2017-ci il fevralın 17-də “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsinin və Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzinin koordinatoru Rima Məmmədova Azərbaycan Dillər Universitetində təşkil olunmuş “Fiziki məhdudiyyətli insanlar üçün yaradılmış imkanlar və onların üzləşdiyi çətinliklər. İnklüziv təhsil” adlı tədbirdə iştirak etdi. Tədbir zamanı Rima Məmmədova “Azərbaycanın ali təhsil müəssisələrində inklüziv təhsil və mövcud problemlər” adlı təqdimatla çıxış etdi. Təqdimat zamanı o, əlilliyi olan uşaqlar və gənclər haqqında statistik məlumatlar verdi və hazırda Azərbaycanda universitetlərin inklüziv təhsilə nə dərəcədə hazır olub-olmadıqları haqqında danışdı. O, həmçinin “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində görülən işlər barədə də danışdı. Təqdimatın sonunda inklüziv təhsilin həyata keçirilməsi zamanı yaranan problemlər və maneələr haqqında məlumat verdi və onların aradan qaldırılması üçün təkliflərini irəli sürdü.
Tədbirdə müxtəlif dövlət və qeyri-hökümət təşkilatlarının nümayəndələri və tələbələr iştirak etdirdilər. Tədbirdə ESFİDİP layihəsinin tərəfdaşları olan Azərbaycan Dövlət İqtisad Universiteti (Sevinc Məhsimova) və Təhsil Nazirliyi (Anar Xələfov) də iştirak etdilər.