2020-ci il aprelin 21-də Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dr. Elmar Mustafayev və Azərbaycan Mediasiya Şurasının idarə heyətinin üzvü Ruslan Mirzəyev arasında onlayn videogörüş olmuşdur. Tərəflər arasında onlayn videogörüşün əsas məqsədi Xəzər Universiteti və Gəncə Dövlət Universitetinin tərəfdaşı olduğu "Erasmus+ MEDIATS: Training and Society Transformation (599010-EPP-1-2018-1-NL-EPPKA2-CBHE-JP)" layihəsi və bu yaxınlarda təsis edilmiş Mediasiya Şurası arasında mümkün əməkdaşlıq imkanlarını müzakirə etmək olmuşdur.
Görüşdə Elmar Mustafayev "MEDIATS: Training and Society Transformation" layihəsinin məqsədləri və Azərbaycanın tərəfdaş universitetlərinin layihə çərçivəsindəki öhdəlikləri barəsində məlumat vermişdir. Elmar Mustafayev, həmçinin, tərəfdaş universitetlərin Mediasiya Şurasının gələcək fəaliyyətində yaxından iştirak etmək marağını bildirmiş və mediasiya sahəsində təbliğat və təlimlərin birgə təşkil olunması təklifi ilə çıxış etmişdir.
Öz növbəsində Ruslan Mirzəyev Mediasiya Şurasının gələcək planları barəsində məlumat vermiş və "MEDIATS: Training and Society Transformation" layihəsinin tərəfdaş universitetləri ilə əməkdaşlıq etməkdən məmnun olacaqlarını bildirmişdir. Görüş əsnasında Ruslan Mirzəyev Xəzər Universiteti və Gəncə Dövlət Universitetinin əməkdaşlarını Mediasiya Şurası tərəfindən təşkil edilən təlimlərdə iştirak etməyə də dəvət etmişdir.
Onlayn videogörüşün sonunda tərəflər karantin tədbirlərinin aradan qaldırılmasından sonra görüşüb, əməkdaşlıq məsələlərini daha ətraflı müzakirə etmək barəsində razılığa gəliblər.