“İRS Publishing House” tərəfindən çap olunmuş “Daş keşikçilər” kitabının həmmüəlliflərindən biri Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi t.ü.f.d. Səbuhi Əhmədovdur (həmmüəllif –rusiyalı publisist və jurnalist Andrey Vasilyev). Azərbaycan, rus və ingilis dillərində hazırlanmış kitab “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə hazırlanıb çap olunmuşdur. Layihənin rəhbəri və baş redaktor Musa Mərcanlı, kitabın məsləhəçisi Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev, elmi məsləhətçiləri AMEA müxbir üzvü Cəfər Qiyasi və tarix elmləri doktoru Tarix Dostiyevdir.
15 fəsildən ibarət kitabda Azərbaycan tarixi Azərbaycan qalaları prizmasından verilmişdir.
Kitabın vacib xüsusiyyətlərindən biri də təkcə Azərbaycan Respublikasında deyil, həm də Cənubi Azərbaycan ərazisində mövcud olmuş qalalar haqqında məlumat verilməsidir. Kitabda S.Kivrin, F.Qasımlı, Ə.Xudiyev, A.Qolovanov kimi tanınmış fotoqrafların işlərindən başqa, tədqiqatçılar Vilayət Kərimov, Cəfər Qiyasi, Hüseyn Ciddi, Nəsib Muxtarov tərəfindən hazırlanmış bərpa layihələri istifadə edilmişdir.
Kitabın geniş ictimaiyyətə təqdimatı aprelin 18-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirildi.