MƏCBURİ FƏNLƏR:
BİO 101: Ümumi Biologiya (6 AKKS)
Prerekviziti: Yox
Bu fənn biologiyaya giriş səviyyəsində üç mühüm aspekti əhatə edir. İlkin olaraq hüceyrənin strukturu, kimyəvi tərkibi, tənəffüsü, fotosintez, hüceyrə fəaliyyətində nəzarət, nüvə və sitoplasmanın rolu öyrənilir. İkinci hissədə əsas genetik anlayışlar, üçüncü hissədə isə orqanizm səviyyəsində bioloji fəaliyyət, yəni orqanizmin müxtəlif hissələrinin strukturu və funksiyası, davranışı, onu əhatə edən bioloji və fiziki mühitə cavab reaksiyaları, o cümlədən təkamülü öyrənilir.
BİO 105: Botanika 1 (6 AKKS)
Prerekviziti: Yox
Bu fənn çərçivəsində ibtidai bitki orqanizmlərinin quruluşu, inkişafı, ekologiyası, taksonomik müxtəlifliyi, mənşəyi, biocoğrafiyası, Yer üzərində yayılması, təbiətdə oynadığı rolu və əhəmiyyəti təsvir edilir. Fənnin tədrisi zamanı müasir elmi nəticələr nəzərə alınmaqla, müxtəlif sistematik qrupların inkişaf qanunauyğunluqları və təkamül dəyişiklikləri, bitki qruplaşmaları haqqında təsəvvürlər formalaşdırılır.
BİO 205: Botanika 2 (6 AKKS)
Prerekviziti: BİO 105
Bu fənn çərçivəsində ali bitki orqanizmlərinin quruluşu, çoxalması, müxtəlifliyi, Yer üzərində yayılması, təbiətdə oynadığı rolu və əhəmiyyəti öyrənilir. Fənnin tədrisi zamanı müasir elmi nəticələr nəzərə alınmaqla, müxtəlif sistematik qrupların inkişaf qanunauyğunluqları və təkamül dəyişiklikləri, bitki qruplaşmaları haqqında təsəvvürlər formalaşdırılır.
BİO 201: Zoologiya 1 (6 AKKS)
Prerekviziti: Yox
Bu kurs onurğasız heyvanların (o cümlədən ibtidailərin) təsnifatını, müqayisəli sistematikasını, morfologiyasını, mənşəyini, Yer üzərində yayılmasını və ekosistemdəki rolunu təsvir edir. Laboratoriyada bəzi ibtidailərin preparatları üzərində onların quruluşları tədqiq edilir.
BİO 202: Zoologiya 2 (6 AKKS)
Prerekviziti: BİO 201
Bu kurs xordalı heyvanların quruluşu, həyat fəaliyyəti, ekologiyası və müxtəlifliyini təsvir edir. Kursun öyrənilməsi zamanı xordalılar tipinin sistemi və həcmi, morfo-funksional xüsusiyyətləri, müxtəlif yarımtiplərinin və siniflərinin sistematikası, təkamülü, adaptasiya müxtəliflikləri, biosenozlardakı rolu və əhəmiyyəti haqqında təsəvvürlər formalaşdırılır.
BİO 215: Sitologiya (6 AKKS)
Prerekviziti: Yox
Sitologiya kursu hüceyrələrin ümumi quruluşunu, funksional xüsusiyyətlərini, onların ibtidai və ali orqanizmlərdə rolunu təsvir edir. Kursun gedişində sitoloji texnika, hüceyrənin struktur komponentləri (plazmalemma, orqanoidlər, nüvə, sitoskelet, sitoplazmatik əlavələr), hüceyrənin həyat tsikli, o cümlədən çoxalması, qocalması və ölümü haqqında ətraflı məlumat verilir. Kursun tədrisi mühazirələr və hazır mikropreparatların tədqiqinə əsaslanan laborator məşğələlər şəklində aparılır.
