Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı martın 16-20-də Mərakeşdə səfərdə olmuşdur. O, Mərakeş kralı 6-cı Məhəmmədin yüksək himayəsi altında keçirilmiş “Crans Montana Forumu”nda iştirak etmişdir. H. İsaxanlı foruma Mərakeş Krallığının Azərbaycan Respublikasındakı səfiri Mohamed Adil Embarch`ın təşəbbüsü ilə dəvət olunmuşdu.
Nəzərdə tutulduğu kimi,forumun birinci hissəsi (16-18 mart) Mərakeşin cənubunda, Qərbi Səhra adlanan yerin Daxla (Dakhla) şəhərində, ikinci hissəsi isə (19-20 mart) Atlantik okeanı boyu Daxla`dan Casablanca şəhərinə doğru üzən “Rapsody” gəmisində (12 mərtəbəli İtaliya gəmisi) keçirilmişdir.
Təqribən 130 ölkədən min nəfərdən artıq şəxsin iştirak etdiyi bu forumda bir sıra ölkə rəhbərləri, xüsusilə Afrikanın siyasi elitası, elm və sənət adamları təmsil olunmuşdu. Forumda, bu və ya digər dərəcədə Afrikanın problemləri və inkişafı ilə bağlı mövzular – qlobal siyasət, Afrikanın inkişafında Mərakeşin rolu, iqtisadiyyat, təhsil, ətraf mühit, enerji, gənclik, işsizlik, davamlı inkişaf və s. məsələlər müzakirə edilmişdir.