2019-cu il aprelin 26-da Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsi “Turizm və davamlı inkişaf” adlı tələbə konfransı keçirdi. Konfransı İqtisadiyyat və menecment departamentinin müəllimi Dr. Kamran Behbudov açdı. Konfransı giriş sözü ilə universitetin rektoru dosent İradə Xəlilova açaraq, konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. Daha sonra İqtisadiyyat və menecment fakültəsinin dekanı və konfransın təşkilat komitəsinin sədri dosent Ceyhun Məmmədov turizmin iqtisadi mahiyyəti və Azərbaycanın sosial-iqtisadi inkişafında rolu, keçirilən konfransın əhəmiyyəti və tələbələr arasında fikir və təcrübə mübadiləsinin faydası haqqında danışdı. Azərbaycan Turizm Assosiasiyasının icraçı direktoru Əhməd Qurbanov rəhbərlik etdiyi qurumun Azərbaycanda gənclərlə yerinə yetirdiyi layihələr haqqında məlumat verərək, gəncləri turizm fəaliyyətinə dəvət etdi. Səyahət Turizm Agentliyinin rəhbəri Tərlan Quliyev “Turizm fəaliyyətinin əsasları” haqqında təqdimatla çıxış etdi və gənclər üçün turizm sahəsində əsas olan istiqamətləri açıqladı. İqtisadiyyat və menecment departamentinin müəllimi Qəhrəman Yusupov konfransın mühim əhəmiyyətini vurğuladı və həmçinin, tələbələrin konfransa 72 məqalə təqdim etdiklərini bildirdi. Konfransda fəxri qonaq qismində iştirak edən Azərbaycan Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov qeyd etdi ki, bu cür konfransın keçirilməsi ölkədə turizm sahəsinə olan diqqətin artması, turizm sahəsində insan kapitalının formalaşması və inkişafı istiqamətində müstəsna rolu olan Xəzər Universitetinin bakalavr və magistratura pillələrində tədris olunan turizm və otelçilik ixtisasına marağın daha da yüksəlməsinə gətirib çıxarır.
Konfrans tələbələrin təqdimatları və maraqlı müzakirələri ilə davam etdi. Konfransda Xəzər Universitetinin turizm və otelçilik ixtisasının tələbələri ilə yanaşı, maliyyə, mühasibat uçotu, menecment, marketinq, və iqtisadiyyat ixtisasında təhsil alan tələbələri və həmçinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Turizm və Menecment Universitetinin, ADA Universitetinin və Azərbaycan Universitetinin tələbələri də iştirak edirdilər.