Yanvarın 23-də universitetin Multimedia mərkəzinin direktoru Natella Barkayanın 70, Xalça Muzeyinin direktoru, rəssam Afaq Kərimovanın 60 illik yubileyləri münasibətilə tədbir keçirildi. Tədbirdə universitetin rəhbərliyi, əməkdaşları və qonaqlar iştirak edirdilər.
Tədbirin aparıcısı, Məzunlarla iş mərkəzinin direktoru Baba Bayramlı jubilyarlarlar barədə qısa məlumat verdi, onlar haqqında Multimedia mərkəzində hazırlanmış slayd-şoular nümayiş etdirildi.
Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı çıxış edərək, N. Barkaya və A. Kərimovanın universitetdəki fəaliyyətlərini yüksək dəyərləndirdi, onlara cansağlığı, uzun ömür və uğurlar arzuladı.
Digər çıxış edənlər - prorektorlar Məhəmməd Nuriyev və İsaxan İsaxanlı, “Dünya” məktəbinn həmtəsisçisi, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının müşaviri Nailəxanım İsayeva, Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Vurğun Əyyub, İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimləri Lidiya Həmidova və Firəngiz Nəsirova, müəllimi Lalə Həmidova, universitetin rəssamı Mir Rafiq Əbdülrəhimov və AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Solmaz Rüstəmova -Tohidi çıxış edərək, yubilyarlar haqqında xoş sözlər söylədilər. L. Həmidova N. Barkayaya həsr etdiyi şeirini də oxudu.
Yubilyarlara gül dəstəsi, təbrik məktubu və hədiyyə təqdim olundu.Onlar Yubiley tortunu kəsdikdən sonra çıxış edərək, universitet rəhbərliyinə və təşkilatçılara təşəkkürlərini bildirdilər.
Tədbirdə universitetin Musiqi və incəsənət departamentinin müdiri, pianoçu Zülfiyyə Sadıqovanın müşayiəti ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının solisti, Xəzər Universitetinin müəllmi Məhsəti Cabbarovanın ifasında mahnılar səsləndi.