BİO 220: Histologiya (6 AKKS)
Prerekviziti: BİO 215
Bu kursun gedişində orqanizmi təşkil edən toxumaların ümumi morfoloji-funksional xüsusiyyətləri öyrənilir. Dörd əsas toxuma növü olan epiteli, birləşdirici, əzələ və sinir toxumalarının qısa inkişaf mexanizmləri, özünəməxsus quruluş xüsusiyyətləri və funksional əhəmiyyətləri araşdırılır. Kursun tədrisi mühazirələr və hazır mikropreparatların tədqiqinə əsaslanan laborator məşğələlər şəklində aparılır.
BİO 225: Bitki Fiziologiyası (6 AKKS)
Prerekviziti: BİO 205
İbtidai və ali bitkilərin orqanizmlərində baş verən mühüm həyat proseslərini, yəni bitkilərin struktur və funksiyalarının əlaqəliliyini, onların qida mənbələrini, enerji tələblərini, suyun və mineralların hərəkətini, bitkilərin böyüməsi və inkişafını, həyati proseslərin qanunauyğunluqlarını və bu qanunauyğunluqlardan istifadə olunmaqla onların idarə olunmasını, həmçinin bitki fiziologiyası tədqiqatlarının təbiətdə və kənd təsərrüfatında əhəmiyyətini təsvir edir.
BİO301: Biokimya (6 AKKS)
Prerekviziti: CHEM 208
Biokimya kursu canlılar haqqında bütün elmləri əhatə edərək, toxuma və hüceyrələrin kimyəvi tərkibini, yəni nuklein turşuları, fermentlər, zülallar, karbohidratlar, lipidlər və vitaminlər daxil olmaqla bütün bioloji molekulların struktur və funksiyalarının öyrənilməsini əhatə edir. Bu kurs həmçinin qlikoliz, fermentasiya, tənəffüs, yağ turşularının oksidləşməsi və fotosintez daxil olmaqla metabolizm yollarını və bioenerjinin alınma yollarını öyrənir. Kursun tədrisi zamanı laboratoriyada müvafiq təcrübələr aparılır.
BİO305: İnsan və Heyvan Fiziologiyası (6 AKKS)
Prerekviziti: BİO 202
Bu kurs hüceyrə fiziologiyasının əsasları, oyanma qabiliyyətli toxumaların və əzələlərin fiziologiyası, sinir sisteminin ümumi və xüsusi fiziologiyası, analizatorların fiziologiyası və daxili sekresiya vəziləri, qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat, maddələr və enerji mübadiləsi, bədən temperaturu və tənzimi, əməyin fiziologiyası, ekoloji fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyətinin öyrənilməsini əhatə edir.
BİO310: İnsan Anatomiyası (6 AKKS)
Prerekviziti: Yox
Bu kurs normal insan orqanizminin makroskopik quruluşunu ayrı-ayrı sistemlər üzrə tədrisini əhatə edir. Kursun gedişində müxtəlif əyani vəsaitlərin istifadəsi ilə tələbələrə dayaq-hərəkət aparatı, daxili orqanlar, əzələ sistemi, endokrin sistem, immun müdafiə sistemi, sinir sistemi, duyğu orqanları, dəri örtüyü sistemi, ürək-damar sistemi və sidik-cinsiyyət aparatına daxil olan orqanların anatomik quruluşu, onların topoqrafiyası, yaş xüsusiyyətləri, qan və sinir təchizi və s. haqqında məlumatlar verilir. İnsan anatomiyası kursunun tədrisi mühazirə və praktik məşğələlər şəklində həyata keçirilir.
BİO402: Genetika və Seleksiya (6 AKKS)
Prerekviziti: BİO101
Bu kurs çərçivəsində canlının bütün quruluş səviyyələrində irsiyyət və dəyişkənliyinin mexanizmləri öyrənilir, genetikanın irsiyyət və dəyişkənlik haqqında ümumi qanunları əsasında molekulyar genetika, cinsiyyətin genetikası və seleksiyanın genetik metodları araşdırılır. Bu kursun tədrisi həmçinin əsas təkamül nəzəriyyələrini, növəmələgəlmə konsepsiyası və təkamülün genetik əsaslarını da əhatə edir.
