2019-cu il mayın 5-də Bakı şəhəri, “Park İnn” otelində Azərbaycan Dövlət Pedaqoji Universiteti və Zəfər Hazırlıq Kurslarının birgə təşkil etdiyi “Azərbaycan Universitetlərinin Təhsil Sərgisi” baş tutdu. Sərginin əsas məqsədi abituriyentlərə ölkənin universitetlərini tanıtmaq və onlara düzgün peşə, ixtisas seçimində yardım göstərmək idi.
Tədbiri Zəfər Kursları İdarə Heyətinin sədri Arzu Yusifova açaraq, abuturiyentlərə uğurlar arzuladı. Sərgidə Xəzər Universiteti ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Qərbi Kaspi Universiteti, M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Azərbaycan Universiteti və digər ali təhsil müəssisələrinin nümayəndələri, kolleclər, hazırlıq kursları və abituriyentlər iştirak edirdilər.
Sərgidə Xəzər Universitetini Tələbələrin cəlb olunması üzrə işçi qrupun rəhbəri professor Fuat Rəsulov, İqtisadiyyat və menecment departamentinin koordinatoru Bahadır Baysal və universitetin Humanitar, təhsil və sosial elmlər fakültəsinin 2019-cı il məzunu İsmət Məmmədova təmsil edirdilər. Sərgidə universitetin nümayəndələri abituriyentlərin suallarını cavablandırdılar, bukletləri və digər əyani vəsaitləri təqdim etdilər.