2021-ci il yanvarın 29-da Xəzər Universiteti İnkişaf Mərkəzi universitetin tərəfdaş olduğu UniLab layihəsi çərçivəsində növbəti virtual Fokus Qrup Müzakirəsi təşkil etmişdir. Müzakirənin əsas mövzusu universitet-biznes əməkdaşlığının genişləndirilməsi, tələbələrin təcrübə proqramlarının təşkili, getdikləri şirkətlərdə qarşılaşdıqları çətinliklər və həmin təşkilatların göstərdiyi dəstək, gələcəkdə universitet-biznes əməkdaşlığının genişləndirilməsi modelləri idi.
Tədbirin bu dəfəki müzakirə iştirakçıları Xəzər Universiteti Təbiət elmləri və mühəndislik fakültəsinin xaricdə təhsil alan məzunları (Emin Bayramov – Eötvös Lorand Universiteti, Macarıstan; Sərxan Hacıyev – Pohang Təbiət və Texnologiya Universiteti, Cənubi Koreya; Ruslan Babayev – Milan Politexnik Universiteti, İtaliya) olmuşlar. Tədbirdə Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı vəzifəsini icra edən Dr. Fəxrəndə Əlimərdanova, İqtisadiyyat və menecment fakültəsinin dekanı Dr. Ceyhun Məmmədov, İqtisadiyyat və menecment fakültəsinin koordinatoru Dr. Bahadır Baysal, həmçinin UniLab layihəsinin icraçıları Ülkər Bayramova və Səbinə Quliyeva iştirak etmişlər.
Dr. Fəxrəndə Əlimərdanova və Ülkər Bayramova UniLab layihəsi, onun məqsədləri və tərəfdaşları haqqında iştirakçılara ətraflı məlumat vermişlər. Bundan sonra tədbirin gündəliyinə uyğun olaraq müzakirələr başlanmış və məzunlar bu müzakirələrdə çox fəal iştirak etmişlər.
Müzakirə zamanı təcrübə keçən tələbələrin getdikləri şirkətlərdən gözləntiləri, təcrübə zamanı üzləşdikləri çətinliklər və mentorların təcrübə zamanı onlara göstərdiyi dəstək, şirkətlərin təcrübə keçən tələbələri gələcək əməkdaşları kimi necə dəyələndirdiyi, universitetlərdə karyera mərkəzlərinin olması vacibliyi, onun tələbələr üçün əhəmiyyəti və həmçinin də gələcəkdə universitet-biznes əməkdaşlığının yeni modellərinin yaradılması və s. mövzular geniş müzakirə olunmuşdur. Müzakirələr əsnasında məzunlar hazırda yaşadıqları ölkədə və təhsil aldıqları universitetdə tələbələrin təcrübələrinin təşkili haqqında da maraqlı nümunələr haqqında məlumat vermişlər.
Tədbirin sonunda təşkilatçılar məzunlara müzakirələrdə göstərdikləri fəallığa görə təşəkkür etmiş və onlara uğurlar arzulamışlar.