BİO410: Mikrobiologiya (6 AKKS)
Prerekviziti: BİO101
Bu kurs özündə bir sıra müstəqil və bir-birilə sıx əlaqədə olan – bakteriologiya, virusologiya, mikologiya, protozoologiya, virusologiya və s. fənləri birləşdirən inteqral bir fənn olaraq, mikroorqanizmlərin morfologiyası, təsnifatı, fiziologiyası, genetikası və ekologiyasının öyrənilməsini əhatə edir. Həmçinin, antibiotiklər, infeksiya və immunitet haqqında ümumi bilikləri izah edir.
BİO405: Ekologiya və Təkamül Biologiyası (6 AKKS)
Prerekviziti: BİO402
Bu kursun tədrisi zamanı planetimizdə mövcud olan həyat fenomeninin əsas xüsusiyyətləri, canlı materiyanın makromolekulyar, hüceyrə, orqanizm, populyasiya, ekosistem və biosfer səviyyələrində baş verən mühüm bioloji prosesləri öyrənilir. Fənn həmçinin biomüxtəlifliyin quruluşu, müasir təkamül nəzəriyyəsinin müddəaları haqqında bilikləri də əhatə edir.
BİO408: Molekulyar Biologiya (6 AKKS)
Prerekviziti: BİO301
Fənn biopolimerlərin – zülalların və nuklein turşularının strukturu, xassələri və funksiyaları, genetik informasiyanın ötürülməsi və realizasiyası mexanizmləri haqqında bilikləri əhatə edir. Fənn çərçivəsində həmçinin viruslar, pro- və eukariotların genomlarının quruluşu haqqında təsəvvürlər formalaşdırılır, müasir molekulyar bioloji metodlarla nəzəri və praktiki tanışlıq həyata keçirilir.
SEÇMƏ FƏNLƏR:
BİO315: İnkişafın Biologiyası (6 AKKS)
Prerekviziti: Yox
İnkişafın biologiyası – çoxhüceyrəli orqanizmlərin qametogenezdən başlayan ontogenezinin qanunauyğunluqları haqqında elmdir. Əsasən, insan orqanizminin inkişafının ümumi qanunauyğunluqları tədris olunur. Cinsi hüceyrələrin quruluşundan və mayalanmadan başlayaraq, rüşeym vərəqələrinin yaranması və onların diferensiasiya edərək toxumalara başlanğıc verməsi, yəni progenez və histogenez prosesləri əhatə olunur. Həmçinin, orqanogenez və sistemogenez prosesləri, döl dövrünün ümumi xüsusiyyətləri haqqında biliklər də verilir.
BİO325: Tibbi Biologiya (6 AKKS)
Prerekviziti: Yox
Tibbi biologiya biologiyanın bir sahəsi olub, tibbin nəzəri əsaslarını təşkil edir və tibbi diaqnostikada insan sağlamlığı üçün praktiki olaraq tətbiq edilir. Kurs qısaca olaraq hüceyrə biologiyası, molekulyar biologiya, genetika, parazitologiya və diaqnostika sahələrini əhatə edir. Kursun tədrisi zamanı laboratoriyada diaqnostik üsullardan istifadə edərək, təcrübə dərsləri aparılır.
BİO111: Biofizika (6 AKKS)
Prerekviziti: Yox
Biofizika fənni çərçivəsində bioloji proseslərin kinetika və termodinamikası, biopolimerlərin fəza quruluşu və elektron xassələri, qlobulyar zülalların dinamik xassələri, biomembranların struktur-funksional təşkili, membranlardan maddələrin daşınması və bioelektrogenez, biomembranlarda enerjinin transformasiyası, fotobioloji proseslərin ilkin mexanizmləri, ionlaşdırıcı şüaların təsirinin biofiziki mexanizmləri öyrənilir. Bu fənnin tədrisinə həmçinin əsas biofiziki tədqiqat metodları ilə tanışlıq da daxildir.
