20 noyabr 2026-cı il tarixində Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə I Beynəlxalq “Türk dünyasının mənəvi dəyərləri: Seyid Yəhya Bakuvi” konfransı keçiriləcək. Tədbir Azərbaycan, Türkiyə, Bolqarıstan, Özbəkistan, İngiltərə, Mərakeş və digər ölkələrin tərəfdaş qurumlarının dəstəyi ilə təşkil olunur.
XV əsr Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvinin irsinə həsr edilən konfransın əsas məqsədi onun fəlsəfi və irfani irsinin daha geniş elmi müstəvidə araşdırılması, türk dünyasının mənəvi-mədəni əlaqələrinin öyrənilməsi və ortaq irsin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verməkdir. Təşəbbüsün gələcəkdə türk coğrafiyasının mənəvi irsinin formalaşmasında mühüm rol oynamış şəxsiyyətlərə həsr olunan silsilə beynəlxalq konfranslar şəklində davam etdirilməsi nəzərdə tutulur.
2013-cü ildə UNESCO-nun 37-ci Baş Konfransının qərarı ilə Seyid Yəhya Bakuvinin vəfatının 550 illiyi beynəlxalq səviyyədə qeyd edilib. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Bakıda, Fransa və Türkiyədə beynəlxalq tədbirlər keçirilib, mütəfəkkirin fars dilində yazdığı əsərlər Azərbaycan türkcəsinə tərcümə olunaraq geniş oxucu auditoriyasına təqdim edilib. Nəzərdə tutulan konfrans bu fəaliyyətlərin davamı olmaqla yanaşı, Bakuvi irsini türk dünyasının mənəvi inteqrasiyası və ortaq mədəni yaddaşı kontekstində daha geniş şəkildə araşdırmağı hədəfləyir.
Konfransda iştirak etmək istəyən tədqiqatçılar müəllif haqqında məlumatları ehtiva edən 300-500 sözlük xülasələrini 30 oktyabr 2026-cı il tarixinədək mefam@khazar.org elektron poçt ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün: www.humefai.org; mefam@khazar.org
Qeyd edək ki, konfrans 20 noyabr 2026-cı il saat 11:00-da Xəzər Universitetinin Mərmər zalında baş tutacaq.