Martın 11-də universitetin Mərmər salonunda tədris işləri üzrə prorektor, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi, professor Məhəmməd Nuriyevin 70 illik yubileyi münasibətilə mərasim keçirildi. Aparıcılar – Məzunlarla iş mərkəzinin müdiri Baba Bayramlı və universitetin doktorant tələbəsi Marta Lauri mərasimi açaraq, M. Nuriyevin fəaliyyəti haqqında məlumat verdilər. Universitetin Multimedia mərkəzinin yubilyar haqqında hazırladığı slayd-şou nümayiş etdirildi.
Universitetin İdarəetmə və tələbə işləri üzrə prorektoru İsaxan İsaxanlı M. Nuriyevə universitet kollektivi adından təbrrik məktubunu oxudu və məktubla birlikdə ona gül dəstəsi təqdim etdi.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, rektor Hassan Niknafs çıxış edərək, M. Nuriyevin universitetdəki 20 illik fəaliyyətini yüksək qiymətləndirdilər, onun görkəmli təhsil təşkilatçısı və elm xadimi, tələbkar rəhbər, səmimi və ədalətli həmkar olduğunu qeyd etdilər, ona gələcək fəaliyyətində uğurlar arzuladılar.
İnstitutsional araşdırmalar mərkəzinin direktoru, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi Rafiq Əhmədov, İqtisadiyyat və menecment fakültəsinin dekanı İnqilab Əhmədov, Humanitar və sosial elmlər fakültəsinin dekanı Cabir Xəlilov, Təhsil fakültəsinin dekanı Elza Səmədova, Xəzər Universitetinin Avrasiya və Orta Şərq Araşdırmaları mərkəzinin müdiri Fərda Əsədov, İngilis dili və ədəbiyyatı departamentinin baş müəllimi, Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi Firəngiz Nəsirova çıxış edərək, yubilyar haqqında xoş sözlər söylədilər.
Təhsil fakültəsinin təşəbbüsü ilə tədbir zamanı yubilyar haqqında eksklüziv sorğu keçirildi. Sorğunun nəticələrini fakültənin tədris işləri üzrə dekan müavini Zərifə Əliyeva elan etdi. Yubilyara fakülə adından hədiyyə də təqdim olundu.
Tədbirin sonunda M. Nuriyev çıxış edərək, mərasimin təşkilinə gğrə universitet rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirdi.
Mərasim Musiqi və incəsənət departamentinin hazırladığı konsert proqramı ilə müşayiət olundu.
Təbrik məktubu
Əziz Məhəmməd müəllim!
Xəzər Universiteti kollektivi adından Sizi 70 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm çansağlığı, uzun ömür, fəaliyyətinizdə uğurlar arzulayıram.
Siz riyazi üsullar əsasında istehsalın idarəolunması və modelləşdirilməsi üzrə görkəmli mütəxəssis kimi tanınmısınız. Siz bütün həyatınızı gənclərin savadlı, geniş dünyagörüşlü mütəxəssislər kimi yetişməsinə həsr etmiş pedaqoq, təhsil təşkilatçısı, elm xadimisiniz, diqqətli, qayğıkeş insan və ailə başçısısınız.
Siz ömrünüzün 30 ildən çox bir dövrünü Azərbaycanın nüfuzlu təhsil və elm ocaqlarından sayılan Azərbaycan Neft və Kimya İnstitutunda keçirmisiniz. Burada ali təhsil almiş, elmlər namizədi, elmlər doktoru elmi dərəcəsi, dosent və professor elmi adıları almısınız. Bütün bu illər ərzində müntəzəm pedaqoji fəaliyyətlə məşğul olmuş, elmi axtarışlar aparmısınız, çoxsaylı elmi əsərlər, dərs vəsaitləri, monoqrafiyalar müəllifisiniz.
Əziz Məhəmməd müəllim!
Siz 20 ildir ki, Xəzər Universitetində çalışırsınız. Professor kimi müəllimlikdən başlayıb qısa zaman ərzində dapartment müdiri, dekan və prorektor vəzifəsinə yüksəlmisiniz. Uzun müddətdir ki, universitetin prorektoru kimi elm və tədris işlərinə rəhbərlik edirsiniz; tədris prosesinin səmərəli təşkili və keyfiyyətinin yüksəldilməsi yolunda gərgin əmək sərf edirsiniz, universitetin təhsil siyasətinin uğurla həyat keçirilməsində xidmətləriniz danılmazdır.
Bütün bu müddət ərzində Siz Xəzər universitetinin prinsip və ideallarına vicdanla əməl etmisiniz. Universitet kollektivi Sizi görkəmli elm adamı, işgüzar təşkilatçı və tələbkar rəhbər, səmimi və ədalətli həmkar kimi tanıyır və sevir. Əminik ki, Siz bundan sonra da, uzun illər Xəzər Universitetində çalışacaq, onun daha geniş miqyasda tanınması və şöhrətlənməsinə layiqli töhfənizi verəcəksiniz.
Xəzər Universitəsi kollektivi adından
_________________
Prof. Hamlet İsaxanlı 11 aprel 2016-cı il