2025-ci il mayın 23-də Xəzər Universitetinin Neftçilər kampusunun həyətində Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə “Karyera Sərgisi – 2025” keçirildi.
Sərgidə 50-yə yaxın aparıcı şirkət və təşkilat, nüfuzlu hotellər və turizm şirkətləri, tanınmış təhsil kompleksləri, tədris və tərcümə mərkəzləri, banklar və maliyyə qurumları, psixoloji xidmət və inkişaf mərkəzləri, dizayn və arxitektura sahəsində fəaliyyət göstərən kreativ studiyalar, layihə büroları və s. iştirak etdilər.
Sərgidə təmsil olunan qurumlar arasında SOCAR, Socar Polymer, KPMG, "Norm" ASC, Fish Farm, ABAD, ACCESS BANK, ABB bank, Azər Türk Bank ASC, Yelo Bank, Pasha Sığorta, Dunya School, Landau School, AİESEC, Şəms Tərcümə Mərkəzi, EFE Kursları, Unidestin Təhsil şirkəti, Strateji Düşüncə Tələbə Diplomatiya Mərkəzi, Konsis Group (Tərcümə Mərkəzi), Birgə Sağlam İctimai Birliyi, Hiss Psixoloji Sağlamlıq Mərkəzi, Kashalata café (Azərbaycanın ilk inklüziv kafesi), Four Seasons Hotel Baku, Mercure Baku City, Ulu Hospitality Group, TABİA Group (Badamdar Hotel, Excelsior Hotel&SPA, Hilton Garden İnn Baku, Paulaner), Resant Group Hotel, Yeni Baki Hotel və s. yer almışdı.
Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva öz çıxışında qeyd etdi ki, bu cür təşəbbüslər tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləməklə yanaşı, universitetin iş dünyası ilə əlaqələrini daha da möhkəmləndirir.
Şirkətlərin nümayəndələri tərəfindən tələbə və məzunlara iş və təcrübə, ilkin müsahibələr, CV-lərin qəbulu və şəbəkələşmə imkanları təklif olundu.
Sərgidə “Xəzər”in işsiz məzunları da fəal iştirak edərək, öz bacarıq və potensiallarını nümayiş etdirmək və iş dünyası ilə birbaşa əlaqə qurmaq imkanı əldə etdilər. Həmçinin, sərgidə digər universitetlərin nümayəndələri də iştirak edərək, tədbirin əhatə dairəsini daha da genişləndirdilər.
2025-ci il mayın 8-də Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin və “İnnab Business School”un birgə təşkilatçılığı ilə “Data analitikası nədir? Data analitik kimdir?” mövzusunda seminar keçirildi. Seminar, data analitika sahəsində 30 ildən artıq təcrübəyə malik tanınmış mütəxəssis və təlimçi Cem Sərtdaş`ın təqdimatında baş tutdu.
Tədbirin məqsədi tələbələrə data analitikası sahəsi haqqında ətraflı məlumat vermək, bu istiqamətdə onların nəzəri biliklərini artırmaq və praktiki yanaşmalarla tanış etmək idi.
Seminar zamanı Cem Sərtdaş data analitikasının mahiyyəti, bu sahədə istifadə olunan metod və alətlər, eyni zamanda data analitikin gündəlik fəaliyyəti və qarşılaşdığı real iş situasiyaları barədə ətraflı məlumat verdi.
Həmçinin, “İnnab Business School”un korporativ satış rəhbəri Nərmin Sarıyeva çıxışında şirkətin təklif etdiyi təlimlər barədə məlumat verdi və qeyd etdi ki, Xəzər Universitetinin tələbələri həmin təlimlərə xüsusi güzəştlə qoşulma imkanı əldə edəcəklər.
Tədbirdə iştirak edən tələbələr müxtəlif sahələrdə data analitikasının necə tətbiq olunduğu, bu peşəyə yiyələnmək üçün hansı bacarıq və biliklərin tələb olunduğu, həmçinin sahədə mövcud olan karyera imkanları barədə məlumat əldə etdilər. Seminar interaktiv şəkildə keçdi və iştirakçılar mütəxəssislərə suallar ünvanlayaraq maraqlandıqları məqamlarla bağlı geniş cavablar aldılar.
Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzi bu kimi maarifləndirici tədbirləri davamlı şəkildə təşkil etməyi planlaşdırır. Mərkəzin əsas məqsədi tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına dəstək olmaq və onları müasir peşə istiqamətləri ilə tanış etməkdir.
2025-ci il aprelin 16-da Xəzər Universiteti Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə İqtisadiyyat və menecment fakültəsinin maliyyə, mühasibat və audit ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələri üçün “KPMG Azerbaijan” şirkətinin “Audit – Karyera günü” keçirildi.
Tədbirin əsas məqsədi tələbələrin karyera inkişaflarına dəstək olmaq, onlara audit sahəsində mövcud olan təcrübə proqramları və karyera imkanları barədə məlumat vermək idi.
“Audit - Karyera günü” çərçivəsində KPMG nümayəndələri - Audit üzrə direktor, Xəzər Universitetinin məzunu Mələk Abbaslı, İnsan resursları üzrə mütəxəssis Səbinə Ağasoy, İkinci dərəcəli Baş Audit mütəxəssisi Amil Salmanlı tələbələrə KPMG şirkətinin fəaliyyət istiqamətləri, işə qəbul prosesi, təcrübə proqramları və şirkətdaxili öyrənmə imkanları haqqında ətraflı məlumat verdilər. Tədbirdə vurğulandı ki, KPMG əməkdaşlarının davamlı peşəkar inkişafını dəstəkləmək üçün geniş resurslara və beynəlxalq təcrübəyə malikdir.
Tədbir boyunca tələbələr audit sahəsində karyera qurmağın mərhələləri, bu sahədə tələb olunan əsas bacarıqlar, eləcə də KPMG-nin gənc mütəxəssislərə təqdim etdiyi inkişaf platformaları ilə yaxından tanış oldular.
Yekunda şirkətin nümayəndələri tələbələri maraqlandıran sualları cavablandırdılar.
2025-ci il aprelin 17-də Xəzər Universitetində Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə yaranan III “Maarifçi” tələbə-məzun təcrübə proqramına dair maarifləndirmə-məlumat sessiyası keçirildi. Tədbirdə universitetin IV kurs bakalavr və I, II kurs magistr tələbələri, həmçinin məzunlar iştirak edib.
“Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır.
Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyinin Aparatı, tabe qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Təcrübə proqramı çərçivəsində tələbə və məzunlar nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar.
