1. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:
1.1. dissertasiyada müvafiq elm sahəsində böyük əhəmiyyət kəsb edən problemin yeni həlli təklif olunmalıdır;
1.2. böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilməlidir.
2. Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq, aşağıdakı tələblərdən birinə cavab verməlidir:
2.1. dissertasiya işi böyük əhəmiyyət kəsb edən yeni elmi problemin həllini təmin etməlidir;
2.2. dissertasiya işində müvafiq elm sahəsinin perspektiv inkişafı üçün mühüm elmi nailiyyət hesab edilə bilən əsaslandırılmış yeni nəzəri müddəalar irəli sürülməli və işlənib hazırlanmalıdır;
2.3. elmi‐texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, texniki‐iqtisadi cəhətdən əsaslandırılmış yeni texniki və texnoloji işləmələrin həlli verilməlidir.
3. Dissertasiya iddiaçının şəxsən özünün yazdığı və müdafiə üçün irəli sürdüyü elmi müddəaların və nəticələrin məcmusunu əhatə edən tamamlanmış elmi tədqiqat işidir.
4. Dissertasiyanın daxili vəhdəti olmalı, iddiaçının elmə verdiyi töhfəni əks etdirməlidir.
5. Dissertasiyanın məzmununda aşağıdakılar əks olunmalıdır:
5.1. tədqiqatın aktuallığı, predmeti, obyekti, məqsəd və vəzifələrinin müəyyən olunduğu elmi məsələnin (problemin) əsaslandırılmış qoyuluşu verilməlidir;
5.2. tədqiqat mövzusu üzrə elmi ədəbiyyatın, o cümlədən xarici elmi informasiya mənbələrinin analitik icmalı verilməlidir;
5.3. müdafiəyə çıxarılan elmi müddəalar dəqiq göstərilməlidir;
5.4. iddiaçının təklif etdiyi elmi yeniliklər ciddi əsaslandırılmalı, mövcud faktlarla və elmi baxışlarla müqayisədə tənqidi qiymətləndirilməlidir;
5.5. dissertasiyanın ayrı‐ayrı hissələri üzrə əldə edilmiş nəticələrin izahlı təqdimatı verilməlidir;
5.6. əsas elmi yenilikləri göstərməklə və onların əhəmiyyətini əsaslandırmaqla dissertasiyanın yekun nəticələri təqdim edilməlidir;
5.7. əldə edilmiş elmi nəticələrin istifadəsinə və tətbiqinə dair tövsiyələr verilməlidir;
5.8. tətbiqi əhəmiyyəti olan dissertasiyada iddiaçının aldığı elmi nəticələrin praktikada tətbiqi barədə məlumat, nəzəri əhəmiyyəti olan dissertasiyada isə elmi nəticələrin tətbiqi ilə əlaqədar tövsiyələr göstərilməlidir;
5.9. istifadə olunmuş ədəbiyyat siyahısı iddiaçının dissertasiyanın əsas nəticələrini əks etdirən nəşr olunmuş elmi əsərləri də daxil edilməklə verilməlidir.
6. İddiaçı özünün fəlsəfə doktoru dissertasiyasının ən çoxu beşdə bir hissəsindən elmlər doktoru dissertasiyasında istifadə edə bilər.
7. İddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsinə çıxardığı elmi müddəaları və nəticələri elmlər doktoru dissertasiyasının müdafiəsinə çıxara bilməz.
8. Fəlsəfə doktoru dissertasiyası A4 formatında, həcmi iki yüz – iki yüz qırx min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə), elmlər doktoru dissertasiyası A4 formatında, həcmi dörd yüz – dörd yüz qırx min işarə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna edilməklə) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi iyirmi faizədək artıq, dəqiq və təbiət elmləri üzrə iyirmi faizədək az ola bilər.
9. Dissertasiyanın yazılışı zamanı iddiaçı istifadə etdiyi materialların mənbələrinə və müəlliflərinə mütləq istinad etməlidir.
10. Kollektiv müəlliflərə mənsub elmi ideya və işləmələrdən istifadə olunursa, iddiaçı bu barədə dissertasiyada müvafiq qeyd etməlidir.
11. Dissertasiya Azərbaycan, ingilis və ya rus dillərində təqdim edilə bilər.
12. Dissertasiyanı iddiaçı, elmi rəhbər və ya elmi məsləhətçi imzalayır.
13. Dissertasiya Komissiyanın müəyyən etdiyi qaydada tərtib edilir.
14. Məzmununda dövlət sirri təşkil edən məlumatlar olan dissertasiyalara və onların avtoreferatlarına dair tələbləri Komissiya müəyyən edir.
15. Dissertasiyalar müdaəfiəyə qəbul olunduqda fəlsəfə doktoru dissertasiyaları üçün A5 formatında, otuz altı – qırx min işarə (əsərlərin siyahısı istisna edilməklə), elmlər doktoru dissertasiyaları üçün isə A5 formatında, yetmiş altı – səksən min işarə (əsərlərin siyahısı istisna edilməklə) həcmində avtoreferat çap edilir. Humanitar elmlər üzrə avtoreferatın həcmi bu həcmdən iyirmi faizədək artıq ola bilər.
16. Avtoreferatda dissertasiyanın strukturu saxlanılmaqla, onun əsas ideyaları və nəticələri şərh olunmalı, yenilik dərəcəsi və tədqiqat nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda iddiaçının şəxsi töhfəsi göstərilməlidir.
17. Avtoreferat Azərbaycan, ingilis və ya rus dillərində təqdim edilə bilər.
18. Avtoreferat Azərbaycan dilində yazıldıqda, onun Komissiyanın müəyyən etdiyi miqdarda (30‐dan çox olmamaqla) ingilis dilində nüsxələri çap edilir.
19. Avtoreferat ingilis dilində yazıldıqda, onun Komissiyanın müəyyən etdiyi miqdarda Azərbaycan dilində (30‐dan çox olmamaqla) nüsxələri çap edilir.
20. Avtoreferat rus dilində yazıldıqda, onun Komissiyanın müəyyən etdiyi miqdarda Azərbaycan və ingilis dillərində (hər biri üzrə 30‐dan çox olmamaqla) nüsxələri çap edilir.
21. Avtoreferatı dissertasiya şurasının sədri, elmi katibi və dissertasiya şurasının nəzdində yaradılmış elmi seminarın rəhbəri imzalayırlar.
22. Avtoreferat dissertasiyanın müdafiəsinə azı bir ay qalmış Komissiyanın müəyyən etdiyi siyahı üzrə zəruri ünvanlara göndərilməlidir.
23. Avtoreferat Komissiyanın müəyyən etdiyi qaydada tərtib edilir.