2017-ci il martın 18-də –Novruz bayramı ərəfəsində, Xəzər Universiteti Tarix və arxeologiya departamentinin müdiri dosent Roza Arazova Təhsil fakültəsinin tarix muəllimliyi ixtisası üzrə təhsil alan tələbələri ilə görüşə respublikanın tanınmış ziyalılarını dəvət etmişdi.
“University Foundation Center”-in qurucusu və Azərbaycan-Fransa dostluq qrupunun vitse-prezidenti Reyhan xanım Hüseynova Fransada təhsil almaq üçün tələbələrə Bakıda təhsildən öncə təşkil edilmiş hazırlıq kursları haqqında, Fransada pulsuz təhsiz, tələbələrin yataqxana ilə təmin olunması və s. haqqında məlumat verdi, tələbələri maraqlandıran sualları cavablandırdı.
Hazırda Xəzər Universiteti Təhsil fakültəsinin tarix müəllımliyi ixtisası alan tələbələri “Xocalı-Gədəbəy mədəniyyəti” irsini öyrənirlər. Tədrisi Almaniyanın Berlin şəhərindəki Qafqaz Tədqiqatları İnstitutunun direktoru Nuridə Atəşi aparır. O, öz növbəsində tələbələrə Almaniyada təhsil almağın yollarını, tələbələrin gələcək təhsilinin, karyeralarının qurmasında, inkişafında, xarici ölkələrin perspektivlərindən, Avropada olan geniş imkanlar haqqında ətraflı və dolğun məlumat verdi, konkret və real yolları göstərdi və tələbələrin Avropa muzeylərində indiyə qədər tədqiqatları aparılmayan Xocalı-Gədəbəy mədəniyyətinə aid olan zəngin mədəni irsin öyrənilməsi üçün gənc kadrların, tədqiqatçıların yetişdirilməsində var gücü ilə çalışacağını və tələbələrə dəstək olacağını bildirdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi professor Dr. Abbas Seyidov tələbələrə Xocalı-Gədəbəy mədəniyyəti haqqında geniş məlumat verərək, onlara bu parlaq mədəniyyətin irsinin öyrənilməsinin nə qədər vacib və şərəfli olduğunu bildirdi. O qeyd etdi ki, Azərbaycanın, o cümlədən, Qarabağın tarixini üzə çıxarmaq və dünya elminə sübut etmək üçün Xocalı-Gədəbəy mədəniyyəti irsini öyrənmək son dərəcə vacibdir və tarixşünaslığın qarşısında duran ən böyük problemlərdən biridir. Belə bir çətin və məsuliyyətli vəzifəni boyunlarına götürdükləri üçün o, həm departamentin müdiri Roza xanım Arazovaya, həm də fənni tədris edən N.Atəşiyə minnətdarlığını bildirdi.
Qeyd edək ki, 2017-ci il martın 3-də Xəzər Universiteti ilə Fransanın Lyon-2 Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Bu müqavilə universitetlər arasında tədqiqat, təhsilin müxtəlif sahələrində əməkdaşlıq, müəllim, tələbə mübadiləsi ilə yanaşı Xəzər Universiteti tələbələrinin Lyon-2 Universitetində təhsil almalarına da bir çox imkanlar açacaqdır.
Sonda departamentin müdiri Roza xanım Arazova qonaqlara təşəkkür edərək, onları Xəzər Universiteti tələbələrinin Avropa universitetlətində təhsillərinin davam etdirilməsinə köməklik göstərmələri və Xocalı-Gədəbəy mədəniyyəti irsinin öyrənilməsi üçün qarşıda duran vacib işlər, məqsədlər və vəzifələr haqqında öz tapşırıqlarını və tövsiyələrini verdi və eyni zamanda, tələbələri bütün bu imkanlardan istifadə etməyə çağırdı