxbilginlərin qısa şəkildə təsviri belədir: “Çoxlu, bir-biri ilə bağlı olmayan sahələrdə önə çıxmış, xüsusi olaraq çoxyönlü insanlar”.
Kitabda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı da başqa görkəmli şəxslər arasında müasir dövrün az sayda olan çoxbilginlərindən biri olaraq təqdim edilmiş və onun fikirlərindən çoxsaylı alıntılar edilmiş, onun çoxbilgin kimi fəaliyyəti ayrıca təhlil edilmişdir.
Qeyd edək ki, Waqās Ahmed Xəzər Universitetinin tələbələri və işçi heyəti, həmçinin, Azərbaycanın tanınmış elm və sənət adamları üçün çoxbilginlik və Xəlili Kolleksiyası haqqında seminarlar silsiləsi ilə çıxış etmək üçün martın 3-dən 7-dək Bakıda səfərdədir.