2016-ci il aprelin 1-də Xəzər Universitetinin Avropa Birliyi Araşdırmaları Mərkəzində ESFİDİP (Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması) layihəsi ilə bağlı iclas keçirildi. İclasda Xəzər Universitetinin rektoru Hassan Niknafs, Tədris işləri üzrə prorektor Məhəmməd Nuriyev, Təhsil işləri üzrə prorektor İsaxan İsaxanlı, İnkişaf direktoru Raziya İsayeva, Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Lyudmila Sotova, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov və dekan müavini Fuad Rəsulov, Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekan müavini Vəfa Aslanova, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov və dekan müavini Mələk Kərimova, Təhsil fakültəsinin dekan müavini Zərifə Əliyeva və Əlilliyi olan Tələbələr üçün Mərkəzin koordinatoru Rima Məmmədova iştirak etdilər. Görüş zamanı martın 16-da “Əlilliyi olan şəxslərin Azərbaycanın ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” (ESFIDIP) adlı Tempus layihəsi çərçivəsində Xəzər Universitetində əlilliyi olan tələbələrə dərs deyən və Xəzər Universitetində çalışan digər müəllim heyəti üçün həyata keçirilmiş təlim-seminar müzakirə olundu.
İclas zamanı ESFİDİP layihəsi çərçivəsində keçiriləcək olan daha iki təlim-seminar (inzibati işçilər və tələbələr üçün keçirələcək olan təlim-seminarlar) və Xəzər Universitetində əlilliyi olan tələbələrin universitet ərazisində maneəsiz hərəkət etmələri üçün binanın infrastrukturunda müəyyən dəyişikliklərin edilməsi də müzakirə olundu.
Daha sonra ESFİDİP layihəsinin meneceri və yerli tərəfdaşlar (Azərbaycan Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncə Dövlət Universiteti) arasında Skype vasitəsilə görüş təşkil olundu. Görüş zamanı tərəfdaş universitetlərdə dərs deyən müəllim heyəti, inzibati işçi və tələbələr üçün təşkil olunmuş və təşkil olunacaq təlim-seminarlar haqqında müzakirələr keçirildi. Universitetlər həyata keçidikləri təlim-seminar haqqında bir-birilərinə hesabat verdilər və gələcək təlim-seminar haqqında planlarından danışdılar.