Dünyanın aparıcı informasiya agentliyi “Thomson Reuters”in “Web of Science” platformasının Azərbaycanda ali təhsil müəssisələri üçün yeni layihəsinə start verildi.
Layihənin məqsədi “Thomson Reuters”ə geniş çıxışı əldə etməklə, Azərbaycan alimlərinin elmi əsərlərinin istinad indeksli jurnallarda nəşrlərinin sayının artırılmasına yardım göstərməkdir. Layihənin köməyi ilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər. Layihə ilə əlaqədar Azərbaycanın ali təhsil müəssisələrində tədbirlər keçiriləcəkdir.
Layihənin ilk tədbiri fevralın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində, keçirildi. İki hissədən ibarət olan tədbirdə əvvəlcə “Thomson Reuters” Agentliyi Elm və təhsil departamentinin əməkdaşı Aygün Babazadə təmsil etdiyi agentlik və həmin qurumda yer alan elmi jurnallar haqqında ətraflı məlumat verdi. Sonra o, agentliyin təqdim etdiyi Web of Science və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın effektiv aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarılıb tapılması, platformada qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı izahat verdi.
Tədbirin ikinci hissəsində Xəzər Universitetinin Khazar Journal of Humanities and Social Sciences (“Xəzər humanitar və sosial elmlər jurnalı”) adlı beynəlxalq elmi jurnalın redaktor assistenti Xəyalə Məmmədova elmi jurnalın idarə edilməsi prinsipləri, Web of Science platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda orda çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər , elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı tədbir iştirakçılarını geniş məlumatlandırdı.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı.