2019-cu il mayın 4-də Xəzər Universiteti “Dünya” məktəbinin “İnciçiçəyi” Konfrans-Konsert Salonunda “Dünya” məktəbinin təşkilatçılığı ilə “Açıq Düşüncə-Qlobal Yanaşma” adlı Beynəlxalq Təhsil Forumu işə başladı. Forumu keçirməkdən məqsəd qloballaşmanın güclü təsirinə məruz qalaraq dəyişməkdə olan təhsil sistemi ilə əlaqədar mühüm məsələləri müzakirə etməkdir. Forumda Sosial dəyişiklik/maariflənmə üçün tədris; Erkən yaşda təhsil; Təhsildə bərabərlik; Davamlı inkişaf üçün təhsil; İnformasiya dövründə təhsil və tədris; Psixologiya, tədris və öyrənmə və digər mövzular diqqət mərkəzində olacaqdır.
Beynəlxalq forumda İordaniya, Türkiyə, Niderland və İsveçrədən gələn mütəxəssislər, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Təhsil İnstitutu və digər qurumların nümayəndələri, “Dünya” məktəbi və Xəzər Universitetinin rəhbərliyi və əməkdaşları, orta məktəb rəhbərləri və müəllimlər, mütəxəssislər iştirak edirlər.
Forumu Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri prfessor Hamlet İsaxanlı açaraq, iştirakçıları salamladı və forumun işinə uğurlar arzuladı. Natiq geniş çıxışında qeyd etdi ki, qloballaşma sadəcə bu günümüzün məsələsi deyil, o həm də yeniyetmə və gənclərə miras qoyacağımız gələcəklə bağlıdır. Məhz buna görə də, gələcəyi düşünən hər kəsi bu sual narahat etməlidir: “məktəblər milli kimliyi qoruyaraq, bugünkü şagirdləri qlobal cəmiyyətin uğurlu fərdləri olmağa necə hazırlayır?” Professor Hamlet İsaxanlı əmin olduğunu bildirdi ki, forum bu kimi mühüm məsələləri müzakirə edəcək və tövsiyələr hazırlayacaq.
Forumda yerli və xarici mütəxəssislərin məruzə və çıxışları dinləniləcək, müzakirələr aparılacaq. Forum sabah-mayın 5-də işini başa çatdıracaq.