2016-cı il aprelin 26-da Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin tələbələrindən ibarət “Imagine” komandası P2P: Ekstremizmə qarşı Mübarizə Proqramında iştiraklarının bir hissəsi kimi üzərində çalışdıqları marketinq kampaniyası çərçivəsində nəzərdə tutulan tədbirlər silsiləsindən ilk tədbirlərini keçirdilər. Bu proqram ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən dəstəklənir və EdVenture Partners marketinq şirkəti tərəfindən maliyyələşdirilir.
İlk tədbir Xəzər Universitetinin “Dünya” məktəbində baş tutdu və iki hissədən ibarət oldu: şagirdlər üçün təqdimat və valideynlərlə təlim.
Şagirdlərlə keçirilən interaktiv oyunlar onlara özlərini ifadə etməyə, ekstremizm, tolerantlıq, mədəni fərqlilik və digər mühüm mövzular haqqında öyrənməyə imkan verdi. “Imagine” komandasının danışdığı “Qoca kişi və zanbaqlar” haqqında nağıl onlara kiçik bir dəyişikliyin belə, möcüzələr yarada biləcəyini göstərdi. Nağıl həmçinin, qarşılıqlı anlaşma, yaxşılıq və bir-birinə xoş söz demənin vacibliyini vurğulayırdı. Komanda üzvləri şagirdləri marketinq kampaniyası çərçivəsində keçirilən şəkil müsabiqəsi haqqında da məlumatlandırdılar və onları iştirak etməyə dəvət etdilər.
Tədbirdən sonra komanda üzvləri məktəbin həmtəsisçisi Nailə İsayeva və məktəbin direktoru Mərufə Mədətli ilə görüşdülər. Onlar komandanın gördüyü işlərin vacibliyini vurğuladı və səylərinə görə öz təşəkkürlərini bildirdilər. Məktəbin həmtəsisçisinə “Imagine” fincanı hədiyyə olundu.
Valideynlərlə keçirilən təlimdə komandanın hazırladığı video nümayiş etdirildi. Video valideynlərin uşaqların gələcəyinə və bir fərd kimi şəxsi inkişafına necə təsir göstərdiklərinə yönəlmişdi və valideynlərlə müzakirə ilə davam etdi.
“Imagine” komandası şagirdlər və valideynlərə kiçik suvenirlər hədiyyə etdilər.
Komanda proqram çərçivəsində tədbirlər silsiləsi planlaşdırır. Əsas tədbir aprelin 29-u Xəzər Universitetinin “Mərmər” zalında keçiriləcək.