Tələbələr Qobustanda dərs keçdilər
2016-cı ilin mayın 8-də Azərbaycan tarixinin və mədəni keçmişinin mühüm parçası olan Qobustan tarixi-mədəni landşaftına Xəzər Universitetinin Təhsil fakültəsinin tarix müəllimliyi ixtisasının tələbələri dərs proqramına uyğun elmi-ekskursiya xarakterli səfər etdilər. Bu səfər mühazirə-ekskursiya şəklində keçirilmiş və tələbələrin arxeologiyaya giriş fənni üzrə biliklərini təcrübi olaraq formalaşdırmaq məqsədi daşıyırdı. Səfəri Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri Roza Arazova təşkil etmişdi. Mühazirə-ekskursiyada fənn müəllimi olan Orxan Zamanov ilə birgə tarixçi Dövran Abuzərov və Polşanın Yagelon Universitetindən gəlmiş tədqiqatçı Julia Krajcarz da iştirak edirdilər. Səfər zamanı hava şəraitinin münasib olması və tələbələrin təcrübi mühazirəyə olan marağı xüsusilə qeyd edilməlidir. Qobustan Milli Tarixi-bədii qoruğuna səfər tarix üzrə təhsil alan tələbələr üçün mühüm əhəmiyyət daşıdığından belə tədbirlərin keçirilməsi gələcəkdədə nəzərdə tutulmuşdur.