Tədbiri Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva açaraq, proqramın tələbə və məzunların peşəkar inkişafında oynadığı roldan bəhs edib. O, bu cür təşəbbüslərin gənclərin real iş mühiti ilə tanış olması və karyera planlamasında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Z. Əliyeva tələbə və məzunlara III “Maarifçi” proqramının əhatə dairəsi, müraciət qaydaları və iştirak tələbləri, eləcə də təcrübə müddətində təqdim olunan imkanlar barədə ətraflı məlumat verib.
Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və III “Maarifçi” proqramına olan marağın daha da artmasına səbəb olub.
2025-ci il aprelin 11-də Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının nümayəndələri ilə görüş keçirildi. Görüşdə filialın müdir müavini Vüqar Xəlilov və Təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Ədalət Səmidov iştirak edirdilər.
Görüşün əsas məqsədi tələbə və məzunların əmək bazarına inteqrasiyasını dəstəkləmək, onların məşğulluq imkanlarını genişləndirmək və tərəfdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi istiqamətində müzakirələr aparmaq idi.
Görüş zamanı bir sıra vacib mövzular – o cümlədən əmək yarmarkalarının təşkili, tələbə və məzunların işlə təmin olunması, ixtisaslara uyğun peşə hazırlıq kurslarının təşkili, real iş təcrübəsi imkanlarının yaradılması və dövlətin məşğulluq tədbirlərinə gənclərin cəlb olunması məsələləri ətrafında fikir mübadiləsi aparıldı.
Filialın nümayəndələri qurumun həyata keçirdiyi müxtəlif proqramlar, elektron platformalar və peşə hazırlığı layihələri barədə ətraflı məlumat verdilər. Onlar bildirdilər ki, tələbə və məzunların əmək bazarının tələblərinə uyğun peşə və bacarıqlarla təchiz olunması istiqamətində universitetlərlə əməkdaşlıq vacibdir və bu sahədə Xəzər Universiteti ilə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd etdilər.
Eyni zamanda, əməkdaşlıq imkanları müzakirə olundu. Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva mərkəzin geniş imkanlarından, tələbə və məzunlara yönəlik xidmətlərdən, görülən işlərdən, keçirilən tədbirlərdən və karyera dəstəyi təşəbbüslərindən danışaraq, bu əməkdaşlığın mövcud imkanları daha da genişləndirəcəyinə əmin olduğunu bildirdi.
Sonda gələcək əməkdaşlıq istiqamətləri müəyyən olundu və konkret tədbirlərin planlaşdırılması barədə razılıq əldə edildi.
2025-ci il aprelin 7-8-də Elm və Təhsil Nazirliyinin sifarişi ilə Sosioloji Tədqiqatlar Mərkəzi tərəfindən Xəzər Universitetində bakalavr və magistratura tələbələri arasında sosioloji sorğu keçirilib. Sorğunun əsas məqsədi ali təhsil alan gənclərin mövcud vəziyyətini təhlil etmək, onların təhsil keyfiyyəti, sosial şəraiti, karyera gözləntiləri və psixoloji durumu haqqında məlumat toplamaq olub.
Sorğu mütəxəssis İlahə Həsənova, müsahibəçilər Ülviyyə Emralıyeva və Bahar Fətəliyeva tərəfindən aparılıb. Ümumilikdə 96 bakalavr və 8 magistr tələbə olmaqla, cəmi 104 tələbə sorğuda iştirak edib.
Qeyd edək ki, bu sorğu genişmiqyaslı EUROSTUDENT layihəsi çərçivəsində həyata keçirilən fəaliyyətlərdən biridir və Azərbaycanın ali təhsil sistemində tələbələrin vəziyyətinə dair mühüm göstəricilərin toplanmasına xidmət edir. Toplanan nəticələr gələcəkdə həm milli təhsil siyasətinə töhfə verəcək, həm də Avropa ölkələri ilə müqayisəli təhlil imkanı yaradacaq.
2025-ci il martın 14-də Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə İngilis dili müəllimliyi və Tərcümə (ingilis dili) ixtisasları üzrə təhsil alan tələbələri üçün Cambridge Education Center-in təsisçisi, Xəzər Universitetinin məzunu Yaqut Nuriyeva tərəfindən “Duolingo vs TOEFL/IELTS, which is better?” mövzusunda seminar təşkil olundu.
Yaqut Nuriyeva çıxışında TOEFL/IELTS və Duolingo nədir, hansı ölkələrdə tanınır, test quruluşu necə olur, onlar arasında fərqlər nədən ibarətdir, Duolingonun mənfi və müsbət tərəflərindən bəhs etdi.
Həmçinin o, tələbələrə qrammatik suallar verdi, şifahi və yazılı testlər təqdim etdi. Tələbələr aktiv iştirak edərək sualları cavablandırdı.
Verilən testlər əsasında uğurlu nəticə göstərən beş tələbə Cambridge Education Center-də 1 aylıq ödənişsiz təhsil almaq imkanı qazanacaq.
2025-ci il martın 12-də Karyera və Məzunlar Mərkəzinin və Dillər və Ədəbiyyatlar departamentinin birgə təşkilatçılığı ilə Xəzər Universiteti Nərimanov korpusunun İnciçiçəyi salonunda Azərbaycan dili və ədəbiyyat müəllimliyi və Filologiya (Azərbaycan dili və ədəbiyyatı)” ixtisası üzrə təhsil alan tələbələr üçün televiziya və Radio aparıcısı, aktyor Saleh Bağırovun “Qloballaşan dünyada ədəbi danışıq dilinin və düzgün nitqin əhəmiyyəti” mövzusunda seminarı keçirildi.
Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva tədbiri açaraq, Mərkəzin fəaliyyət istiqamətlərindən, xidmətlərindən, məzunlarla əlaqələrin əhəmiyyətindən bəhs etdi. Həmçinin o, təşkil olunan belə tədbirlərin tələbələrin şəxsi və karyera inkişafındakı müsbət təsirini də qeyd etdi.
Sonra Saleh Bağırov gündəlik ünsiyyətdə ədəbi dil normativləri, düzgün nitqin əhəmiyyəti, ana dilinin zənginliyi, gənclərin şəxsi və peşəkar inkişafında mütaliənin vacibliyindən geniş söhbət açdı. Ədəbi dil normalarının sabitləşməsində və möhkəmlənməsində ali məktəblərin də xüsusi rolu olduğunu, tamaşa və teatrlara getməyin, yanıltmaclar oxumaq və səsli şəkildə mütaliə etməyin dili cilalamasında və fikrin formalaşmasında, danışıq mədəniyyətini inkişaf etdirməkdə əhəmiyyətlini qeyd etdi.
Tədbirdə Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova, müəllimləri Dr. Almaz Bədəlova, Dr. Qardaşxan Əzizxanlı və digərlərinin maraqlı çıxışları oldu.
