http://khazar.org/az/news/4899
2020-ci il mayın 20-də Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru və Psixoloji Xidmət Mərkəzinin direktoru Mələk Kərimova UNEC Universitetinin təşkil etdiyi “İnklüziv ali təhsildə 3N” adlı vebinara qonaq spiker kimi dəvət edildi. Psixoloq öz mühazirəsində Xəzər Universitetinin daha öncə həyata keçirilən ESFIDIP layihəsi ilə əlaqəli məlumat verərək, Xəzər Universitetində əlilliyi olan tələbələr üçün yaradılmış mərkəzdən də bəhs etdi. Psixoloq daha sonra əlilliyi olan şəxslərlə bağlı psixoloji modelləri açıqlayaraq, cəmiyyət, xüsusilə, ailənin əlilliyi olan şəxslərə kiçik yaşlardan etibarən düzgün, bərabərhüquqlu yanaşmasının və psixoloji dayanıqlılığı artırma yollarının əhəmiyyəti ilə bağlı ətraflı məlumat verdi.
Maraqlı müzakirələrlə davam edən tədbirdə xarici qonaqlar Azərbaycan universitetlərində əlilliyi olan tələbələr üçün əlverişli şəraitin olmasını yüksək qiymətləndirdilər.
2020-ci il mayın 16-da Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru psixoloq Mələk Kərimova magistr tələbələrə və hər kəsə açıq Zoom üzərindən təlim keçdi. Təlimin mövzusu “Əlilliyin dərki və stiqmalarımız” idi.
Təlimdə “Uğurun xəritəsi” kitabının müəllifi Murad Məmmədov da iştirak edirdi. O, mövzu ilə əlaqədar öz həyatından da nümunələr gətirərək, bu stiqmaların ayrı-seçkiliyə yol açdığını və ibtidai təhsil illərindən məktəblilərə düzgün yanaşmanın öyrədilməsinin zəruri olduğunu bildirdi. Psixoloq Mələk Kərimova ailədə və cəmiyyətdə əlilliyi olan şəxslərə düzgün yanaşma və ünsiyyətin qurulma yollarından, psixi dayanıqlılıqdan bəhs etdi və iştirakçıların suallarını cavablandırdı.
http://khazar.org/az/news/4531
2019-cu il noyabrın 13-də Xəzər Universiteti Psixoloji Xidmət Mərkəzinin rəhbəri, Psixologiya departamentinin koordinatoru Mələk Kərimovanın təşkilatçılığı ilə universitetdə “Aikido əngəl tanımır” mövzusunda tədbir keçirildi. Tədbirə “Əngəlsiz Düşüncə Sosial İnkişafa Yardım” İctimai Birliyinin rəhbəri Mətanət Qüdsi və Türkiyənin “Yaponiya Sənətləri və İdman növləri” dərnəyinin rəhbəri və Ege Universitetinin müəllimi Engin Ergin və heyəti dəvət edilmişdi. Qeyd etmək lazımdır ki, Engin Ergin Türkiyədə mövcud olan 1500 Aikido təlimçisi arasında sağlamlıq imkanları məhdud olan insanlar üçün professional idman növünü öyrədən yeganə təlimçidir. Tədbirdə Engin Ergin və onun heyəti Aikido idman növünün əlilliyi olan şəxslərin necə istifadə etdikləri haqqında ətraflı məlumat verməklə yanaşı, əyani nümayiş etdirdi. Azərbaycanda da bu idman növünün sağlamlıq imkanları məhdud olan şəxslər arasında yayılması və maraq yaradılması da təlimin məqsədləri arasında idi. Tələbələrdə sağlamlıq imkanı məhdud olan şəxslərin özünü müdafiə yollarını müşahidə etmələri böyük maraq yaratdı.
Tədbirdə çıxış edən Mələk Kərimova universitetin sağlamlıq imkanları məhdud olan tələbələrə müsbət münasibətini ifadə edərək, onların universitetdə rahat təhsil almaları üçün ESFİDİP layihəsi çərçivəsində qurulan “Əlilliyi olan Tələbələr üçün Mərkəz” haqqında da məlumat verdi. O, eyni zamanda, əlilliyi olan ictimai cəhətdən fəal insanların zehni və daxili güclərinin hamı üçün motivasiya, ilham mənbəyi olduğunu qeyd etdi. Görüşdə Təlim və Tədris Mərkəzinin direktoru Ülkər Bayramova da Türkiyə və yerli tərəfdaşlarla bu mahiyyətdə tədbirlərin əhəmiyyətli olduğunu və əməkdaşlığın davam etdirilməsi üçün yeni layihələr üzərində düşünülməsinin zəruriliyini ifadə edərək öz təşəkkürünü ifadə etdi.
