2026-cı il Babür İmperiyasının (və ya Böyük Moğol imperiyası) yaranmasının 500 illiyinə təsadüf edir. Bu imperiyanın əsası Zahirəddin Muhammad Babür tərəfindən 1526-cı ildə Birinci Panipat döyüşündə qazanılan qələbə ilə qoyulmuşdur. Qısa müddət ərzində geniş əraziləri və çoxsaylı əhalini əhatə edən bu dövlət erkən modern dövrün ən güclü və mərkəzləşmiş imperiyalarından birinə çevrilmişdir.
Babür İmperiyası siyasi və inzibati institutları, iqtisadi və fiskal idarəetmə sistemi, zəngin mədəni irsi və dinlərarası münasibət modelləri baxımından tarixşünaslıqda mühüm yer tutur. İmperiyanın formalaşmasında Orta Asiya mənşəli türk siyasi-mədəni ənənələrinin rolu, eyni zamanda fərqli dini və etnik qrupların birgə mövcudluğunu təmin edən nisbətən çevik və inklüziv idarəçilik modeli xüsusi diqqətə layiqdir. Bu kontekstdə Babürlü hakimiyyəti çərçivəsində formalaşan dini tolerantlıq və çoxtərkibli sosial struktur erkən modern imperiya idarəçiliyinin mühüm nümunələrindən biri kimi qiymətləndirilir.
İmperiyanın mədəni və memarlıq nailiyyətləri – xüsusilə Taj Mahal kimi abidələr – bu gün də qlobal əhəmiyyətini qorumaqdadır.
Son onilliklərdə Babür tarixinin öyrənilməsi transregional və müqayisəli yanaşmalar çərçivəsində inkişaf etmiş, eyni zamanda ictimai diskursda bu imperiyanın irsi ilə bağlı müxtəlif və bəzən ziddiyyətli interpretasiyalar meydana çıxmışdır. Bu konfrans mövcud tarixşünaslıq yanaşmalarını yenidən nəzərdən keçirmək, yeni metodoloji istiqamətləri təşviq etmək və zəngin, lakin yetərincə araşdırılmamış arxiv materiallarının elmi dövriyyəyə cəlb olunmasını təşviq etmək məqsədi daşıyır.