Tədbir interaktiv şəkildə davam etdi, tələbə və müəllimlərin sualları cavablandırıldı.
2025-ci il martın 3-də Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı, Memarlıq və dizayn departamentinin dəstəyi ilə Xəzər Universitetinin “Təsviri incəsənət müəllimliyi”, “Dizayn” və “Memarlıq” ixtisası üzrə təhsil alan tələbələri üçün Xəzər Televiziyasının baş rəssamı, Xəzər Universitetinin məzunu Səbinə Əhməd tərəfindən “Sərhədsiz dizayn: bir yaradıcının səyahəti” mövzusunda vorkşop təşkil olundu.
S. Əhməd dizayn sahəsindəki geniş təcrübəsinə əsaslanaraq tələbələrlə 3D dizayn, qrafik dizayn, studiya dizaynı və bədii tərtibat mövzularında öz biliklərini bölüşdü. O, həmçinin, tələbələrə dizayner və quruluşcu rəssam olaraq həyata keçirdiyi layihələri, dizayn etdiyi məkanları nümayiş etdirdi.
Tədbirin sonunda S.Əhməd tələbələri maraqlandıran sualları cavablandırdı.
2025-ci il fevralın 27-də Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə “İB Academy”-nin Xəzər Universitetinin sonuncu kurs tələbələri ilə görüşü keçirildi. Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva tədbir iştirakçılarını salamlayaraq, mərkəzin missiyası, fəaliyyət istiqamətləri, tələbələrə göstərilən xidmətlər barədə məlumat verdi.
Görüşdə şirkətin nümayəndələri direktor Pərviz Mayılov, koordinator Sona Babayeva, İnkişaf və əməliyyatlar üzrə menecer İnarə Mayılova, Qəbul və sənədləşdirmə üzrə mütəxəssis Fərid Rəhimli öz təqdimatlarında İB Academy-in fəaliyyəti, xaricdə təhsil, əməkdaşlıq etdikləri xarici universitetlər, Amerika və Kanada universitetlərinə qəbul prosesi haqqında ətraflı məlumat verdilər. Tədbirin sonunda şirkətin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırdılar.
Tədbirdə iştirak edən beş nəfər tələbəyə ABŞ-da magistr təhsili almaq üçün şirkət tərəfindən tamamilə ödənişsiz xidmət göstəriləcək. Həmçinin, digər tələbələrə 50% endirim xidmətləri təklif
2024-cü il dekabrın 17-də Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Bankının Xəzər Universiteti İqtisadiyyat və menecment fakültəsinin 3-cü və 4-cü kurs tələbələri üçün məlumat sessiyası təşkil olundu. Bankın “Qoşa saat” layihəsi çərçivəsində Biznes kreditlərinin təhlili departamentinin əməkdaşı, Xəzər Universitetinin müəllimi Əfəndi Əliyev “Korporativ bankçılıqda maliyyə təhlilinin rolu və əhəmiyyəti” mövzusunda məruzə ilə çıxış etdi.
O, böyük şirkətlər üçün xidmətlər və maliyyələşdirmə prosesi, korporativ kredit təhlili, bazarın səmərəliliyi və məlumat asimmetriyası, kredit analitiki bacarıqları və s. məqamlardan bəhs etdi. Həmçinin, Ə. Əliyev sözügedən bankda hazırda mövcud olan vakansiyalar haqqında da məlumat verdi.
Sonda tələbələrin sualları cavablandırıldı.
2024-cü il dekabrın 12-də Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə eiGroup şirkətinin Təbiət elmləri və mühəndislik fakültəsinin 3-cü və 4-cü kurs tələbələri ilə görüşü keçirildi. Görüşdə istedadların cəlb edilməsi üzrə baş mütəxəsis Nailə Xələfli şirkətin əsas missiyası, fəaliyyət istiqamətləri, icra etdiyi layihələr, mövcud vakansiyalar haqqında ətraflı məlumat verdi. Həmçinin, şirkətin mütəxəssisi Səbinə Qulizadə CV-lərin hazırlanma qaydaları, iş müsahibələrində diqqət yetirməli olunan məqamlar barədə də praktik bilgilər verdi.
Qeyd edək ki, eiGroup şirkətinin təməli 2015-ci ildə Xəzər Universiteti və neft-qaz sənayesindən bir qrup mütəxəssisin əməkdaşlığı nəticəsində yaranan eiLink Ar-Ge Mərkəzin əsasında qoyulub. Bu mərkəzin qarşısında duran ilkin ideya birgə tədqiqat və elmi araşdırmalar vasitəsilə təhsil və sənayenin bir-birindən faydalanması üçün qarşılıqlı imkan yaratmaq idi.
Tədbirin sonunda tələbələrin sualları mütəxəssislər tərəfindən cavblandırıldı.
2024-cü il dekabrın 10-da Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə Təbiət elmləri və mühəndislik fakültəsinin sonuncu kurs tələbələri üçün Bakı Modern Təhsil Kompleksinin Dillər departamentinin rəhbəri, Xəzər Universitetinin müəllimi və məzunu İlahə Tinavasova tərəfindən “Karyera hədəfinə doğru: uğurlu başlanğıcın sirləri” mövzusunda təlim keçirildi.
Təlimdə effektiv CV hazırlanması, iş axtarmağın yolları, peşəkar e-mail yazmağın qaydaları öyrədildi. Həmçinin, LinkedIn profilinin gücü, işaxtarma platformaları və s. mövzular ətrafında geniş müzakirələr aparıldı.
Təlimin sonunda tələbələr faydalı məlumat və praktik tövsiyələr üçün İlahə Tinavasovaya təşəkkür etdilər və gələcəkdə bu kimi tədbirlərin daha çox təşkil olunmasını arzuladıqlarını bildirdilər.
2024-cü il noyabrın 15-də Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə Xəzər Universitetinin məzunu, Oslo Azərbaycan Evinin sədri, Oslo şəhər Östenşö rayonunun bələdiyyəsinin komitə üzvü, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə əlaqələndiricisi Ramil Əliyev, həmçinin Norveçdə çalışan Oslo şəhər Marienlyst ibtidai məktəbinin məsləhətçisi, Norveç-Azərbaycanlılar Gənclər Təşkilatının (NAYO) idarə heyətinin sədri Fariz Nadir Rzayev və digərləri Xəzər Universitetində oldular.
Görüşdə Xəzər Universitetinin rəhbərliyi, əməkdaşları və müəllimləri iştirak edib. Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı qonaqları salamlayıb, onları ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu bildirib. Ramil Əliyev Xəzər Universitetindən məzun olduqdan sonrakı təhsili, Norveçdəki fəaliyyəti ilə bağlı geniş məlumat verib. Eyni zamanda o, tələbəlik illəri ilə bağlı xoş xatirələrini paylaşıb.