http://khazar.org/az/news/4524
2019-cu il oktyabrın 28-də Xəzər Universitetinin əməkdaşları Ülkər Bayramova və Mələk Kərimova Finlandiya Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının birlikdə təşkil etdiyi əlilliyi olan şəxslərin hüquqlarına dair “İnklüziv təhsil, peşə reabilitasiyası, müyəssərlik” konfransında iştirak etdilər. Tədbirdə Finlandiyanın Azərbaycan Respublikasındakı səfiri xanım Arja Makkonen, Azərbaycanının müxtəlif nazirliklərinin və əllillik təşkilatlarının, UNICEF, BMT, Finlandiya Abilis Fondunun, KİV, QHT və Azərbaycan universitetlərinin nümayəndələri iştirak edirdilər. Konfransda əllilərin ümumi problemləri, təhsil və iş yerlərində müyəssərlik, peşə reabilitasiya xidmətləri və inklüziv təhsil haqqında geniş müzakirələr aparıldı, Xəzər Universitetində və həmçinin, digər bir neçə universitetdə əllillər mərkəzinin fəaliyyət göstərməsi müsbət hal kimi vurğulandı. Konfransın sonunda hər iki ölkə arasında əlilliklə bağlı yeni tədbirlərin, birgə layihələrin keçirilməsinin daha məqsədəuyğun olması və yeni əməkdaşlıqların yaradılması qeyd olundu.
2018-ci il mayın 8-də Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru Rima Məmmədova ABŞ-ın Nevada Universitetinin Əlilliyi olan şəxslər üçün Resurs Mərkəzində (Disability Resource Center) oldu və Mərkəzin direktor assistenti Meri Anni Kristensen (Mary Anne Christensen) ilə görüşdü. O, görüş zamanı Nevada Universitetinin Əlilliyi olan şəxslər üçün Resurs Mərkəzin fəaliyyəti ilə tanış oldu və Xəzər Universitetində fəaliyyət göstərən Əlilliyi olan Tələbələr üçün Mərkəz haqqında məlumat verdi.
Qeyd edək ki, Rima Məmmədova hazırda ABŞ Konqresinin maliyyə dəstəyi ilə həyata keçirilən Azərbaycanda ABŞ səfirliyinin idarə etdiyi Əlilliyin Müdafiəsi və İslahatlar üçün Açıq Dünya (Open World Program for Disability Advocacy and Reform) adlı mübadilə proqramı çərçivəsində Amerikanın Rino şəhərində işgüzar səfərdədir.
Açıq Hökumət portalı Azərbaycanda əlilliyi olan uşaqların və tələbələrin təhsili haqqında reportaj hazırlamışdır. Xəzər Universiteti Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru Rima Məmmədova reportaj üçün müsahibə vermişdir. Müsahibə zamanı layihə koordinatoru R.Məmmədova Xəzər Universitetinin koordinator olduğu “Əlilliyi olan şəxslərin Azərbaycanın Ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) Tempus layihəsi haqqında geniş məlumat vermiş, layihənin məqsədi və vacibliyi haqqında danışmış və Azərbaycanın altı qabaqcıl universitetlərində yaradılmış Əlilliyi olan Tələbələr üçün Mərkəzlərin fəaliyyəti haqqında da məlumat vermişdir.
Reportaja aşağıdakı linkdə baxmaq olar:
https://www.youtube.com/watch?v=5SxADNxaY50&feature=youtu.be
Hörmətli Xəzər Universitetinin əlilliyi olan tələbələri və məzunları!
Hazırda iş axtarırsınızsa, CV-lərinizi rmammadova@khazar.org e-mail ünvanına göndərməyiniz xahiş olunur. Xəzər Universitetinin Əlilliyi olan Tələbələr üçün Mərkəzi bu sahədə Sizə dəstək göstərməyə hazırdır.
Hər hansı bir sualınız olarsa, e-mail və ya (012) 421-10-93 (dax. 234) telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Xəzər Universitetinin koordinator olduğu “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi və layihə çərçivəsində yaradılmış Əlilliyi olan Tələbələr üçün Mərkəzlər haqqında məlumat “İnnovasiya üçün tərəfdaşlıq” (Partnership for Innovation) proqramının saytında yayınlanmışdır.
Qeyd edək ki, “İnnovasiya üçün tərəfdaşlıq” (Partnership for Innovation) proqramı 2012-ci ildə Qazaxstanda həyata keçirilməyə başlanmış və məqsədi QHT-lərin potensialını artırmaqla Mərkəzi Asiyada vətəndaş cəmiyyətini gücləndirmək və regional əməkdaşlığı genişləndirməkdən ibarətdir.
Daha geniş məlumatı bu link vasitəsilə əldə etmək olar:
http://cso-central.asia/v-azerbajdzhanskix-vuzax-sozdany-centry-dlya-studentov-s-invalidnostyu/
Mərkəzi Asiya və Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətləri arasında qarşılıqlı əlaqəni, şəbəkələşməyi və davamlı inşikaf vasitəsilə hər iki ölkənin vətəndaş cəmiyyətinin gücləndirilməsindən ibarətdir.
http://argonet.org/en/projects/partnership-for-innovations-program/.