2019-cu il iyul ayının 15-16-da Gürcüstanın Akaki Tseretelli Dövlət Universitetinin koordinatoru olduğu “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” (“AESOP: Advocacy Establishment for Students through Ombudsman Position”) layihəsi çərçivəsində Gürcüstanın Kutaisi şəhərində yekun görüş keçirilmişdir. Görüşdə Xəzər Universitetindən İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva, Psixologiya departamentinin koordionatoru Mələk Kərimova və Tələbə Qəbulu şöbəsinin müdiri, Ombudsman Lamiyə Namazova iştirak etmişlər.
Lahyihənin yekun görüşündə Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa, İtaliya, Finlandiya, Avstriya və İngiltərədən 16 tərəfdaş universitetin təmsilçiləri görüşmüşlər.
İki gün davam edən tədbirdə ümumilikdə layihə üzrə həyata keçirilmiş fəaliyyətlərin nəticələri təqdim olunmuşdur. Xəzər Universiteti İnkişaf mərkəzinin direktoru Raziyə İsayeva həm açılışda çıxış edib əməkdaşları salamlamış, həm də tədbirin gedişində bir daha çıxış edərək, layihənin ümumi fəlsəfəsi və əldə edilmiş nəticələr barədə danışmışdır.
Əlavə olaraq, Avropa İttifaqı üzvü olmayan ölkələrdən gələn universitetlərin nümayəndələrinin Ombudsman ofisi ilə bağlı həyata keçirdikləri fəaliyyəti haqqında təqdimatları da dinlənilmişdir.