R. Əliyev Norveçdən olan qonaqları da təqdim edərək, onlar haqqında məlumat verib.
Görüşdə Norveç ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasında yeni əlaqələrin qurulması, genişləndirilməsi və inkişafı; ali təhsil müəssisələrinin mərkəz, fakültə və kafedraları arasında qarşılıqlı faydalı əməkdaşlıq; birgə layihələrin həyata keçirilməsi; elmi-tədqiqat işlərinin aparılması; professor-müəllim heyəti və təhsilalanların mübadiləsi və digər məsələlər geniş müzakirə olundu.
2024-cü il oktyabrın 8-də Nyu-Yorkda 2024-cü il üçün "Dünyanı Dəyişən Qadınlar - Amerika" proqramının mükafatlandırma mərasimi keçirilib. Mərasimdə ABŞ-ın Virciniya ştatındakı Bricvota Kollecinin əməkdaşı, Xəzər Universitetinin məzunu Dr. Sevinc İsgəndərova üç mükafatla – “Təhsildə qadınlar”, “Yüksələn qadın ulduz” kateqoriyalarında qızıl, “İlin yüksələn lideri” kateqoriyasında bürünc medalla təltif olunub.
Qeyd edək ki,“Dünyanı Dəyişən Qadınlar Mükafatları” dünyada müsbət dəyişikliklər edən qadınların biznes, liderlik, səhiyyə, təhsil, innovasiya və texnologiya da daxil olmaqla müxtəlif sahələrdəki nailiyyətlərini mükafatlandıran qlobal proqramdır və öz cəmiyyətlərinə əhəmiyyətli töhfə verən qadınların artan sayını diqqət mərkəzinə gətirmək və başqalarını müsbət dəyişikliklərə doğru addım atmağa ruhlandırmaq məqsədi daşıyır.
Dr. İsgəndərovanın ali təhsil sahəsində geniş təcrübəsi və mühüm nailiyyətləri var. O, düşündürücü məsləhətlərini də paylaşır: "Bu yol çətin ola bilər, ancaq hər kiçik addım əhəmiyyətlidir. Qətiyyətli olun və təsir gücünüzə inanın."
Dr. İsgəndərovanın ekspertlər tərəfindən rəy almış bir neçə məqaləsi nüfuzlu jurnallarda dərc olunmuş, Dünya Bankının Ali Təhsil Mükafatını qazanmış və tədqiqatları milli və beynəlxalq konfranslarda təqdim edilmişdir.
Qaliblərin tam siyahısına: https://wcwawards.com/winners-americas
"Dünyanı Dəyişən Qadınlar Mükafatları” haqqında: https://wcwawards.com/
2024-cü il oktyabrın 16-da Xəzər Universitetində Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə AIESEC-in (İqtisadiyyat və Biznes Tələbələrinin Beynəlxalq Assosiasiyası) Azərbaycan şöbəsi tərəfindən məlumatlandırıcı tədbir keçirilmişdir. Əsas məqsəd tələbələrə AIESEC haqqında və onun mübadilə proqramları: xaricdə qlobal könüllülük, maaşlı təcrübə proqramları və qonaq ailə layihəsi haqqında məlumatları təqdim etmək idi.
Tədbiri AİESEC-in könüllü əməkdaşı, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin 3-cü kurs tələbəsi Jalə Zeynalzadə və digər könüllülər keçirmişlər.
Tədbir zamanı tələbələr AIESEC-in məlumatlandırıcı lövhəsinə yaxınlaşaraq, təşkilat tərəfindən təqdim olunan proqramların üstünlükləri haqqında ətraflı məlumat əldə etmişlər.
Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinə yeni dekan təyin olunub
Xəzər Universitetinin məzunu Raziyə İsayeva universitetin İqtisadiyyat və menecment fakültəsinin dekanı vəzifəsinə təyin olunub.
Raziyə İsayeva yeni təyinata qədər uzun illər ərzində Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru olaraq fəaliyyət göstərib.
R.İsayeva Xəzər Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” üzrə bakalavr dərəcəsi və Biznesin idarə edilməsi (MBA) üzrə magistr dərəcəsi alıb. O, Corc Vaşinqton Universitetindən “Layihələrin idarə edilməsi” üzrə magistr sertifikatına da malikdir. Həmçinin, Böyük Britaniya və ABŞ universitetlərində müxtəlif təlimlər keçib.
2024-cü ildə Finlandiyanın Lapland Universitetində “Postsovet universitetində tələbə məşğulluğu – Azərbaycanda və Estoniyada mövcud vəziyyət və perspektivlər” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək təhsil üzrə fəlsəfə doktoru dərəcəsini alıb. Doktorluq dissertasiyasında postsovet ölkələrində tələbələrin öyrənmə təcrübəsinin təkmilləşdirilməsi yollarını araşdırıb. Tədqiqat postsovet universitetində bunun necə qurulduğunu və tətbiq edildiyini nümayiş etdirməklə tələbə cəlb edilməsi haqqında mövcud biliklərə töhfə verir. Onu da qeyd edək ki, R. İsayevanın Lapland Universitetində keçən müdafiə işində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı da yaxından iştirak etmişdir.
R.İsayeva Erasmus+Aİ tərəfindən maliyyələşdirilən layihələrin hazırlanması və idarə edilməsində böyük təcrübəyə malikdir. 2016-2019-cu illər ərzində Azərbaycanda həyata keçirilən Erasmus+ "PETRA" (573630-EPP-1-2016-1-ES-EPPKA2-CBHE-JP) layihəsinin müəllifidir. Həmçinin o, bir çox digər beynəlxalq və milli layihələrin müəllifi və icraçısıdır. R.İsayeva Azərbaycanda fəaliyyət göstərən müxtəlif təşkilatlarda idarəetmə sahəsində böyük təcrübəyə malikdir. Uzun illər sənaye və insan resurslarının idarə edilməsi sahəsində çalışıb.
Yeni vəzifəsində R. İsayevaya uğurlar arzulayırıq.
2024-cü il oktyabrın 3-də Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı, Dillər və ədəbiyyatlar departamentinin dəstəyi ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş “Məndədir, səndədir, müəllim ömrü” adlı tədbir keçirildi.
