2020-ci il dekabrın 28-də Xəzər Universiteti İngiltərənin Middlesex Universiteti ilə birlikdə Creative Spark layihəsi çərçivəsində virtual seminar keçirdi. “Sahibkarlıqda qadınlar - çətinliklər və imkanlar” adı altında keçirilən ilk seminarın qonağı Günay Kazımzadə idi.
Qeyd edək ki, o, Almaniyanın Berlin şəhərində yerləşən Weizenbaum İnstitutunda Süni Zəka üzrə PhD tədqiqatçıdır. Günay Kazımzadə, eyni zamanda, Berlin Texniki Universitetində Kompüter elmləri üzrə doktorantdır və hal-hazırda “Süni Zəkaya əsaslanan sistemlərin kritikliyi” Araşdırma Qrupu ilə işləyir. Hal-hazırda inkişaf etməkdə olan texnologiya sahəsində bilik mübadiləsi məqsədi daşıyan “TechCentrum” sosial platformasını idarə edir.
MS TEAMS proqramı vasitəsilə baş tutan tədbir İnkişaf mərkəzinin direktoru Raziyə İsayevanın giriş sözü ilə başladı. O, seminarın mövzusu haqqında məlumat verdi. Sonra Günay Kazımzadə öz karyera yolundan danışdı. O, yaxşı sahibkar olmaq üçün nə etməli, hansı bilik bacarıqlar əldə etməli mövzusunda öz təcrübəsini bölüşdü.
Bundan sonra iştirakçılar öz suallarını ünvanladılar. Qadınların sahibkarlıqda qarşılaşdığı çətinliklər və həll yolları müzakirə olundu.
Seminarda Xəzər Universitetinin tələbə və əməkdaşları ilə yanaşı, İngiltərənin Middlesex Universitetinin və Gəncə Dövlət Universitetinin tələbələri və nümayəndələri iştirak edirdilər.