2017-cı il aprelin 22-si və 23-də Xəzər Universitetinin “Neftçilər” korpusunda universitetin Psixologiya departamentinin və Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə ənənəvi Azərbaycan IV Beynəlxalq Psixologiya Konfransı keçirildi. Konfransda respublikanın müxtəlif bölgələrindən olan mütəxəssislərlə yanaşı, sahəyə maraq göstərən şəxslər də iştirak edirdilər. Konfransa olan bu maraq nəzəriyyə ilə praktikanın bir arada olması ilə sıx bağlıdır.
Aprelin 22-də konfransın rəsmi hissəsi və məruzələr dinlənildi. Aprelin 23-də isə iştirakçılar əvvəlcədən müəyyən olunmuş vorkşoplarda iştirak etdilər.
Humanitar və sosial elmlər fakültəsinin dekan müavini, Xəzər Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova konfransı açıq elan edərək, sözü Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. Sonra kürsüyə Omandan dəvət olunmuş Pr.Dr. Ali Kemal Tekin dəvət olundu. Konfrans zamanı yerli və Türkiyədən dəvət olunmuş psixoloqlar və psixiatrlar çıxış edərək, psixologiyanın müxtəlif sahələrini əhatə edən mövzular haqqında məlumat verdilər. Konfransda İstanbul Bilgi Universitetində akademik fəaliyyət göstərən Dos. Dr. Aytən Zara, Sultan Qaboos Universitetinin Məktəbəqədər Uşaqların Təhsili kafedrasının müdiri, UNESKO-nun müşaviri Pr.Dr. Ali Kemal Tekin, Hasan Kalyoncu Universitetinin prorektoru, Qara Dəniz Texnik Universitetində akademik fəaliyyət göstərən Pr.Dr. Yaşar Özbay və Antalya Fərdi Terapiya Tibb Mərkəzində psixiatriya üzrə ekspert Pr.Dr. Burhanettin Kaya iştirak edirdilər. Dos. Dr. Aytən Zara konfransa 6 nəfərdən ibarət “World Human Relief” komandası ilə qatılmışdı. Bu komandanın üzvləri Dilan Bozdağ, Seher Tarhan, Esra Zırhlıoğlu, Tuğçe Merve Aytac, Narlı Yıldız, Kader Tarhan çıxış edərək, konfransı daha da zənginləşdirdilər.
Konfransda uşaqlarda aqressiv, antisosial, emsional və asılı davranış pozuntularının səbəbləri və aradan qaldırılması yolları, pozitiv ailə inkişafı və dayanıqlılıq, uşaqlara qarşı cinsi təcavüz və istimar, travma və onunla əlaqədar pozuntulara EMDR metodundan istifadə edilməsi haqqında müzakirələr aparıldı.
Konfransın sonunda hər bir iştirakçıya sertifikat verildi.
Konfrans iştirakçılarına Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı təqdim olundu.