2020-ci il fevralın 10-da Xəzər Universitetinin Mərmər salonunda AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyevin dahi Lütfi Zadə ilə birgə yazdığı və xaricdə çap edilmiş “Fuzzy logic theory and applications” (Qeyri-səlis məntiq – nəzəriyyə və tətbiqetmələr) kitabının təqdimatı keçirildi. Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları, ölkənin tanınmış elm və mədəniyyət xadimləri iştirak edirdilər.
Tədbiri Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova açaraq, qonaqları salamladı. Tədbirin aparıcısı, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli çıxışında professor Rafiq Əliyevin Lütfi Zadə ilə sıx əməkdaşlığından və bunun nəticəsində ərsəyə gələrək təqdim olunan kitabın dünya elmi ictimaiyyətində doğurduğu böyük maraq və əhəmiyyətindən danışdı.
Sonra professor Rafiq Əliyevin həyat və fəaliyyətinə aid, Lütfi Zadənin professor haqqında fikirlərindən ibarət sənədli filmlər və tədbir boyu dünyanın müxtəlif ölkələrinin məşhur alimlərinin professor Rafiq Əliyev haqqında sözləri yazılmış slaydlar nümayiş olundu.
Çıxış edənlər - texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Akif Əlizadə, akademik Akif Musayev (AMEA, iqtisadiyyatçı), Texnika elmləri doktoru, professor Rafiq Mehdiyev (İstanbul texnik universiteti), jurnalist Elmin Nuri (edu.az-saytı, elmin populyatoru), şair, publisist Rafail Tağızadə (“Su kimi sakit və güclü” kitabının tərtibatçısı), Xalq şairi Ramiz Rövşən, yazıçı- dramaturq Əli Əmirli və professor Rafiq Əliyevin nəvəsi, İngiltərənin “Durham” Universitetinin bakalavr, “Warwick” Universitetinin magistr məzunu Rafiq Əliyev çıxış edərək, professor Rafiq Əliyevin elmi fəaliyyətinin müxtəlif cəhətlərindən danışdılar.
Tədbirdə, həmçinin, professor Rafiq Əliyevə həsr olunmuş “Su kimi sakit və güclü” adlı kitabdan da söhbət açıldı. Bu topluda alimin müxtəlif illərdə yazdığı məqalələr, mətbuata verdiyi müsahibələr və onun barəsində qələmə alınmış yazılar yer alıb.
Sonda professor Rafiq Əliyev çıxış edərək, Xəzər Universitetinin rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.
Tədbirin əvvəlində iştirakçılara Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin müdiri, əməkdar müəllim, pianoçu Zülfiyyə Sadıqovanın rəhbərliyi ilə universitetin Kamera orkestrinin konserti təqdim olundu.