Xəzər Universitetində “Şərq tərəfdaşlığı”nın 10 illiyinə həsr edilmiş tədbir keçirildi

2019-cu il mayın 13-də Şərq Tərəfdaşlığının 10 illik yubileyi münasibətilə Xəzər Universiteti Rumıniyanın Azərbaycandakı Səfirliyi ilə birgə “Şərq tərəfdaşlığı: Gözləntilər, nəticələr və perspektivlər” mövzusunda panel təşkil etdi. Panel məruzəçiləri Avropa Siyasət Mərkəzinin aparıcı siyasi eksperti cənab Paul İvan, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Dr. Fərid Şəfiyev, Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru və Ali təhsil müəssisələrində islahatlar üzrə ekspert (Erasmus+) Raziyə İsayeva idilər.

Tədbirdə həmçinin Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev, Niderland səfiri cənab Onno Kervers, Bolqarıstan səfiri cənab Nikolay Yankov, Moldova səfiri cənab Georgi Leuka, Meksika səfiri cənab Rodrigo Labardini, UNICEF-in Azərbaycan Respublikasındakı nümayəndəsi cənab Edward Carwardine, İsveçin müvəqqəti işlər vəkili Christian Kamill, Xorvatiyanın müvəqqəti işlər vəkili Branko Zebic, Çilinin müvəqqəti işlər vəkili Gabriel Jara, Ukrayna səfirliyinin birinci katibi Petro Makarenko, Türkmənistan səfirliyinin birinci katibi Owezgeldi Jumanazarow, Türkiyə səfirliyinin konsulu Melika Yilmaz Oskiper, Rusiya Federasiyasının ikinci katibi Oleq Tarasov, Fransa səfirliyinin siyasi işlər üzrə mütəxəssisi Bak Clara, Amerika Səfirliyinin Siyasi məsələlər üzrə mütəxəssisi Hüseyn Pənahov, Britaniyanın İqtisadiyyat və enerji işləri üzrə mütəxəssisi Nigar Cəfərova iştirak etdilər.

Tədbir Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, panelin moderatoru Dr. Elmar Mustafayevin çıxışı ilə başladı. Ardınca Xəzər Universitetinin rektoru Dos. İradə Xəlilova qonaqları salamladı. Giriş nitqi Rumıniyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Dan Iancu söylədi. Cənab səfir Rumıniyanın Avropa İttifaqı Şurasına sədrliyi haqqında, ölkənin bütün istiqamətlərdə –siyasi, iqtisadi və sosial sahələrdə Avropa İttifaqının prinsiplərinə uyğun fəaliyyətindən danışdı.

İlkin hissədən sonra panel müzakirəsinin ilk spikeri cənab Paul İvan Şərq Tərəfdaşlığı, onun altı ölkə və Avropa İttifaqı üçün əhəmiyyəti, proqramın tərəfdaş ölkələrin Aİ-yə yaxınlaşmasında rolu haqda çıxış etdi.

İkinci panelçi olan Dr. Fərid Şəfiyev Aİ–Azərbaycan münasibətləri, “Şərq tərəfdaşlığı” proqramının Azərbaycan üçün əhəmiyyəti, yeni imzalanacaq müqavilə haqqında danışdı. Cənab Şəfiyev yeni müqavilənin ölkənin milli maraqlarına uyğun olacağını qeyd etdi.

Panel müzakirəsi Raziyə İsayevanın Aİ-nin maliyyələşdirdiyi layihələrin mobilliyin artırılmasında və Azərbaycanda insan kapitalının inkişaf etdirilməsində əhəmiyyəti haqqında çıxışı ilə davam etdi. O, altı ölkədə müxtəlif layihələr üçün Avropa İttifaqının ayırdığı büdcə ilə bağlı məlumatları özündə əks etdirən cədvəl və qrafiklər nümayiş etdirdi, layihələrin effektivliyi və Xəzər Universitetinin Avropa İttifaqının maliyyələşdirdiyi proqramlarda fəal iştirakı haqda danışdı.

Panel auditoriyanın suallarını cavablandırmaqla yekunlaşdı.

Film about Khazar University