2020-ci il fevralın 27-də Xəzər Universitetində Təbiət elmləri və mühəndislik fakültəsinin Həyat elmləri departamentinin təşkilatçılığı ilə “1 Mart –Ümumdünya Mülki Müdafiə Günü”nə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Universitetin müəllim heyəti və tələbələri iştirak edirdilər. Xəzər Universitetinin əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant Mais Talışxanov tədbiri açıq elan etdi. O, tələbələrə Mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara qarşı necə hazır olmağın yolları haqqında ümumi məlumat verdi. Bundan sonra tədbiri aparmaq üçün söz universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsinin tələbələri Fərqanə Ələsgərli və Şəbnəm Ağayarovaya verildi. Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranma tarixi və inkişaf yolu, Azərbaycanın bu təşkilatda rolu barədə məlumatı tədbir iştirakçılarına həmin fakültənin tələbəsi Səma Qasımova təqdim etdi.
“1 Mart –Ümumdünya Mülki Müdafiə Günü” hər il bir mövzuya həsr edilir. Bu il isə tədbir tələbə Pərvin Həsənovanın hazırladığı “Mülki Müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda təqdimatı ilə davam etdi. Sonradan tədbirin praktiki hissəsində fövqəladə hallar zamanı xilas etmə işlərinə aid olan, insanlara ilk yardım zamanı süni tənəffüsün verilməsi və ürəyin qapalı masajının qaydaları tələbə Aytac Şıxıyeva tərəfindən nümayiş olundu. Bundan sonra tədbir iştirakçılarına ilk yardım çantasının istifadəsi və qanaxmalar zamanı ilk yardım qaydaları tələbələr Fatma Ağayeva və Şəhla Quliyeva tərəfindən təqdim edildi.
Yanıqlar zamanı xəsarət alanlara, yad cismin nəfəs borusunda qaldığı zaman isə ilk yardımın göstərilməsi qaydaları Humanitar, təhsil və sosial elmlər fakültəsinin tələbəsi Aydan Nağıyeva tərəfindən izah olundu. Tələbə Aysel Qocayeva dəm qazının yaranma səbəbləri haqqında, zəhərlənmələr zamanı ilk yardım mövzusunda tədbir iştirakçılarına məlumat verdi.
3-cü kurs tələbəsi Ülkər Məmmədova öz növbəsində müasir dövrdə istehsalatda, məişətdə müxtəlif növ kimyəvi maddələr və onların birləşmələrindən istifadəsinin artması, GTZM-dən mühafizə qaydaları barədə danışdı, zəhərlənmələr zamanı ilk yardım göstərilməsi qaydalarını geniş izah etdi.
Tədbirdə çıxış edən Xəzər Universitetinin FHK üzvü Psixoloji xidmət mərkəzinin direktoru Mələk Kərimova tədbir iştirakçılarına fövqəladə hallar zamanı insanların psixoloji vəziyyətinin pozulması, belə hallara hazırlıqlı olmalarını xüsusi vurğuladı, bu barədə tövsiyələr verdi. Universitetinin Mülki müdafiə qərargahının üzvü, Həyat elmləri departamentinin müdiri Asəf Ömərov tələbələr qarşısında insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlarla çıxış etdi və onların suallarını cavablandırdı.