2020-ci il fevralın 4-ü və 5-də Xəzər Universitetinin Həyat elmləri departamentinin təşəbbüsü ilə İranın Təbriz Universitetinin Kənd təsərrüfat fakültəsinin Bitki seleksiyası və biotexnologiya departamentindən dəvət olunmuş professor Seyyed Abolghasem Mahamadi elmi seminar keçirdi. Seminarın birinci günü “Genetik ehtiyatlardan istifadə edərək, molekulyar seleksiyanın tətbiqi nəticəsində buğda bitkisinin məhsuldarlıq potensialının və stress tolerantlığının artırılması (Molecular breeding to enhance yield potential and stress tolerance in wheat through exploitation of genetic resources)” mövzusuna həsr olundu. Seminarda professor Mahamadi buğda bitkisinin molekulyar seleksiyasının ən son biotexnologiya metodları vasitəsilə həyata keçirilməsi, eyni zamanda, dünyada sürətli seleksiya (speed breeding) üsulu haqqında geniş məlumatlar verdi.
Seminarın ikinci günü isə dərman bitkilərin molekulyar analizinə həsr olundu.
Seminar Azərbaycanın müxtəlif elm mərkəzlərindən –Xəzər Universiteti, Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutu, AMEA Genetik Ehtiyatlar İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan dəvət olunmuş alimlər, mütəxəssislər və tələbələrin iştirakı ilə baş tutdu. Seminarda Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, həmçinin Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Hassan Niknafs iştirak edirdilər. Tədbir ümumilikdə interaktiv keçərək, iştirakçılar tərəfindən yüksək qiymətləndirildi. Tədbirin sonunda Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova professor Mahamadi ilə gələcək perspektivləri müzakirə etməklə, Xəzər Universitetində genomika və biometriya sahələrində təlimi kursların keçirilməsi və birgə layihələrin planları haqqında fikir mübadiləsi apardılar.
Daha sonra dəvət edilmiş qonağa sertifikat və hədiyyələr təqdim olundu.