BİO330: Mərkəzi Sinir Sistemi (6 AKKS)
Prerekviziti: Yox
Bu kurs sinir sisteminin əsas hissələrindən olan mərkəzi sinir sisteminin morfo-funksional xüsusiyyətlərini əhatə edir. Kursun gedişi zamanı mərkəzi sinir sisteminə aid olan bütün törəmələrin quruluşu və funksional xüsusiyyətləri tədris olunur. Həmçinin, mərkəzi sinir sisteminin orqanizmdəki müxtəlif sistem və aparatların fəaliyyətini (hərəkət, həzm, tənəffüs, ifrazat, qan dövranı, limfa cərəyanı, metabolik prosesləri və s.) necə tənzim etməsi və orqanizmlə onu əhatə edən xarici mühit arasında qarşılıqlı əlaqə yaratması öyrədilir.
BİO335: Bioinformatikaya Giriş (6 AKKS)
Prerekviziti: Yox
Bu kurs ümumilikdə biologiyanın müxtəlif sahələrinə toxunaraq, problemləri başa düşmək, geniş məlumat və nəticələri izah etmək üçün uyğun kompüter proqramlarının tətbiqini, həmçinin riyazi və statistik üsul və metodlarının seçilməsi və istifadə edilməsinin öyrənilməsini əhatə edir.
BİO420: İmmunologiya (6 AKKS)
Prerekviziti: Yox
İmmunologiya biologiyanın bir sahəsi olub, orqanizmin müdafiə mexanizmlərini öyrənən bir elmdir. Bu fənn molekulyar və hüceyrə səviyyəsində immunitetin bioloji əsaslarının hərtərəfli öyrənilməsini əhatə edir. Həmçinin, orqanizmin normal immun cavabı, anadangəlmə və qazanılmış immunitet, immun çatışmazlıq, autoimmun xəstəliklər, immunitetin klinik diaqnostikası və profilaktikası, immunoloji müalicə üsulları və immunokimyəvi elmi tədqiqat üsulları haqda biliklər əhatə edilir. Kursun tədrisi zamanı laboratoriyada təcrübələr aparılır.
BİO 435: Biometriya (6 AKKS)
Prerekviziti: Yox
Bu fənn bioloji hadisələr və müşahidələr zamanı əldə olunan nəticələrin biometrik xassələrinə əsaslanaraq, uyğun statistik və riyazi metodların inkişaf etdirilməsi və tətbiqi ilə analiz yollarının müəyyənləşdirilməsini təsvir edir. Bu fənn çərçivəsində müasir biologiyada, tibbin müxtəlif sahələrində, xəstəliklərin baş vermə səbəblərinin araşdırılmasında, onlara nəzarət olunması və ictimai sağlamlıq problemlərinə dair epidemioloji tədqiqatlarda genetika və genomika sahəsində, həmçinin kənd təsərrüfatının bir çox digər sahələrində istifadə olunan riyazi və statistik üsullar öyrədilir.
BİO430: Ətraf Mühit və Biotexnologiya (6 AKKS)
Prerekviziti: Yox
Bu inteqral fənn çərçivəsində ekologiyada və təbiətdən istifadədə zəruri olan müvafiq biliklər təsvir edilir, müxtəlif nümunələrin götürülməsi, ekspertiza, ekoloji monitorinq metodları və ekoloji monitorinqin nəzəri əsasları öyrədilir, biomüxtəlifliyin təsviri və identifikasiyası səriştəsi formalaşdırılır, ətraf mühitin çirklənməsinin azaldılması və ekoloji risk haqqında məlumatlar verilir. Fənn həmçinin nanobiotexnologiyanın ümumi elmi prinsipləri, əsas inkişaf istiqamətləri, ideyaları, anlayışları, bu sahənin son elmi nailiyyətləri, tətbiqi, ətraf mühit üçün praktiki əhəmiyyəti haqqında məlumatları da əhatə edir.