2019-cu il iyunun 7-də Bakının tarixi və əsrarəngiz guşəsi olan İçərişəhərdə Xəzər Universiteti ilə qarşılıqlı əməkdaşlığı olan “Şəhər incəsənəti. Azərbaycan” (City Art. Azerbaijan) açıq ictimai incəsənət layihəsi çərçivəsində “Qədim şəhərin müasir çaları ol!” adlı təsviri və tətbiqi incəsənət müsabiqəsinin tanışlıq sərgisi baş tutdu. Qeyd olunan layihə Xəzər Universiteti ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) –Rəyasət Heyəti, Rəyasət Heyəti yanında Gənc Alim və Mütəxəssislər şurası, Memarlıq və İncəsənət İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Mirzə Ələkbər Sabir Fondu, “Nur Art House” qalereyası və Azərbaycan Arxeoloqlar Cəmiyyəti İB tərəfindən dəstəklənir.
Tədbirin hazırlanmasında və təşkilində “Nur Art House” qalereyasının və Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin tələbələri aktiv iştirak etmişdilər.
Sərgini açan layihənin yaradıcı heyətinin rəhbəri Səidə Musayeva, ilk olaraq, gənc rəssamları və onların əsərlərini təqdim etdi. Daha sonra tədbirin aparıcısı sözü qalereyanın rəhbəri, UNESCO-nun Azərbaycan üzrə sənətşünas eksperti, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyevaya verdi. Daha sonra layihənin tərəfdaşı olan Qobustan Milli Tarixi-Bədii Qoruğunun baş mühafizi Fikrət Abdullayev və Mirzə Ələkbər Sabir Fondunun direktoru dosent Sevda Tahirli çıxış etdilər.
Tədbir açıq ictimai incəsənət layihəsinin növbəti mərhələsinin məntiqi və uğurlu yekunu oldu.