Tədbirdə Xəzər Universitetinin “Azərbaycan dili və Ədəbiyyatı müəllimliyi” və “Filologiya (“Azərbaycan dili və Ədəbiyyatı”) ixtisaslarına bu il qəbul olunmuş birinci kurs tələbələri, həmçinin eyni ixtisaslar üzrə müxtəlif illərdə təhsil almış məzunlar - Fərid Kərimov (CELT Colleges, xaricdə təhsil üzrə menecer), Barat Əlizadə ( Makropack şirkətinin rəhbəri), Vəfa Abbaslı (Gədəbəy şəhər İlham Əliyev adına 1 nömrəli tam orta məktəbin direktor müavini, Azərbaycan dili və Ədəbiyyatı müəllimi), Ayşəm Bəşirova (Azərbaycan televiziyası QSC - aparıcı, müxbir, redaktor), İlahə Tinasanova (Bakı Modern Təhsil kompleksi, departament rəhbəri), Arifə Mahmudova (FZ Academy, Azərbaycan dili və Ədəbiyyatı müəllimi, təlimçi), və Aytac Vəliyeva (ARB Media Group, “Gündəlik Teleqraf” MMC - müxbir, redaktor), həmçinin, universitetdə onlara dərs demiış bəzi müəllimlər iştirak edirdilər.
Tədbirin əsas məqsədi məzunların eyni ixtisas üzrə təhsil alan birinci kurs tələbələri ilə öz uğur hekayələrini paylaşaraq, ixtisaslarına qarşı olan maraqlarını artırmaq idi.
Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva öz çıxışında məzunlarla təhsil müəssisəsi arasında davamlı əlaqələrin qurulmasının əhəmiyyətindən danışdı. Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova məzunlarla bağlı xatirələrini danışdı və Musa Yaqubun “Müəllim ömrü” şeirini səsləndirdi. Departamentin müəllimi Dr.. Reyhan Mədətova birinci kurs tələbələrinə öz tövsiyələrini verdi.
Məzunlar öz çıxışlarında tələbəlik illəri, müəllimlər və universitetlə bağlı unudulmaz anlarını xatırladılar. Uğurlu karyeraya sahib olmaq üçün nələrə diqqət yetirmək lazım olduğunu, şəxsi inkişafın əhəmiyyətini, xarici dil biliyinin önəmini vurğuladılar. Həmçinin, məzun Barat Əlizadə müəllifi olduğu “Xəyalpərəst” və “Kod adı: Oyanış” adlı kitablarını Xəzər Universitetinin kitabxanasına hədiyyə etdi.
2024-cü ilin oktyabrın 9-da Xəzər Universitetində Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı və İqtisadiyyat və menecment fakültəsinin dəstəyi ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən İqtisadiyyat və menecment fakültəsinin tələbələri üçün “Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində ARDNF-nin rolu” mövzusunda seminar keçirildi.
Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva qonaqları təqdim etdi və tədbirin mahiyyətindən söz açdı. İqtisadiyyat və menecment fakültəsinin dekan vəzifəsini icra edən Dr. Xanım Öməroğlu fakültə barədə ümumi məlumat verdi və fakültənin ARDNF ilə gələcək əməkdaşlığının önəmini vurğaladı.
Tədbirdə ARDNF-nin Strateji kommunikasiya şöbəsinin müdiri Ülviyyə Mehralıyevanın “ARDNF-yə ümumi baxış”, İnvestisiya departamentinin baş treyderi Nəzrin Mansurlunun “ARDNF-nin investisiya istiqamətləri” və Enerji layihələri departamentinin aparıcı iqtisadçısı Kamran Əlizadənin “ARDNF-nin hasilatın pay bölgüsü sazişləri və strateji layihələr üzrə rolu” mövzularında çıxışları oldu.
Görüşdə tələbələr interaktiv iştirak edərək, məruzəçilərə müxtəlif suallar ünvanladılar.
2024-cü il oktyabrın 1-də Xəzər Universiteti Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə “Fairmont Bakı” hotelinin nümayəndələrinin Xəzər Universitetinin “Turizm işinin təşkili” ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü keçirildi.
“Fairmont Bakı” hotelinin Heyətin idarə olunması departamentinin direktoru Fidan Hüseynova hotelin yaranma tarixi, missiyası, iş prinsipləri və s., həmçinin tələbələr üçün nəzərdə tutulan ödənişsiz təcrübə proqramı haqqında ətraflı məlumat verdi. Tədbirin sonunda sözügedən təcrübə proqramı çərçivəsində tələbələr müsahibədə iştirak etdilər. Müsahibədən uğurla keçən 10 tələbə “Fairmont Bakı” hotelində 3 aylıq ödənişsiz təcrübə keçəcək.
2024-сü il sentyabrın 30-da Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə Təhsil Tələbə Krediti Fondu əməkdaşının Xəzər Universitetinin ödənişli əsaslarla təhsil alan 1-ci kurs tələbələri ilə görüşü keçirilmişdir.
Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva tədbiri açaraq, öz çıxışında ölkədə son illər ərzində təhsil sahəsində aparılan islahatların önəmindən danışdı, təhsilalanlara geniş imkanların yaradıldığını qeyd etdi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyət göstərməsinin mühüm addımlardan biri olduğunu vurğuladı.
Sonra Təhsil Tələbə Krediti Fondunun Təhsil müəssisələri üzrə iş şöbəsinin baş mütəxəssisi Günay Xəlilova fondun yaranma tarixi, məqsədi, tələbələr üçün yaratdığı imkanlar, təhsil tələbə kreditlərinin verilməsi qaydaları haqqında ətraflı məlumat verdi. O, təhsil tələbə kreditlərinin verilməsinin ilkin şərtləri, mərhələləri, kredit şərtlərinin üstünlükləri kimi məsələlərə aydınlıq gətirərək, tələbələri bu imkanlardan yararlanmağa dəvət etdi.
Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı.
2024-cü il iyunun 11-də Karyera və Məzunlar Mərkəzinin və Təbiət elmləri və mühəndislik fakültəsinin birgə təşkilatçılığı ilə “Kompüter elmləri” və “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri üçün “Accessbank Günü” keçirilib. Görüşdə Accessbankın Təhsil və İnkişaf meneceri Xumar Hüseynova şirkətin fəaliyyəti, məqsədləri, əsas hədəfləri barədə geniş məlumat verib.
Sonra bankın İnformasiya Texnologiyalarının İnkişafı departamentinin direktor müavini Fərid Heydərov öz çıxışında daha çox “IT yay məktəbi" proqramı və müəssisənin işə qəbul prosesi ilə bağlı danışaraq tələbələrin suallarını cavablandırıb.
Accessbankın Biznes tərəfdaşlığı üzrə mütəxəsisi Rima Cəfərova işə qəbul üzrə uğur strategiyasından, ilkin araşdırma – karyera maraqlarım, şəxsi brendim, CV necə yazılır, müsahibəyə hazırlıq mərhələsi və tez-tez verilən suallardan bəhs edib.
