Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin (HESS) quruluş illərində əsas istiqamət humanitar elmlər sahəsində peşəkar, elmi tədqiqata töhfə verən, daima araşdıran, qloballaşan dünyada beynəlxalq və milli - mənəvi dəyərlərə, liberal və multikultural düşüncəyə sahib humanist, gənc mütəxəssislər yetişdirmək, profilinə uyğun sahələrdə elmi tədqiqata töhfə vermək olsa da zamanla fakültənin təhsil elmləri, siyasi elmlər, psixologiya, tərcümə və dizayn istiqamətində şaxələnməsi onun missiyasını da genişləndirmişdir.
Humanitar, Təhsil və Sosial elmlər fakültəsinin əsas istiqamətlərindən biri təhsilin müxtəlif sahələrində tədqiqat aparacaq, təhsil siyasəti və strategiyası hazırlayacaq, təhsil proqramları hazırlayacaq, müasir tədris metodları və qiymətləndirmə strategiyalarını müəyyən edə biləcək bilik və bacarığa yiyələnmiş təhsil işçiləri və mütəxəssisləri, müəllimlər yetişdirməkdir.
Əsası qoyulduğu gündən müasir dövrün tələblərinə cavab verən peşə vərdişlərinə və intellektual potensiala malik gənc nəslin formalaşmasına səy göstərən fakültə, universitetin sosial həyatında da fəal iştirak edir. Fakültədə həmçinin təhsil, psixologiya sahələrində də peşəkar təlim proqramları həyata keçirilir və insanların intellektual inkişafı kimi maarifləndirici başqa proqramlara da mühüm yer verilir.
Fakültədə tədrisin təşkili zamanı əsas amillərdən biri də gələcək mütəxəssislərdə yaradıcı və tənqidi təfəkkürü inkişaf etdirmək, onların təşəbbüskar, özünə, ailəsinə, qurumuna, ölkəsinə və bütün bəşəriyyətə töhfə verən vətəndaş kimi yetişməsini təmin etməkdir. Bununla yanaşı fakültə yetişdirdiyi gənc mütəxəssis və tədqiqatçılara davamlı araşdırma və həyat boyu öyrənmə prinsipini bağlı qalaraq Xəzər Universitetinin “Hər zaman mükəmməlliyə doğru” devizini aşılayır.