Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elan edərək keçirdiyi “Elm-Təhsil-Sənaye” məqsədli qrant müsabiqəsi (EİF/MQM/ETS-1-2020-1(35)) üzrə maliyyələşdirilmə üçün qalib layihələrin siyahısı elan olunmuşdur.
Xəzər Universitetindən Baytarlıq Elmi-Tədqiqat İnstitutu ilə birgə təqdim olunmuş "Qarabağ və Dilbaz at cinslərinin genom profilinin tədqiqi: Genetik markerlərin, allel variasiyalarının aşkar edilməsi və seleksiyada istifadəsi" layihəsi qalib layihələr arasındadır.
Layihənin obyektləri: Qarabağ Atçılıq Kompleksi və Dilbaz Atçılıq Təsərrüfatı.
Cəlb ediləcək mütəxəssislər: Xəzər Universiteti, Azərbaycan Atçılıq Federasiyası, Baytarlıq Elmi-Tədqiqat İnstitutu və Almaniyanın “Eurofins Genomics” laboratoriyasının mütəxəssisləri.
Layihənin əsas elmi ideyası Qarabağ və Dilbaz atlarının kompleks şəkildə fenotipik və genetik tədqiqi ilə onları səciyyələndirən genlərin və allel variasiyalarının müəyyənləşdirilməsi və əhəmiyyətli fenotipik əlamətlərlə genlər (allellər) arasında assosiasiyaların aşkar edilməsi ilə cinslərin genofondunun qorunmasının təmini, habelə seleksiya və yaxşılaşdırma işlərinin effektivliyinin genom məlumatlarına dayanaraq artırılmasından ibarətdir.
Dünyada ilk dəfə Qarabağ və Dilbaz atlarının genomu sekvens olunacaqdır. Cinsə xas dəyərli əlamətləri idarə edən genlər və ya allellər aşkar olunacaq, tək nukleotid polimorfizmi kataloqu yaradılacaq. Elmi nailiyyətlər Qarabağ Atçılıq Kompleksində və Dilbaz Atçılıq Təsərrüfatında tətbiq ediləcəkdir. Yaradılan və molekulyar bioloji məlumatları özündə cəmləşdirən Elektron Məlumatlar Bazası, gələcək onilliklər ərzində damazlıq seleksiya planının tətbiqi üçün bu təsərrüfatlara xidmət edəcəkdir. Bu elektron verilənlər bazası adi smartfonlarda işləyə biləcək. Bu təsərrüfatlarda ilk dəfə heyvanların identifikasiyası elektron çiplərdən istifadə edilərək həyata keçiriləcəkdir. Bu, daha dəqiq və düzgün qeydiyyata imkan verəcəkdir. Ümumiyyətlə, bu sistemlər Azərbaycanda ilk dəfə "ağıllı tövlə" modelinin yaradılması üçün başlanğıc nöqtəsi olacaqdır.
Layihənin icra müddəti 24 aydır.