Sonda tələbələrin sualları cavablandırılıb.
2024-cü il iyunun 1-2-də Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin təşklatçılığı ilə universitet rəhbərliyi, əməkdaşlar, məzunlar Azərbaycanın incisi sayılan Şuşaya səfər ediblər. Səfər proqramı çərçivəsində Cıdır düzü, Səməd bəy Mehmandarovların malikənəsi, Yuxarı Gövhərağa məscidi, Molla Pənah Vaqifin məqbərə kompleksi, Şuşa qalası, Xan qızı Natəvanın ev muzeyi, Bülbülün ev muzeyi ziyarət edilib.
Səfərin ikinci günü, 2024-cü il iyunun 2-də Şuşa şəhərindəki “Qarabağ” hotelinin konfrans salonunda Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad.Hamlet İsaxanlının Azərbaycanın və Türkiyənin ictimai-siyasi xadimi, jurnalist, pedaqoq və yazıçı Əhməd bəy Ağaoğlunun həyatı və ədəbi-ictimai fəaliyyəti haqqında “Böyük narahat adam” adlı elmi seminarı baş tutub.
Elmi seminarı giriş sözü ilə açan Dillər və ədəbiyyatlar departamentinin müdiri Dos. Dilbər Zeynalova Prof.Akad. Hamlet İsaxanlının XX əsr Azərbaycan ədəbi-ictimai həyatında mühüm rolu olan şəxsiyyətlərimiz haqqında apardığı araşdırmalardan qısaca bəhs edib.Deyib ki, bu araşdırmalar arasında önəmli yer tutan şəxsiyyətlərdən biri də Şuşa şəhərində dünyaya göz açan böyük ictimai xadim Əhməd bəy Ağaoğlu olub.
Sonra söz elmi seminarın əsas məruzəçisi Hamlet İsaxanlıya verilib. O, XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, Şuşada dünyaya göz açan yazıçı-publisist, siyasətçi Əhməd bəy Ağaoğlunun Azərbaycandakı və Türkiyədəki ictimai-siyasi fəaliyyətindən, son dərəcə zəngin və gərgin həyat yolundan, xalqın gələcəyi üçün daim narahat olan ziyalı ruhundan bəhs edib.
Məruzəçi eyni zamanda Əhməd bəyin bir redaktor, müxbir, qurucu, ictimai təşkilat rəhbəri, millət vəkili, həm də bir müxalifətçi kimi yaşayıb yaratmasından,onun Azərbaycan və Türkiyə mühitini, problemlərini eyni dərəcədə əhatə edən əsərlərindən danışıb. Natiq Əhməd bəy Ağaoğluna həsr olunmuş və onun biblioqrafiyasını əhatə edən “Böyük narahat adam” kitabından geniş bəhs edib. Sonra söz Ə.Ağaoğlunun Türkiyə mühitindəki fəaliyyətinə həsr olunmuş dissertasiyanın və sözügedən kitabın həmmüəllifi olan Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr.Mədinə Karahana verilib. O, çoxşaxəli yaradıcılığa malik olan böyük türkçü Ə.Ağaoğlunun biblioqrafiyasını hazırlamağın məsuliyyətindən, bu irsin zənginliyindən ətraflı söz açıb.
Sonda Hamlet İsaxanlı seminar iştirakçılarının suallarını cavablandırıb.
2024-cü il mayın 16-da Xəzər Universiteti Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə İqtisadiyyat və menecment fakültəsinin sonuncu il tələbələri ilə Fish Farm şirkətinin görüşü təşkil olunub. Görüşdə şirkətin insan resursları üzrə aparıcı mütəxəssisi Ülviyyə Cəfərova Fish Farm şirkətinin fəaliyyəti və hədəfləri barədə ətraflı məlumat verərək tələbələri “Beynəlxalq Satış üzrə Mütəxəsis” inkişaf proqramı ilə tanış edib.O, inkişaf proqramının məqsədinin akvakultura, kürü istehsalı və satışı sahəsində təcrübəyə malik beynəlxalq satışlarda yeni nəsil mütəxəsislər yetişdirmək olduğunu vurğulaıb və tələbələri həmin proqrama müraciət etməyə dəvət edib.
Qeydiyyatdan keçən tələbələr üçün şirkət tərəfindən imtahan təşkil olunacaq. İmtahanı uğurla başa vuran tələbələr ikiillik ödənişli “Beynəlxalq Satış üzrə Mütəxəsis” inkişaf proqramına cəlb olunaraq mütəxəssis kimi yetişmək imkanı qazanacaqlar.
Görüşün sonunda iştirakçıların və tələbələrin sualları cavablandırılıb.
Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə vaxtilə universitetdə təhsil alan, bu gün ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif vəzifələr tutan, müəyyən mövqeyə malik ixtisaslı, peşəkar kadrlar arasında sıx əlaqələrin qurulması, onlarla əməkdaşlığın dərinləşməsi məqsədi ilə 2024-cü il mayın 4-də Neftçilər kampusunun Mərmər Salonunda “Grand Alumni Homecoming 2024” adlı tədbir keçirilib. Tədbirə Xəzər Universitetinin 1996-2010-cu illərinin müxtəlif ixtisaslar üzrə məzunları, Universitet rəhbərliyi, müəllimlər və əməkdaşlar dəvət olunmuşdular. Tədbirə yüzə yaxın məzun olmaqla ümumilikdə 150-dən çox qonaq qatılmışdı. Məzunlar arasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Xidmətinin rəisi M. Abbasbəyli, Dövlət Məşğulluq Aqentliyinin İdarə Heyətinin sədri M. Abbasbəyli, Xəzər rayon İcra Hakimiyyətinin başçısı E. Salahov, Milli Məclisin millət vəkili C. Məmmədov və digər səlahiyyətli şəxslər də yer almışdılar. Tədbir şəbəkələşmə və bədii hissədən ibarət idi.
Məzunlar tədbirin şəbəkələşmə hissəsində illər sonra məzun olduqları doğma məkanda tələbə yoldaşları, dostları və müəllimləri ilə görüşərək həyatlarının ən şirin dönəmini, tələbəlik illərini xatırlayıb, uğur hekayələrini bölüşmək imkanı əldə etdilər. Daha sonra tədbir iştirakçıları bədii hissə üçün Mərmər Salona dəvət aldılar.
Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva tədbir iştirakçılarını salamyaraq məzunları tələbəlik illərinə yenidən qaytarmaq üçün keçən günləri əks etdirən videoçarxa baxmağa dəvət etdi. Sonra o, çıxışında məzunların Universitet üçün nə qədər dəyərli və əhəmiyyətli olduqlarını vurğuladı. Həmçinin, o, öz çıxışında məzunları Universitetlə olan əlaqələrinin daha da möhkəmlənməsinə və əməkdaşlığa dəvət etdi.
