2021-ci il iyulun 28-də İstanbul Aydın Üniversitetindən Fənn ədəbiyyat fakültəsinin dekan müavini, sosioloq Dr. Gökçen Çatlı Özen və Tarix bölümü Erasmus koordinatörü, tarixçi, dosent Dr. Alev Duran Erasmus+ proqramı çərçivəsində Xəzər Universitetində oldular. Onlar əvvəlcə Beynəlxalq əlaqələr ofisinin əməkdaşları Dr. Vlad Vernygora, Rauf İsmayılov və digərləri ilə görüşərək, müvafiq məsələlər haqqında söhbət apardılar.
Sonra Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekan müavini Aygün Verdiyeva fakültə, ixtisaslar və qəbul prosesi haqqında onlara geniş məlumat verdi. Tanışlıq prosesinin davamı olaraq, Tarix və arxeologiya departamentinin koordinatoru Orxan Zamanov və departamentin müəllimi, AMEA Elm tarixi İnstitutunun müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Bayram Quliyev qonaqlarla deparatementin ixtisas profili və gələcək əməkdaşlıq haqqında müzakirələr apardılar. Xəzər Universitetində görüşlərin yekunu olaraq qonaqlar İctimaiyyətlə əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəyli ilə görüşüb, söhbət etdilər.
İyulun 29-da Orxan Zamanovun təşəbbüsü ilə qonaqlar AMEA Arxeologiya və Etnoqrafiya muzeyi və Milli Azərbaycan Tarixi Muzeyində oldular, Xəzər Universiteti və Bakı şəhəri ilə bağlı xoş təəssüratla ayrıldılar.