Xəzər Universitetinin İngilis dili və ədəbiyyatı departamenti və Təlim-tədris Mərkəzi 2021-ci il fevralın 19-da “Akademik diskursun sosial təbiəti” mövzusunda virtual vebinar təşkil etmişdir. Universitetin İranın Marağa Azad Universitetindən olan qonaq professoru Davud Kuhi əvvəllər də Xəzər Universitetində ənənəvi qaydada bir sıra seminarlar keçirib.
Həm Xəzər Universitetindən, həm də digər ali təhsil ocaqlarından çox sayda tədqiqatçı, müəllim, doktorant və magistr tələbələrinin qatıldığı təqdimat akademik ünsiyyətin bəzi sosial-mədəni cəhətlərini araşdırmağa yönəlmişdi.
Qonaq natiq öz mühazirəsinə müəyyən sabit elmi paradiqmaların və sosial-konstruktivist paradiqma dəyişikliyinin təməl fərziyyələrinin müzakirəsi ilə başladı. Mühazirə akademik, elmi diskurs üzrə anlayışın son elmi paradiqmalardan necə təsirlənməsinin bəzi cəhətlərinin müzakirəsi ilə davam etdi. Təqdimat çərçivəsində Davud Kuhi elmi, akademik və digər diskurslar arasındakı təməl rolunu oynayan diskursun müəyyən cəhətlərinin aydın şəkildə izah olunduğu konseptual model təklifini irəli sürdü. Mühazirə vebseminar iştirakçılarının sualları, şərhləri və təklifləri ilə başa çatdı.