Fevralın 10-da Xəzər Universitetinin Mərmər zalında “Təhsil və media” mövzusunda mətbuat konfransı keçirildi. Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları, media nümayəndələri və təhsil ekspertləri iştirak edirdilər.
Mətbuat konfransı Təhsil fakültəsinin dekanı, dosent Elza Səmədovanın Xəzər Universiteti haqqında slaydlarla müşayiət olunan ətraflı təqdimatı ilə başlandı. Sonra universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, təhsil və media münasibətlərindən, xüsusən ali təhsil müəssisələrinin fəaliyyətinin işıqlandırılması məsələlərindən geniş bəhs etdi. O, medianın bu sahədəki müsbət işi ilə yanaşı, qələmə alınan mövzuların dərindən öyrənilməməsi ilə əlaqədar ciddi çatışmazlıqların da olduğunu konkret misallarla göstərdi və tövsiyələrini bildirdi. Qeyd etdi ki, mövzunun əhatəli və mühüm olması nəzərə alınaraq, Xəzər Universitetində xarici ölkələrdən də ekspertlərin dəvəti ilə geniş konfrans keçirilə bilər. Həmçinin bildirdi ki, media mənsubları arzu etsələr, Xəzər Universitetində onlar üçün bu mövzuda treninqlər də təşkil etmək mümkündür.
İştirakçılardan professor Qulu Məhərrəmli, “Azərbaycan müəllimi” qəzetinin əməkdaşı Niyazi Rəhimov, təhsil ekspertləri – Məhərrəm Zülfüqarlı, Etibar Əliyev, Məlahət Mürşüdlü və universitetin Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyub mövzu ətrafında çıxış etdilər, mülahizə və təkliflərini bildirdilər.
Müzakirələrin aparılması ilə mətbuat konfransı işini başa çatdırdı.