Tədbir iştirakçılarını salamlamaq üçün söz Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad.Hamlet İsaxanlıya verildi. Akademik ali təhsil müəssisələrin gənclərin həyatındakı əhəmiyyətindən, məzunlara qarşı olan sevgisindən danışdı. -Evdəki övladlarımın sayını bilirəm, “Xəzər”dəki övladlarımın sayını bilmirəm, çoxdurlar!- dedi. Akademikin səmimi və sevgi dolu çıxışı alqışlarla qarşılandı.
Məzunlar adından İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak bazarına Nəzarət Xidmətinin rəisi M. Abbasbəyli çıxış edərək, Xəzər Universitetinin onun və digər məzunların həyatında buraxdığı izdən, tələbəlik illəriylə bağlı xatirələrindən danışdı.
Bütün çıxışlardan sonra C.Cabbarlının “Sevil” pyesinin motivləri əsasında dünya şöhrətli bəstəkarımız Fikrət Əmirovun qələmə aldığı eyniadlı operası nümayiş olundu. Tamaşanın bədii rəhbəri Xəzər Universiteti Musiqi və incəsənət departamentinin rəhbəri, əməkdar müəllim Zülfiyyə Sadıqova, əsas rolların ifaçıları isə Universitetin müxtəlif illər və ixtisaslar üzrə məzunları idilər. Onların peşəkar ifaları böyük coşqu və alqışlarla müşahidə olundu.
2024-cü il aprelin 29-da Xəzər Universiteti Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə İqtisadiyyat və menecment fakültəsinin maliyyə, mühasibat və audit ixtisasları üzrə təhsil alan 3-cü və 4-cü kurs tələbələrinin karyera inkişaflarına dəstək olmaq və onlara iş imkanları yaratmaq məqsədilə “KPMG Azerbaijan” şirkətinin Audit Karyera günü keçirildi.
Görüşü Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva açıq elan etdi və şirkətin əməkdaşlarını tələbələrə təqdim etdi. Şirkətin audit direktoru, Xəzər Universitetinin məzunu Mələk Abbaslı KPMG şirkətinin fəaliyyəti haqqında ətraflı məlumat verdi. O, təqdimatında “KPMG Azerbaijan” şirkətinin dünyanın ən böyük peşəkar xidmətlər şəbəkələrindən biri olduğunu, əsasən audit, vergi və konsaltinq üzrə xidmət göstərdiyini qeyd etdi. Daha sonra şirkətin audit üzrə köməkçi meneceri Ramin Əmiraslanov “KPMG Azerbaijan” şirkətində iş tapmaq imkanları və hazırda aktiv olan vakansiyalar barədə məlumat verdi. Daha sonra şirkətin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandırdı.
Tədbirin yekununda “KPMG Azerbaijan”-nın potensial işçisi olmaq istəyən tələbələr üçün şirkətin əməkdaşları imtahan keçirtdi. İmtahanı müvəffəqiyyətlə verən tələbələr şirkət tərəfindən işlə təmin olunacaqlar.
2024-cü il aprelin 8-də Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə “AIESEC” Azərbaycan şirkəti universitetdə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri üşün infosessiya keçirtdi. Şirkətin nümayəndəsi Fərid Kərimzadə çıxışında “AIESEC” Azərbaycan şirkətinin yaranma tarixindən, fəaliyyətindən və həyata keçirtdiyi layihələrdən ətraflı bəhs etdi.Dedi ki, şirkətin əsas məqsədlərindən biri tələbələri bir araya toplayaraq yeni ideyalar yaratmaq və inkişaf etdirməkdir.
İnfossesiyada Fərid Kərimzadə ilə yanaşı sözügedən şirkətin müxtəlif departamentlərində işləyən 2-ci kurs tələbələri - Jalə Zeynallı və Aynur Salahlı da iştirak edirdilər. Onlar da infosessiya iştirakçıları ilə öz təcrübələrini bölüşdülər,“Global Teacher”, “Qlobal Talant” və “Qlobal Volunteer” adlı təcrübə proqramları barədə, yerli layihələr haqqında məlumatlar verdilər.
Görüşdə tələbələrin “AIESEC” -in layihələrinə qoşulmaqla liderlik, satış, marketinq, eləcə də digər yumşaq və sərt bacarıqlarını inkişaf etdirmək üçün geniş imkanların olduğu vurğulandı.
2024-cü il martin 28-də saat 10:00-16:00-da Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə Təbiət elmləri və mühəndislik fakültəsinin tələbələri Cənubi Qafqazın ən böyük külək elektrik parkı olan Azərişıq ASC-nin “Yeni Yaşma” Külək Elektrik Parkında sahə gəzintisində olublar. Xüsusi mentorların rəhbərliyi altında tələbələr külək enerjisi istehsalının incəliklərini, SƏTƏM təcrübələrini, külək turbinləri haqqında məlumatları öyrəniblər. Maraqlı müzakirələr və praktiki fəaliyyətlər tələbələrin üfüqi oxlu külək turbinləri (HAWTs) və onların bərpa olunan enerji istehsalındakı əhəmiyyəti barədə biliklərini dərinləşdiriblər. Ekskursiya zamanı tələbələr təlim-tədris labaratoriyasinda baş mühəndis Rasim Əliyev, Mühəndislər- Mehdi Vəliyev, İlkin Məmmədov, Arslan Məmmədov və texnik İman Süleymanzadədən texniki avadanlıqlar və onların istifadə qaydaları barədə məlumatlanıblar. Tələbələr dəstəyə və təcrübəyə görə “Yeni Yaşma” və “Azərişıq” ASC komandalarına öz təşəkkürlərini bildiriblər.
18 Mart, 2024-cü il tarixində Xəzər Universitetinin İngilis dili və Ədəbiyyatı Departamentinin təşkilatçılığı və Karyera Mərkəzinin dəstəyi ilə Xəzər Universitetinin məzunu və “Global Gates Academy”nin direktoru Ellada Əliyeva tərəfindən ingilis dili müəllimliyi ixtisasında təhsil alan tələbələrə “Teacher Training” adlı təlim keçirilmişdir. Təlim proqramına müasir öyrətmə texnikaları, dərsin təşkili, dərs planının hazırlanması, tələbə psixologiyası və digər məsələlər daxildir.
Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə 2024-cü il martın 12-də saat 14:00 -da Mərmər salonda Azərbaycan Hotel Assosiasiyası tərəfindən Xəzər Universitetinin İqtisadiyyat və Menecment fakültəsinin “Turizm” ixtisasında, həmçinin Mühəndislik və təbiət elmləri fakültəsinin “Dizayn” ixtisasında təhsil alan tələbləri üçün "Gələcəyin Qonaqpərvərlik Liderləri" - Uğur Hekayələri görüşü keçirilib. Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva qonaqları və tələbləri salamlayaraq, qonaqpərvərlik mövzusunda maarifləndirmənin genişlənməsinin vacib olduğunu qeyd edib.
Sonra çıxış edən İqtisadiyyat və menecment fakültəsinin dekanı Ceyhun Məmmədov universitet və fakültə haqqında qısa məlumat verdikdən sonra turizm sahəsinin inkişafının vacibliyini və tələbələrin bu sahə üzrə təcrübədə olmalarının önəmini vurğulayıb.İqtisadiyyat və menecment fakültəsinin koordinatoru Bahadur Baysal və həmin fakültənin müəllimi Qəhrəman Yusupov da mövzu ətrafında fikirlərini ifadə ediblər.
Tədbirdə Four Seasons Hotel Baku hotelinin meneceri Özgür Sezercan, JW Absheron Baku Hotel & The Ritz-Carlton Baku-da Cluster HR direktoru Sevinc Purvis, Radisson Hotel Baku-nun Kommersiya direktoru Nigar Nəsirova, Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktorunun müavini Nərmin Aktaş çıxış ediblər. Hər spiker 10-15 dəqiqə ərzində “Uğurun arxasındakı hekayə”, “Niyə qonaqpərvərlik” və ya oxşar ruhlandırıcı mövzular haqqında danışıblar və hər biri öz uğur hekayələrini tələbələrlə paylaşıblar və karyeralarını qurarkən hansı maneələrlə qarşılaşdıqlarını, qonaqpərvərlik prinsiplərinin inkişafı üçün nələr etməyin vacib olduğunu, turizm sektorunun dayanıqlı inkişafını təmin etmək üçün daim təşəbbüs göstərdiklərini söyləyiblər.
Sonda sual-cavab sessiyası başlayıb. Müsabiqədə ən aktiv 6 tələbə qalib seçilib və həmin tələbələr spikerlərin çalışdığı hotellərdə spikerlə birlikdə qəhvə içmək şansı qazanıblar.
2024-cü il fevralın 19-da Xəzər Universitetinin Mərmər salonunda universitet tələbələri üçün Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə “Uğurlu insan olmaq üçün nə etməli?” mövzusunda seminar keçirilib. Məruzəçi Milli Məclisin deputatı, Xəzər Universitetinin magistr məzunu, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov idi.
Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva tədbir iştirakçılarını salamlayaraq, mərkəzin fəaliyyəti haqqında qısa məlumat verib və məzunlarla universitet arasındakı əlaqələrin möhkəmləndirilməsinin vacibliyi barədə fikir və mülahizələrini ifadə edib.
Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova mərkəzin təşkilatçılığı ilə baş tutan bu kimi tədbirlərin önəmini və xüsusilə tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Ceyhun Məmmədov öz məruzəsində tələbələrin gələcək şəxsi və iş həyatlarında uğur qazanmaları üçün nələrə diqqət yetirməli olduqları ilə bağlı tövsiyələr verərək, onlara vaxtın idarə olunması, mənəviyyat, əxlaq, dil bilikləri və s.-nin önəmindən danışıb. Qeyd edib ki, belə görüş və tədbirlərin Azərbaycan gənclərinin inkişafına, bilik və bacarıqlarının artırılmasına, intellektual səviyyələrinin və dünyagörüşlərinin zənginləşməsinə xidmət edir.
Tədbirdə Ceyhun Məmmədovun təşkilatçılığı ilə yaradılmış Dost Gəncləri İnkişaf Klubunun nümayəndələri də iştirak ediblər. Klubun sədri Ömər Hüseyinli klubun fəaliyyəti barədə ətraflı məlumat verib və tələbələri onlarla birgə əməkdaşlığa dəvət edib.
Millət Məclisin deputatı sonda tələbələrin suallarını cavablandırııb.
2024-cü il fevralın 24-də Karyera və Məzunlar Mərkəzinin və Təhsil departamentinin birgə təşkilatçılığı ilə Xəzər Universitetinin "İbtidai sinif müəllimliyi" ixtisası üzrə təhsil alan sonuncu kurs tələbələri üçün “Müəllimliyə gedən yol" mövzusunda dəyirmi masa təşkil edilib. Məruzəçilər hazırda ölkədə fəaliyyət göstərən dövlət və özəl orta ixtisas təhsili müəssisələrində ibtidai sinif müəllimləri olaraq işləyən Xəzər Universitetinin müxtəlif illər üzrə məzunları olub. Belə ki, tədbirdə 275 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Səbinə Məmmədbəyova, Landau məktəbinin ibtidai sinif müəllimi Fidan Seyidzadə, Kaspi Kids-in məktəbəqədər müəllimi Gülarə Atayeva, Bakı Modern Təhsil Kompleksinin ibtidai sinif müəllimi Ülviyyə Fətiyeva, XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin ibtidai sinif müəllimi Alsu Vəlizadə və Evrika liseyində ibtidai sinif və STEAM müəllimi olaraq fəaliyyət göstərən Fatimə Bədirova çıxış edərək Xəzər Universitetində əldə etdikləri bilik və bacarıqlardan, pedaqoji fəaliyyətlərindəki təcrübələrindən paylaşıblar. Onlar çıxışlarında müəllim-şagird-valideyn münasibətlərinin önəmindən, inkluziv təhsilin səmərəli tətbiqindən, təlim-tərbiyə prosesində pedaqoji ünsiyyətin önəmindən və digər məsələlərdən bəhs ediblər. Tədbir tələbələrin sual-cavabı ilə yekunlaşıb.
2024-cü il fevralın 27-də Karyera və Məzunlar Mərkəzi və Deloitte şirkətinin əməkdaşlığı çərçivəsində Xəzər Universitetinin Maliyyə, Mühasibatlıq və digər müvafiq ixtisaslar üzrə təhsil alan sonuncu kurs və magistr tələbələri üçün nəzərdə tutulan "Deloitte Accounting Bootcamp" layihəsinə start verildi.
Layihənin ilkin mərhələsi olaraq riyazi və məntiq tipli suallardan təşkil olunmuş test imtahanı keçirildi. Testi uğurla başa vuran namizədlər layihəyə cəlb olunacaq və 2 ay müddətində Deloitte şirkətində vergi şöbəsinin əməkdaşları tərəfindən keçirilən təlimlərə qoşulmaq və mühasibatlıq biliklərini artırmaq şansı qazanacaqlar.