2006-cı ilin yaz-yay aylarında Elm və Sənət Məclisi təşkil etmək, heç bir sahə məhdudiyyəti qoymadan vacib hesb etdiyimiz problemləri müzakirəyə çıxarmaq barədə fikrimiz qətiləşdi. Hər dəfə bir və ya iki mütəxəssisin məruzəsini dinləmək, onları sual atəşinə tutmaq, söz, fikir söyləmək istəyənləri dinləmək, məruzə və müzakirənin nəticələrini əvvəlcə “Xəzər Xəbər” dərgisində, sonra isə qruplaşdırıb kitab şəklində nəşr etmək qərarına gəldik. 2006-cı il oktyabrın 10-da Xəzər Universitetinin Konfrans Mərkəzində birinci məclis baş tutdu. Həm Azərbaycandan, həm də müxtəlif ölkələrdən mütəxəssisləri, elm və sənət adamlarını məruzə üçün dəvət etməyə başladıq. Qısa zamanda Elm və Sənət Məclisimiz tanındı və sevildi.
Prof. Hamlet İsaxanlı