Xəzər Universiteti və Middlesex Universiteti (İngiltərə) Creative Spark layihəsi çərçivəsində British Council-in Creative Spark Tərəfdaşlığı Fondunun dəstəyi ilə silsilə vebinarlar təşkil etmişlər.
Hər üç vebinar Middlesex Universitetinin dosenti George Dafoulas tərəfindən keçirilmişdir. Vebinarlarda Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva, layihə meneceri Səbinə Quluyeva, Karyera Mərkəzinin koordinatoru Fəxrəddin Abdullayev və hər iki universitetin tələbələri iştirak etmişlər.
Aprelin 27-də 1-ci vebinar “PITCH müsabiqəsi (biznes-təqdimat) üçün hazırlıq” mövzusunda olub. Dr. George Dafoulas tələbə komandalarının yaradıcı Spark afişaları və videolarını necə hazırlayacaqlarına dair xüsusi qaydalar haqqında danışmışdır.
Mayın 4-də ikinci vebinar keçirilmişdir. Dr. George Dafoulas sahibkarlıq, onun əsas elementləri və növləri haqqında məlumat vermis, peşəkar sahibkarın hansı bacarıq və keyfiyyətlərə malik olmasının zəruriliyindən bəhs etmişdir.
Mayın 11-də keçirilmiş üçüncü vebinarın mövzusu “Sahibkarlıq zehniyyəti - düşüncə çərçivəsinin təsviri, yaradıcı və yenilikçi sahibkarlar üçün lazımi bacarıqlar” olmuşdur. Dr. George Dafoulas sahibkarlıq zehniyyəti, onun əsas dörd elementi və komponentləri, mərhələləri haqqında məlumat vermişdir. Sonra sahibkarlıq zehniyyətini necə inkişaf etdirməli mövzusunda videotəqdimat olmuşdur.
Vebinarlar tələbələr tərəfindən Dr. George Dafoulasa ünvanlanan sualların müzakirəsi ilə başa çatmışdır.