2016-cı il mayın 9-dan 13-nə qədər Beynəlxalq Əlaqələr Şöbəsinin direktoru Turan Cəfərova Erasmus+ Proqramı çərçivəsində Kozminski Universiteti tərəfindən təşkil olunan Beynəlxalq Əməkdaşlar Həftəsində iştirak etdi. Tədbir Polşanın Varşava şəhərində baş tutdu və Avropadan və digər ölkələrdən olan çox sayda universitetləri bir araya gətirdi.
Beynəlxalq Əməkdaşlar Həftəsi beynəlmiləlləşdirmə proseslərinin idarə olunmasına həsr olunmuşdu. Tədbirin məqsədi müxtəlif universitetlərdə beynəlmiləlləşdirmə prosesinə məsul olan nümayəndələrin ideya və biliklərini paylaşmaq, müzakirələr aparmaq, əlaqələr yaratmaq, mövcud olan əməkdaşlıqları möhkəmləndirmək və yeni əməkdaşlıqlar yaratmaq üçün bir araya gətirmək idi. Əməkdaşlar Həftəsi beynəlmiləlləşdirmə prosesi ilə bağlı sınanmış təcrübələr, akkreditasiya, Erasmus+ layihələrinin uğurla həyata keçirilməsi, beynəlxalq iş təcrübəsi və karyera, universitetdəki tədbirlərdə beynəlxalq tələbələrin iştirakı və digər məsələlərlə bağlı mövzuları əhatə etdi.
Tədbirin iştirakçıları arasında Kanada, Çin, Çexiya, Gürcüstan, Hindistan, Yaponiya, Qazaxstan, Malayziya, Meksika, Peru, Rusiya, Sloveniya, Ukrayna və ABŞ universitetlərinin nümayəndələri də var idi.
Tədbirdə iştirak zamanı Turan Cəfərova partnyor universitetlərin nümayəndələri ilə görüşdü, Erasmus+ Proqramı çərçivəsində əməkdaşlığı müzakirə edildi və yeni potensial əməkdaşlarla əlaqə quruldu. O, həmçinin, Xəzər Universitetində mübadilə proqramında iştirak etmək istəyən Kozminski Universitetinin bakalavr tələbəsi ilə də görüşdü.